“Gənc yazarlar arasında favoritim yoxdur” - MÜSAHİBƏ
“Bəzən mənə elə gəlir ki, insanlar o qədər maddiyyatda itib-batırlar ki, bəzi milli və mənəvi dəyərləri görmürlər”
5 Sentyabr 2013 16:34 MədəniyyətMüsahibimiz Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin sədri, şair Sayman Aruzdur.
- Sayman bəy, son zamanlarda tez-tez sosial şəbəkələrdə Urmiya gölü ilə bağlı statuslar yazırsınız, fotoşəkillər paylaşırsınız. Bizə o gölün ətrafında keçirdiyiniz uşaqlıq xatirələrindən danışardınız.
- Urmiya gölü uşaqlıq xatirələrimi içində gizlədən böyük kitabın adıdır. Velosipedlərə minərdik, çörək-pendirimizi götürüb gölə gedərdik. Axşama kimi orada yeyib-içib qayğısız əylənərdik. Günəş batmağa doğru əyiləndə velosipedlərimizə əyləşib danışa-gülə evə qayıdardıq. Uşaqlığımızın bütün yay fəsli göl sahillərində, gəncliyimizin qayğısız günləri dağlarda, adalarda keçib. Cənubi Azərbaycan deyəndə Urmiya gölü ilk düşüncələrimizə gələn təsəvvürün adıdır. Mənim onunla bağlı saysız-hesabsız xatirələrim var. Urmiya köhnə dostlarımı birləşdirən zəncir idi. Həmin dostların heç biri indi yoxdur, çoxusu rəhmətə gedib, yarısı da evlənib. Əlaqələrimiz tamam itib. Həmin illərin yeganə xatirəsi isə Urmiyadır.
- İndi arxamıza döndüyümüzdə nə görəcəyik?
- Urmiya gölünün 70%-i quruyub. Çox insanın uşaqlıq xatirəsi göllə birlikdə tarixə çevrilir, məhv olur. Əvvəllər Urmiya və Sulduzda üç-dörd erməni, kürd ailəsinə rast gələrdin, ya gəlməzdin. İndisə həmin yerlərdə gəzəndə qabağına başqa millətlərdən olan çoxlu insanlar çıxır. Bunlar bizi qorxudur. Güney Azərbaycanın Qərbi böyük təhlükələrlə üz-üzədir. Soydaşlarımız Sulduz, Maku, Urmiya və Azərbaycanın digər yerlərində kürd və ermənilərin hücumlarına məruz qalırlar. Qeyri-millətlər Azərbaycan türklərinə qarşı hədsiz dərəcədə aqressivdirlər. Belə getsə, Güney Azərbaycan Qərb hissəsi orada yaşayan soydaşlarımız üçün ikinci Qarabağ olacaq. Urmiya gölü neçə illərdir qurumağa doğru gedir. Gölün qurumasının qarşısını almaq üçün işlər görürük. Amma səsimizi lazım olan yerlərə çatdıra bilmirik. Misir və Suriyada baş verən proseslər buna imkan vermir. Dünya güclərinin diqqəti Yaxın Şərqə dikildiyindən Urmiya gölü tamam yaddan çıxarılıb. Ziyalılarımızın və hər birimizin üzərinə düşən əsas vəzifə bu məsələni beynəlxalq səviyyədə qabartmaqdır. Bununla Urmiyanı xilas edə bilərik.
- Bəy, adətən şair və yazıçılarla söhbətdə, yaradıcılıq məsələləri barədə sona yaxın sual verilir. Gəlin, bu ənənəni elə burada pozağın.
