“Vətən beşikdən başlanır” - MÜSAHİBƏ
“Ən böyük arzum Şuşa qalasını görməkdir”
4 Sentyabr 2013 17:56 MədəniyyətMüsahibimiz gənc yazar, "Karabakhinfo.com" elektron jurnalının baş redaktoru Zaur Qəriboğludur.
-Zaur bəy, ilk əsərinizi nə vaxt və nə haqqında yazmısınız?
-İlk dəfə 13 yaşımda bu sahəyə maraq yaranıb. Ilk əsərim yoxsulluq haqqında olub. Bu da mənim öz həyatımla bağlı idi. Yaxşı yadımdadır, orta məktəbin 6-cı sinfində oxuyurdum, ingilis dili dərsi idi. Mən də ingilis dilini sevmirdim. Düşünürdüm ki, niyə ingilislər bizim dilimizi öyrənmirlər, biz onların dilini öyrənirik. Amma əslində dil öyrənmək pis bir şey deyil. Mən indi də istəyərəm ki, başqa dilləri öyrənim. Ingilis dili müəllimimiz Adilə müəllimə çox zəhmli müəllim idi. Bütün şagirdlər kimi mən də çox qorxurdum bu müəllimdən. Mən də bu dərsi sevmədiyim üçün həmişə arxa partada otururdum. Hamı yazı yazırdı. Mən də arxada oturub qapanmışam öz yazdığım yazıya. Qəfildən müəllimin yanıma gəldiyini gördüm, çox qorxdum. Düşündüm ki, indi məni vuracaq. Kağızı götürdü, oxudu və "Sənin belə işlərin də var?" deyə soruşdu. Mən də "Nə bilim, müəllim, yazmışam sadəcə" deyə cavab verdim. O, mənə bildirdi ki, əgər sən həqiqətən bunu bacarırsansa mən bu dərsdə sənə güzəşt edərəm. Mən də hər dəfə ingilis dili dərsində müəllimə yeni bir yazı təqdim edirdim.
Tələbəlik illərimdə də mənim yazılarım köməyimə çatıb. Bir dəfə yenə semestr imtahanı idi. Mən də imtahan olduğunu tamamən unutmuşdum. Həmin vaxtlarda fəhlə işləyirdim. Imtahan vaxtı də işdə idi. Mənə zəng gəldi ki, bəs imtahana niyə gəlməmisən, mən dərhal evə getdim, üst-başımı təmizlədim, universitetə getdim. Artıq imtahan bitmişdi, müəllimlər məni gözləyirdi. Içəri girdim və mənə bildirdilər ki, ya sən imtahandan kəsiləcəksən, ya da ki, səhərdən indiyə kimi yaşadıqlarını 15 dəqiqə ərzində bədii şəkildə yazıb təqdim etməlisən. Mən də razılaşdım. Hekayəni yazıb verdim və imtahandan keçdim.
-Mütaliə edirsiniz?
-Açığı, işimlə bağlı vaxt məhdudiyyəti yaşayıram. Mütaliə edirəm, amma az-az. Amma əvvəllər mənim günümün əksəriyyəti kitab oxumaqla keçirdi. Oxuduğum kitablar haqqında da fikirlərimi yazırdım. Məsələn, Yustin Qarderin "Sofinin dünyası", Xalid Hüseyninin "Çərpələnguçuran" əsərləri haqqında fikirlərimi yazmışam və həmin əsərləri bizim əsərlərlə müqayisə etmişəm. KİV-də dərc olunurdu.
Hazırda işimlə bağlı olaraq daha çox erməni məsələsi, Azərbaycan tarixi, Qarabağ münaqişəsi ilə bağlı kitablar oxuyuram. Mənim işimin tələbi odur ki, bu sahədə olan biliklərimi daha da dərinləşdirim. Mənim stolüstü kitabım millət vəkili Elxan Süleymanov və Vurğun Süleymanovun "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri" kitabıdır. Hazırda daha çox bu tipli kitablar oxuyuram. Lakin o demək deyil ki, ədəbiyyatdan uzaqlaşmışam. Hazırda yeni kitabımı da nəşr etdirməyə hazırlaşıram. Adını dəqiq müəyyən etməmişəm, şərti ad kimi "Ruhum üşüyür" adlandırıram.
- Zaur bəy, daha çox hansı mövzularda yazırsınız?
-Əvvəllər daha çox ailə-məişət mövzularında yazırdım. Sonradan fəlsəfəyə meyl etdim. Daha çox fəlsəfə kitabları oxudum, fəlsəfə ilə maraqlandım. Mənim həmişə qeyd edirəm ki, bizdən əvvəl yazanlar qafiyə şəklində ən mükəmməl əsərləri yazıblar. Biz nə qədər də mükəmməl yazsaq onları əvəz edə bilmərik. Bu gün isə ortalığa yeni bir şey qoymaq lazımdır. Mənim fikrimcə, şeirdə əsas məsələ ahəngin olmağıdır. Ən əsası da şeirin fəlsəfəsi olmalıdır. Bu gün üçün fəlsəfəsiz şeiri mənasız hesab edirəm. Mən ədəbiyyatda öz dəsti-xəttimi yaratmaq istəyirəm. Mən iddia etmirəm ki, nə vaxtsa mənim də əsərlərim öz yerini tapacaq. Bunu zaman göstərəcək.
