Xəyalə Sevilin Əkbər Qoşalı ilə müsahibəsi
20 Avqust 16:28 Müsahibə"Zərif kölgələr"in növbəti müsahibi şair-publisist, Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalıdır.
1. Qadın-kişi bərabərliyi bərpa olunduqca balans pozulur, elə bil. Əksər kişilərdə dişil enerji, qadınlarda eril enerji yaranıb. Sizcə, qadın, kişi bərabər olmalıdırmı?
- Doğrusu, bu və bənzəri suallar toplumda o qədər çək-çevir edilib, elə bil, deyilməli ən vacib sözlər artıq deyilib. Dini, elmi baxımdan, qadın, kişi fərqi apaydın bəllidir; qalır, milli və beynəlxalq baxış - onlar da zatən ya dini, ya elmi əydəmlidir. Bizdə bu mövzuya baxış da, digər əməli çalışma sahələri kimi, sanki bayrağımızın rənglər qurultayınca çözümlənir. - Yəni milli, çağdaş, dünyavi və dini baxış bir arada toplanıb. Milli deyərkən, örnəyi, Dədəm Qorqudun dastanınca qadına baxışa əsaslanan yanaşmanı göz önündə tuta bilərik. "Bayandır Xandan buyruq belədir: oğlu olanı ağ, qızı olanı qırmızı... çadıra yerləşdirin" kimi...
Üstəlik, biz Türk-İslam Gündoğarında ilk Cümhuriyyəti qurmuş, qadınlara seçmək-seçilmək haqqını 106 il öncədən - bəzi Avropa dövlətlərindən qabaq tanımış dövlətik. Yəni bu, bizimçün elə də yeni mövzu sayılmaz.
Qaldı, enerji yaranışına - sizin sualınıza görə, enerji pozulmasına, o, yəqin bir çox məsələdən asılıdır. Bəlkə, buna sosioloji araşdırma ocaqları diqqət etməlidir: elə bir qayğı varmı, yoxmu? Varsa, hansı dərəcədədir və nə etməli?
Bilirsiz, İKT-nin gətirdiyi qayğıları, orta məktəblərdə qadın öyrətmənlərin aşırı dərəcədə çoxluğunu və s. də unutmamalıyıq. Necə deyərlər, "dama-dama göl olar"...
2. Auster deyir ki, kiminin sevdiyi var, kiminin sevgilisi. Yəni bütöv təklikmi yaxşıdı, boş çoxluqmu?
- Açığı, hər deyilən sözə - o söz aforizmə çevrilsə də, fəlsəfi fikir olsa da, qatılmaq, razılaşmaq öhdəliyimiz yoxdur.)
Bütün hallarda, bütöv kimi bütöv yaxşıdır, əlbəttə; əlbəttə, "iki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha"... - Ustad Söhrab Tahirin ruhu şad, sizin gününüz ağ olsun!
3. Gözəl bir fikriniz var: Sevgi məsuliyyətdir! Bəs məsuliyyətsiz adam sevə bilərmi, yoxsa sevirsə, bu missiyanı könüllü öz üzərinə götürür?
- Eləmi demişəm? - əla demişəm.)
Məsuliyyət - bilirsiz nə anlamda? - bax, bir xanımı ümidli eləmək, necə deyərlər, yolun yarısında qoymaq ədəbdən, ərdəmlilikdən deyil. Onun nələr çəkdiyini düşünmək zorundasan. Sevgi və zorundalıq bir aradadırsa, onda da məsuliyyət kateqoriyası işə düşür...
4. Sevgini nə başladır, nə bitirir?
- Başladığını bilmirəm, bitişi bir çox hadisəyə bağlı ola bilər. Adama, mühitə, mədəniyyət iqliminə və s. görə dəyişik olar o bitiş...
Vaqif İbrahimoğlu demiş, amma, ancaq və lakin sevgi bitirmi bəyəm?..
5. Yalnızlıq bir az da azadlıqdır?
- "İstəmirəm azadlığı zərrə-zərrə, qram-qram"...- Ulutürkü sayğılarla anıram; qoy, onun bu ünlü misrası azadlığın "bir azca"sını qəbul etmədiyimin açıqlaması olsun!
