ABŞ-Azərbaycan münasibətləri: 907-ci düzəliş məsələsi yenidən gündəmdə- ÖZƏL
15:56 Siyasət"The National Interest" jurnalında yayımlanan təhlildə ABŞ-Azərbaycan münasibətlərində hələ də qanunvericilik maneələrinin qaldığı vurğulanır. Tədqiqatçı Akbota Karibayeva Meyer əsasən 907-ci və Cekson-Venik düzəlişlərini qeyd edir. Sovet İttifaqı dağıldıqdan 35 il keçsə də, bu məhdudiyyətlərin təsirləri Azərbaycan və Qazaxıstanla münasibətlərdə davam edir.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
"ABŞ - Azərbaycan münasibətlərinin son illərdə müsbət dinamika üzrə irəliləməsi müşahidə olunur. Lakin mülahizələrə görə 907-ci düzəlişin qüvvədə qalması ABŞ-Azərbaycan münasibətlərinə mənfi siyasi təsir göstərir, tərəflər arasında tam etibarlı tərəfdaşlığın qurulmasını ləngidir. Hər il ABŞ prezidentləri tərəfindən bu düzəlişin tətbiqinin müvəqqəti dayandırılması münasibətləri qoruyub saxlasa da, qanunun tam ləğv edilməməsi Vaşinqtonun regional siyasətində qeyri-ardıcıllıq və birtərəflilik rəmzi kimi qalmaqdadır. Düzəliş ABŞ-ın Cənubi Qafqaz siyasətində neytrallığına kölgə salır və Bakıda Vaşinqtonun ədalətliliyinə dair haqlı şübhələrə yol aça bilər. Hərbi və təhlükəsizlik sahəsində birbaşa dövlət yardımlarının göstərilməsi hər il Ağ Evin qərarından asılı vəziyyətdə qalır. Bu da münasibətlərin tam strateji müttəfiqlik səviyyəsinə keçməsinə hüquqi maneə törədir. Əgər ABŞ Konqresi bu məhdudiyyətləri tamamilə ləğv edərsə, ikitərəfli münasibətlərdə müsbət köklü dəyişikliklərin baş verməsi labüddür. Münasibətlər birtərəfli şərtlərdən çıxaraq suveren bərabərlik prinsiplərinə əsaslanan institusional formata keçər. ABŞ-ın regional sülh prosesində neytral vasitəçi və təminatçı rolu güclənər. Terrorizmlə mübarizə, Xəzər dənizinin təhlükəsizliyi və sərhəd mühafizəsi sahəsində uzunmüddətli layihələr hüquqi risklərdən azad olar, Azərbaycana rəsmi olaraq daimi normal ticarət tərəfdaşı statusu qazandırar. Habelə, ABŞ-ın iri fondları və investisiya korporasiyaları hüquqi risklər olmadan Azərbaycanın qeyri-neft sektoruna daha rahat vəsait yatırar. Ümumiyyətlə ABŞ - Azərbaycan münasibətlərinin bütün yönlərdə inkişafı üçün bu məsələnin həlli vacib amildir".
Zeynəb Mustafazadə