Ümumiyyətlə mən yazdığım əsərləri cizgilər kimi təqdim edirəm. Nəşrə hazırlanan yeni kitabım da cizgilər toplusudur. Mənim yazdıqlarım, nə şeir, nə hekayə, nə də mənsur şeir deyil. Ona görə də mən onları cizgilər adlandırıram. Fikir cizgiləri adı altında isə həyata baxışlarımı yazıram. Məsələn, mən "Həyatın beş mərhələsi" adlı əsərimdə həyatın mənim üçün nə olduğunu yazmışam. Daha sonra sevgi haqqında yazmışam ki, sevgi nədir? Necə olur? İnsan doğulanda öz sevgisini ilk növbədə anasına verir və getdikcə bu sevgi ötürülür. Sonda isə sevgi torpağa ötürülür. İnsan yaşadıqca torpağa yaxınlaşır. Klassiklər barədə əsərlərim var ki, hələ çap etdirməmişəm, əlyazma şəklindədir. Yazdığım romanlardan birində də obrazlar klassiklərdən ibarətdir. Hələlik həmin roman da əlyazma şəklindədir. Həmin əsərimi tam mükəmməl hesab etmədiyim üçün yaxın günlərdə çap etdirməyi düşünmürəm Orada problemli mövzulara toxunmuşam. Millətin tarixi, özünüdərk məsələsi və s. bu kimi məsələlər. Ona görə də düşünürəm ki, bir çox insanların narazılığına səbəb ola bilər. Məni həmişə narahat edən bizim özümüz ola bilməməyimizdir. Bu, məni ağrıdır. İllərdən bəri həmişə hardasa özümüzü axtarmağa çalışmışıq. Gah ruslarda, gah Şərqdə və s. İndi də avropalaşmaq istəyirik. Amma özümüz ola bilmirik. Faciə də bundadır. Bunun da səbəbi odur ki, özümüzü özümüzdən çox uzaqda axtarırıq.
-Yaradıcılığınızda qəribçilik mövzusu nə ilə bağlıdır?
-Məni tanıyanlar bilir ki, mənim soyadım 2 il əvvələ qədər Məlikzadə olub. Məlikzadə Zaur Qərib oğlu. Mənim babam Cənubi Azərbaycandan Şimali Azərbaycana köç edib və burada ailə qurub, oğlunun da adını Qərib qoyub. Deyib ki, mən gəldim burada qərib oldum, məndən sonra gələn nəsil də Qərib oğlu olsun. Babam Məlikzadə soyadını da təsadüfən götürüb burda. Mən dərindən araşdırdım və məum oldu ki, Məlikzadə soyadının bizim nəslimizə heç bir aidiyyatı yoxdur. Azərbaycanda soyaddan imtina etmək çox çətin bir prosesdir. Mən bir il ərzində bununla məşğul oldum. Ona görə ki, zadə sonluğu fars sonluğudur və Məlik adının bizim nəslimizə heç bir aidiyyatı yoxdur. Sonda rəsmi olaraq soyadımı Qəriboğlu kimi dəyişməyə nail oldum. Qəriboğlu Zaur Qərib oğlu.
Bu qəribçilik mənim içimdə hələ də yaşayır. Bəzən burada da özümü qərib hiss edirəm. Qəribçilik artıq mənim qanıma keçib. İnsan onsuz da dünyada qəribdir.
Güney Azərbaycan məsələsi mənim üçün ağlasığmayacaq qədər ağır dərddir. Bizim millətimiz də yaralıdır. Güney Azərbaycan, Qərbi Azərbaycan, Qarabağ məsələsi-hər biri bizim millətin yaralı yeridir. Bizim millətimiz yarımcan halda yaşayır. Mən parçalanmış Azərbaycanı özümdə hiss edirəm.
-"Karabakhinfo.com" saytına rəhbərlik edirsiniz. Bu haqda məlumat verin.
-"Karabakhinfo.com" elektron jurnalının ideya müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanovdur. Elektron jurnal AVCİYA-nın layihələrindən biridir. Layihənin məqsədi Azərbaycan reallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Jurnal altı dildə - Azərbaycan, türk, rus, ingilis, alman və erməni dillərində yayımlanır. Bununla da məqsədimiz yalnız ölkədə deyil, bütün dünyada Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi, hüquqi, etnik, iqtisadi, mədəni və digər aspektlərini araşdırmaq, dəqiq faktlarla Azərbaycanın haqlı mövqeyini bir daha dünya ölkələrinə bəyan etmək və Azərbaycanın ərazi bütövlüyünün yenidən təmin olunmasını işinin bir parçasına çevrilməkdir. Yaxın zamanda layihəyə yerli ekspertlərlə yanaşı beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulub. Bizim bir devizimiz var: "HƏDƏFİMİZ QARABAĞDIR!"
-Sizin üçün Vətən hardan başlanır?
-Mənim üçün Vətən beşikdən başlanır. Ümumiyyətlə mənin üçün türk dünyasının sərhədi yoxdur. Mən bütün türk dünyasını öz Vətənim hesab edirəm. Türkiyə də mənim Vətənimdir, Qırğızıstan da, Türkmənistan da mənim Vətənimdir... Bütün Türk dünyası mənim Vətənimdir.
-Qarabağda ən birinci haranı görmək istərdiniz?
-Ən böyük arzum Şuşa qalasını görməkdir.
(Yazar əli ilə divardan asılan Azərbaycanın xəritəsində Şuşanı göstərir və dərin bir ah çəkərək və "bax, mən orada, Şuşanın Qala qapısında olmaq istəyirəm" deyir.)
Sevda Qurbanqızı