Azərbaycan kinosunun bu günü və sabahı: Yaradıcı baxış bucağından baxış
19:16 MədəniyyətSon illər Azərbaycan kinosunda müşahidə olunan yenilənmə və canlanma prosesi diqqətçəkici hal alıb. Ənənəvi mövzulardan uzaqlaşaraq, sosial reallıqları, fərdi həyat hekayələrini və aktual problemləri işıqlandıran filmlər artmağa başlayıb. Bu dəyişikliklərin fonunda, yeni nəsil tamaşaçılar formalaşır və onlar artıq daha seçici, daha tələbkar, daha qlobal zövqlərə sahibdirlər. Kino sahəsinin inkişafı təkcə texniki təkmilləşmə ilə deyil, həm də yaradıcı yanaşmalarla mümkün olur. Bu yaradıcı yanaşmaların mərkəzində isə rejissorlar dayanır. Onlar həm sənətin ruhunu yaşatmalı, həm də cəmiyyətin nəbzini tutmağı bacarmalıdırlar.
Azərbaycan kinosu uzun illər sovet kinematoqrafiyası ilə paralel inkişaf edib. O dövrdə çəkilən filmlər bu gün də klassik dəyərini qoruyur. Lakin müasir dövrdə kino sənayesi yeni çağırışlarla üz-üzədir: rəqəmsal texnologiyaların təsiri, tamaşaçı zövqündəki dəyişikliklər, mövzu azadlığı və bazar iqtisadiyyatı ilə ayaqlaşmaq zərurəti. Bu çağırışlar isə istər gənc rejissorların, istərsə də peşəkar sənətkarların fəaliyyətinə birbaşa təsir edir.
Bu baxımdan, müasir dövrdə kino təkcə bir sənət növü deyil, həm də sosial platformadır. O, cəmiyyətin gündəlik həyatını, psixoloji vəziyyətini, ictimai münasibətlərini vizual dillə təqdim edir. Sosial mediada geniş auditoriyaya çıxan yerli filmlər artıq kinoteatrlardan daha çox izlənilir. "YouTube" kimi platformalar gənc yaradıcıların öz işlərini sərbəst şəkildə təqdim etmələrinə imkan yaradır.
Müsahibimiz ssenarist və rejissor Elvin Rüstəmzadə də məhz bu dəyişikliklərin içində olan, müasir Azərbaycan kinosuna fərqli yanaşma gətirməyə çalışan şəxslərdəndir. Elvin bəylə kino sahəsinin ümumi mənzərəsinə, yeni nəsil rejissorların rolu və tamaşaçı zövqünün dəyişimi haqqında söhbət etdik.
- Elvin bəy, müasir Azərbaycan filmlərində inkişaf etdirilə biləcək sahələr hansılardır? Sizcə, ssenari, aktyor oyunu və ya texniki tərəflərdən hansı daha çox diqqət tələb edir?
- Ümumiyyətlə, incəsənət sahələri bir-biri ilə sıx əlaqəlidir. Kino sənəti isə demək olar ki, incəsənətin bütün sahələri ilə vəhdət təşkil edir. Məsələn, bir ədəbiyyat nümunəsindən bəhrələnərək yaxşı ssenari yazmaq mümkündür. Yaxud da keyfiyyətli musiqilər dinləyərək gələcəkdə daha peşəkar və zövqlü bir bəstəkar olmaq olar. Dünyaca məşhur rəssamların əsərləri ilə yaxından maraqlansan, onları davamlı izləyib müşahidə etsən, bu, istər-istəməz səhnənin vizual baxışına təsir edəcək və kinooperator kimi zövqünü formalaşdıracaq. Bu kimi nümunələr çoxdur.
Qaldı ki, nə daha çox təsir edir? Sadaladığınız hər şey. Kino - komanda işidir. Rejissor, ssenarist, aktyor, rəssam, operator, bəstəkar və texniki heyət - hamısı bir amal üçün çalışır: "Yaxşı kino çəkmək!" Ən azından niyyət bu olmalıdır.
- Rejissor kimi sizin fikrinizcə, Azərbaycan tamaşaçısının kino zövqü son illərdə necə dəyişib? Bu dəyişikliklər sizə yeni layihələrə yanaşmada ilham verirmi?
- Tamaşaçı zövqü bir ara tamamilə korlanmışdı. Amma son 5-6 il ərzində irəliləyiş müşahidə olunur. Bəzi keyfiyyətli filmlər və seriallar çəkildi. Bilirsiniz, zövqlü gənclərimiz çoxdur. Onlar daha çox xarici film və seriallar izləyirlər. Bu da onların zövqünə ciddi təsir edir və nəticədə milli kinomuzdan nə istədiklərini artıq çox yaxşı bilirlər. Və əlbəttə, bu hal biz kino adamlarına ilham verir.
"Vətəndaş A"nı çəkəndə mən tamaşaçıya inanırdım. Serial yayımlanmamışdan əvvəl universitetlərdə görüşlər keçirirdik. Gənclərin serial barədə fikirləri və yanaşmaları çox maraqlı idi. Elə məhz o gənclər üçün dayanmaq olmaz, çəkmək lazımdır!
- Sizcə, Azərbaycan filmləri cəmiyyətin gündəlik həyatını və sosial reallıqlarını tamaşaçıya nə dərəcədə çatdıra bilir?