- Özümü tanıyandan yazıram. Yaxşı yadımdadır, 10-12 yaşım olanda yüz vərəqəlik dəftərə yazdığım şeirlərimi oxuması üçün aparıb ədəbiyyat müəllimimə verdim. O, indi də yaşayır, onu çox sevirəm. Məni Azərbaycan ədəbiyyatı ilə müəllimim tanış edib. Oxuyub qurtarandan sonra dəftərimi yazı masasının üzərinə qoymuşdu. Birdən mənə kinayə ilə və gülə-gülə dedi ki: "Oğlum, gəl "Divan"ını götür". Bir şeirimi redaktə eləmişdi. Bir sətirlik şeirdə 18 dəfə vergül işlətmişdim. Gülə-gülə məndən soruşdu ki: "Bu qədər vergülü neynirsən? Hisslərinə çox qapanma?". Yazıda çoxlu vergül işlətmək, o insanın hisslərinə çox qapanması deməkdir. Bir müddət fars dilində yazdım. İranda hekayə və şeir müsabiqəsində birinci yeri tutmuşdum. Təhsilim fars dilində olduğu üçün uzun illər fars ədəbiyyatı ilə məşğul olmuşam. Azərbaycan ədəbiyyatı ilə uşaqlıqdan tanışdım. Son 10 ildə isə ciddi şəkildə Azərbaycan dilində yazıram və bu illər ərzində bir cümlə belə fars dilinə müraciət etməmişəm. Hərdən o dildə məktub yazmaq istəyəndə görürəm ki, fars dilini tamam yadımdan çıxarmışam. Televiziyada farsca söz eşidəndə başa düşürəm ki, mən artıq bu dili ilə biganələşmişəm. "Sükut kimi sakit", "Barışıq xətabələri" adlı şeirlər kitabım Güney Azərbaycanda, "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq" kitablarım isə Bakıda işıq üzü görüb. "100 il İnqilab" romanının ilk cildi burada çap olunub. İnşallah ikinci cildini payızda nəşr etdirməyi fikirləşirəm. Hekayələr toplusunu çapa hazırlayıram. Bakıda son beş ildə başıma gələn hadisələr haqqında roman-xatirəm var. "100 il inqilab" kitabım Milli Kitab Mükafatında ilk səkkizliyə düşdü. Müəyyən şeylər olmasaydı, birinci yerə çıxacaqdı. İnternet səsvermədə mən müsabiqədə Zakir Sadatlıdan sonra dirilər içərində birinci idim. Münsiflər heyətinin verdiyi ballara əsasən ən azı dörd yerdən birini tuta bilərdim. Kitabın birinci cildi oxucular tərəfindən çox bəyənildi. Hətta bir çox yerlərdən dostlar gecənin yarısı zəng edib, kitab barəsində deyib ağlayırdılar. Ona görə də kitabın ikinci cildini çap etmək qərarını qətiləşdirdim.
- Şeirlərinizin birində deyirsiniz ki: "Bakı, yaman gündəsən,
Səndə yaşamaq olmur". Fikirlərinizi nə ilə izah edərdiniz, köhnə ilə yeni Bakı arasında fərq yəni bu qədərmi dəyişib?
- Bakı mənə o qədər doğmadır ki, onu doğulduğum şəhərdən - Sulduzdan heç ayıra bilmərəm. Bilirsiniz ki, bəzən şeirdə sətiraltı tənqidlər və bir növ şairanə baxışlar da olur. Mən daha çox şəhərimizin mənəvi ab-havasından şikayət edirəm. Bəzən mənə elə gəlir ki, insanlar o qədər maddiyyatda itib-batırlar ki, bəzi milli və mənəvi dəyərləri görmürlər. Misal olaraq, Güney məsələsini deyə bilərəm. Güney Azərbaycan amili olduqca həssas və vacib mövzudur. Hərdən elə hiss edirəm ki, o bir çox vaxtlar sanki unudulur.
- Deyirlər ki, yaradıcı insanları yazmağa tələsdirən səbəblər var. Sizi ora nə aparır?
- Yazmağa heç vaxt səbəb axtarmamışam. Yazıçı yaşadığı və gördüklərini yazır. Yaradıcı insanın müşahidə qabiliyyəti mütləq olmalıdır. Mövlana demişkən, "ədəbiyyat kəşf və şühuddur". Yəni sən nəyisə kəşf edir və görürsən, bunları birləşdirib nəyisə yaradırsan. Biz həyatımızı yazırıq. Qələmə aldığım hekayə və romanlarımın süjet xəttinin hamısı real həyatdan götürülüb. Markes həyatdan yazırdı, ona görə "Nobel" aldı, hamı onu sevir və oxuyur. Nikos Kazantrakis həyatdan yazıb. Həyat real olduğu qədər də bədiidir. Şəhriyar demişkən: "Şair ola bilməzsən, əgər anan doğmasa şair". İnsan şair və yazıçı kimi doğulur. Jan Pol Sarter deyirdi ki, "bundan sonra insan yalnız özünü cilalamağa başlayır". Ona görə də yazmağa heç bir səbəb lazım deyil. Yazıçılıq adamından asılıdır. Mənim çox sevdiyim yazıçı Nikos Kazantarakis inqilabçı olub, zindanda işgəncə altında ölüb. Markes inqilabçıların yanında böyüyüb. O, Fidel Kastronun ən yaxın dostu idi. Onlar yazıçı kimi siyasi proseslərin içərisində yetişiblər. Yazıçı olmaq üçün ilk növbədə millətinin ideologiyasını içində daşımalısan, hər hansı bir fikir sahibi, ciddi ədəbiyyat adamı olmaq üçün isə oturuşmuş şəxsiyyət olmalısan. Nazim Hikmət, Mayakovski öz-özünə yox, sovet ideologiyasının cərəyanında yetişiblər. İmperiyalar əvvəlcə onları yaratdılar ki, onların vasitəsilə ideologiyalarını təbliğ etsinlər. İstəsən də, istəməsən də ədəbiyyat siyasətin özüdür və dünya qudrətləri ondan öz maraqları üçün istifadə ediblər həmişə. Biz də çalışıb öz Azərbaycanımızın yeni və milli ədəbiyyatını yaratmalıyıq. Yeni ədəbiyyat ümumi məqsədə qulluq eməsə də sonda ümumi bir yerə gətirib çıxarır. Yəni nədən yazırsan yaz, yenə yazdığın mövzu insan və insana aid olan dəyər və hisslərdən uzaqlaşa bilmir. Yaradılmış ciddi ədəbiyyat dövlət tərəfindən dəstəklənməlidir. Lakin indiki məqamda həmin ədəbiyyatın yaradılması üçün müəyyən boşluqlar var ki, onlar dərhal aradan qaldırılmalıdır. Güclü dövlətlər güclü ədəbiyyat və yazarları ilə dünyada təmsil olur.