6. Keçmişin nə qədərini düşünürsünüz? Zövq aldığınız qədərini, ya xiffət etdiyiniz qədərini?
- Gəlin "vəhdəti-vücud" deyək o xatirata... - Zövqü-səfasını da, cəfasını, xiffətini də bir arada tutalım... Zövq olmayıbsa, xiffət hardan yaranar?..
7. Geriyə baxıb nəyi anlamısız?
- Xalq yazıçısı İlyas Əfəndiyev "Geriyə baxma, qoca" deyə bir əsər yazmışdı - sanki ad özü əsərin içəriyinə bərabərdir; biz hələ qocalmamışıq, bəlkə geriyə baxmağımızın da sakıncası olmaz; bununla belə, seçəsi olsam, geriyə yox, gələcəyə baxmağı seçərəm...
Anlayışa gəldikdə isə... gəl onu gələcəyin vicdanına buraxaq...
8. Cəsur olmaq, yoxsa zamana buraxmaq, axarına buraxmaq yaxşıdı?
- Cəsur olmaq - şair demiş, "nə gözəl səslənir bu söz"! - Bəlkə axarına buraxmaq da cəsurluq əlamətidir?.. Lütfizadə məntiqiylə yanaşsaq, cəsurluqla zamanlama, axarına buraxmaq arasında bir bağ qurmaq olar, sanıram. Yəni, dualist fəlsəfi baxış illa təzad yaradardı, qoy, uhulət-suhulət mexanizmi işləsin və Lütfizadə məntiqi cəsurluğa baxışda da doğrulsun...
9. Dünya qazananları sevir. Sizin ən böyük qazancınız nədi?
- Baxır, qazanc deyəndə nəyi göz önündə tuturuq.
Getsin, gəlməsin, baştutmamış Ermənistan dövləti havadarlarının hərtərəfli, uzunmüddətli dəstəyiylə bizim torpaqları üç on il boyunca işğal altda saxladı, taladı - yekunda nə qazanmış oldu? Hə, bizi geri saldı, amma özü də geridən geri düşmədimi? Bəli, qələbəyə yiyə çıxan çox olar, uduzanın isə məsuliyyətini bölüşən az tapılar...
Əsl qazanan - ədalətli qazanandır;
Tanrının, yaradılışın tərsində inad etməyəndir qazanan. Gərək kainatın ruhunu zədələməyəsən, insanlığın fitrətini pozmayasan - bax, o zaman qazanclısan.
Mənim şəxsi planda ən böyük qazancım şəxsiyyətli balalarımdır;
milli planda ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etməyimizdir;
ölkəaşırı miqyasda isə Türk Dövlətləri Təşkilatının yaradılmasını və Türk Dövlətləri Birliyi yoluna çıxmağımızı taleyin ən böyük lütfü, Turan qazancı, ömür qazancı olaraq qəbul edirəm.
10. Etdiyimiz pisliklərin suçlusuyuq, bəs etmədiyimiz yaxşılıqların?
- Bu sualınıza şeirlə cavab versəm olarmı?
Nə zamansa işim qalıb çətinlərdən çətində,
Göz görəsi qəm qarışıb ən sonuncu ümidə,
Təvəkkül eyləmişəm...
Olmadığım ürəklərin boylanmadım gözünə...
Güzgüyə də baxmadım heç -
baxdım dostun sözünə...
Təvafüq eyləmişəm.
Qırıx cama su tökmürəm yaş keçəndən qırxları,
"Bu dünyaya ağır gələr bir qırıq qəlb hesabı" -
Tərənnüm eyləmişəm...
Coşan dəniz, yatan sahil... qarışqaynan balığı
bir-birinə ruzi qılıb... - nədi başa saldığı?.. -
Təfəkkür eyləmişəm...
Bir köklücə yaşıl ağac budaq-budaq quruyub,
Kölgəsində böyüyənlər, çıxıb gedib, unudub...
Təəssüf eyləmişəm...
Əzəl başdan bir sevdiyi olmalıdı insanın...
Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...
Tərəddüd eyləmişəm...
İnsanoğlu, çiyinlərin iki günə yarayar:
Dərdli başa yastıq olar, bir də tabut daşıyar...
Təsadüf eyləmişəm...
Nə ki yaxşılıq etmişəm - unutmuşam, çox şükür,
Nə yaxşılıq görmüşəmsə - yaddaşımda qorunur...
Tədarük eyləmişəm...