- Sosial mövzularda çəkilən filmlərin kifayət qədər tamaşaçısı var. Düzdür, bu tip filmlər hələ ki, kinoteatrlarda yüksək effekt vermir. Amma televiziya kanallarında və sosial mediada, xüsusən də "YouTube" platformasında geniş izlənir.
- Yeni nəsil rejissorların mövzu seçimlərinə necə baxırsınız? Onların fərqli yanaşma və cəsarətli mövzularda işləmək istəyi sənayemizə hansı dəyərləri qazandıra bilər?
- Əvvəlcə onu deyim ki, yaradıcı insana mövzu məhdudiyyəti qoymaq düzgün deyil. Sənətçi mövzu seçimində azad olmalıdır. Qaldı ki, hansı mövzu sənayemizi inkişaf etdirə bilər? Konkret olaraq belə bir mövzu yoxdur. İstənilən mövzuda yaxşı film istehsal edərək sənayemizə töhfə vermək mümkündür. Əsas odur ki, sən həmin mövzuya fərqli və uğurlu yanaşma sərgiləyəsən.
-Gənc rejissor olaraq, sizcə, gənc rejissorların inkişafı və yaradıcılıqlarının dəstəklənməsi üçün hazırda hansı imkanlar mövcuddur? Gələcəkdə bu sahədə hansı təşəbbüslər vacib ola bilər?
- Hazırda kinoya ən çox dəstəyi dövlət verir - sağ olsun. Amma hər kəs bilir ki, bu vəziyyət uzun müddət belə davam edə bilməz. Kino sənayesi öz iqtisadiyyatını formalaşdırmalıdır. Biz tamaşaçıya Azərbaycan kinosunu daha çox sevdirməliyik. Belə olduqda dolayısı ilə sponsorlara da kinomuzu sevdirmiş oluruq. Özəl şirkətlər Azərbaycan kinosuna investisiya qoymaqda maraqlı olmalıdırlar.
Bununla yanaşı, müasir dünya kinosunu yaxşı tanıyan prodüserlər yetişməlidir. Bu halda gənclər daha aktiv olacaqlar. Çünki onların ideyalarını maliyyələşdirmək istəyən şəxslər ortaya çıxacaq. Beləcə daha çox film çəkiləcək! Daha çox təcrübə qazanılacaq! Daha yaxşı keyfiyyət əldə olunacaq!
xxx
Müsahibədən aydın olur ki, Azərbaycan kinosu artıq sadəcə əyləncə və ya klassik süjetlərin təkrarlandığı bir sahə deyil. Bu sənət forması getdikcə daha çox ictimai məsələlərin, fərdi hekayələrin və cəmiyyətin dərin qatlarında gizlənən reallıqların üzə çıxarılmasında mühüm vasitəyə çevrilir. Rejissorun da qeyd etdiyi kimi, kino - kollektiv əməkdir. Bu, bir nəfərin deyil, bir çox yaradıcı insanın bir araya gələrək ortaya qoyduğu sənət məhsuludur. Burada ssenaristdən aktyora, bəstəkardan operatora, prodüserdən texniki heyətə qədər hər kəsin əməyinin rolu böyükdür. Amma bu əmək yalnız zamanın nəbzini tutan, mövzuya fərqli və estetik yanaşma gətirə bilən rejissor baxışı ilə tamamlandıqda tamaşaçı ilə emosional bağ qurur. Tamaşaçı zövqünün son illərdə dəyişməsi, gənclərin xarici kino ilə daha yaxından tanış olması, onların estetik gözləntilərinin artmasına səbəb olub. Bu isə öz növbəsində yerli kino sənayesinə həm məsuliyyət, həm də böyük imkanlar yükləyir. Məhz bu səbəbdəndir ki, rejissorlarımız öz filmlərində daha çox sosial problemlərə toxunur, real həyat hadisələrini və insan psixologiyasını əks etdirirlər. Tamaşaçı bu filmlərdə özünü görmək, öz hisslərinə və düşüncələrinə güzgü tutmaq istəyir. Gənc rejissorların yeni baxış bucaqları, cəsarətli mövzu seçimləri, fərqli estetika axtarışları Azərbaycan kino sənayesinin gələcəyi üçün ümidvericidir. Lakin bu inkişaf üçün təkcə istedad kifayət deyil. Güclü prodüser məktəbi, dayanıqlı maliyyə dəstəyi, geniş yayım imkanları və ən əsası, tamaşaçı ilə dialoq vacibdir. Müsahibənin də əsas qayəsi bu idi: sənətə sadəcə sevgi ilə deyil, eyni zamanda məsuliyyətlə yanaşmaq.
Nəticə olaraq, Azərbaycan kinosunun bugünkü durumu bir keçid mərhələsini xatırladır - köhnə ilə yeninin, ənənə ilə çağdaşlığın arasında bəzən gərgin, bəzən də harmonik bir əlaqə. Bu keçid dövründə hər yeni səs, hər fərqli baxış, hər cəsarətli addım daha böyük bir dəyişikliyin xəbərçisidir. Əsas məsələ bu dəyişiklikləri dəstəkləmək, inkişaf etdirmək və onları davamlı etməkdir. Çünki yaxşı kino təkcə sənət deyil - həm də zamanın yaddaşıdır.
Səidə Ramazanova