- Sayman Aruz "Ən yeni ədəbiyyat" seriyasında kitabı nəşr olunan ikinci Cənubi Azərbaycan yazardır. O, nə hiss edir?
- Əslində ikinci yox, birincidir. Rüqəyyə Kəbirinin nəsr əsəri məndən sonra nəşr olundu. Cəsarətlə deyə bilərəm ki, müasir dövrdə Güney Azərbaycan ədəbiyyatının gənc yazarlarını oxuculara mən təqdim edib tanıtdırdım. Bütün nəşriyyatlar məndən sonra bu işə başladılar. Mən son üç ildə təxminən 13 kitab çap etdirmişəm. Hamısı da Güney Azərbaycanda yaşayan şair, yazarların kitablarıdır. Bu kitabları öz şəxsi vəsaitimlə nəşr etdirmişəm. Həmin kitablar oxucu auditoriyası tərəfindən olduqca çox maraq doğurdu və barəsində saysız- hesabsız məqalələr yazıldı. Hətta Ədəbiyyat İnstitunun elmi işçilərinin kitablarla bağlı elmi məqalələri də qələmə alındı. Bu mənim və şöbəmizin xidmətidir. Mənim özümə gəldikdə, təbii ki, sevinirəm. Baxmayaraq ki, mən ondan qabaq da kifayət qədər tanınırdım, ancaq "100 il İnqilab" romanı mənə olduqca çox uğurlar gətirdi.
- Gənc yazarlardan kimləri bəyənirsiniz?
- Müasir dövrdə yaxşı qələmlər yetişir. Onların içərisində mənim favoritlərim yoxdur. Lakin indiki ədəbiyyat axtarış ədəbiyyatıdır, yazıçı və şairlər sadəcə nəyisə axtarırlar, yaxşı olmaq üçün üzərlərində işləyirlər, təcrübə toplamağa çalışırlar. Uşaqların bir çoxu bir kitabı mütaliə edəndə görürəm ki, dünya ədəbiyyatı onu 20 il bundan qabaq oxuyub. Bir çox yazıçının yazı masasının üstündə olan kitablar artıq dünyada oxunmur. Azərbaycanda tərcümə ədəbiyyatında olan əskikliklər bu cür neqativ yollara qapı açır. Avropadan Azərbaycana və Azərbaycandan Avropaya tərcümə çox pis vəziyyətdədir. "100 il inqilab" kitabımın alman və rus dilinə tərcüməsi gedir. Lakin ümumi götürəndə tərcümə işi ədəbiyyat sahəsində çox pis vəziyyətdədir. Mənə elə gəlir ki, təcili olaraq "tərcümə mərkəzləri" yaradılmalıdır. Bu növ mərkəzlərin olmamasıdır ki, ədəbiyyatı inkişafdan saxlayır. Vəziyyətdən çıxmaq üçün yaradıcı insanların bir çoxu şeir yazmağa üz tuturlar. Məsələn, bizim "Dayaq" saytına göndərilən bədii yazıların 90%-i şeirlərdir. Bir -iki nəsr əsəri olur ki, onlar da bərbad vəziyyətdə olurlar. Redaktə etmək üçün onu geri qaytarmaq məcburiyyətində qalıram. Çox vaxt onlar məndən inciyib yazı göndərmirlər.
- Sayman bəy son olaraq nə demək istəyərdi?
- Ürəyimdən keçən sözlər çoxdur, bəy. İstəyirəm ki, Urmiya gölümüz qurumasın, Qarabağımız işğaldan azad edilsin. Millətimiz Bütöv Azərbaycan dövlətinin bayrağı altında yaşasın. İstəyirəm tariximizə dəyər verək, torpağımızı, millətimiz sevək. Urmiya gölü ilə bağlı "Facebook"da status paylaşanda bir-iki bəyənən olur, amma çılpaq qız şəkli paylaşanda yüzlərlə adam bəyənir. Biz öz problemlərimizi ciddiyə almalıyıq. Biz bir millət kimi özümüzü ciddiyə almalıyıq. Öz problemlərimizi özümü həll etməyə çalışnalıyıq. Urmiya gölü quruyur, Qarabağ işğaldadır, biz hərəkət etməliyik. Niyə susmuşuq, niyə görmürük, niyə?
Ömər Zamin