Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
16:17 SosialBədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər.
Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər.
Qulaq məməsində diaqonal xətt - Frank əlaməti
Qulaq məməsini çapraz keçən nəzərəçarpan qırış 1970-ci illərdən etibarən ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Müxtəlif araşdırmalarda bu əlamətin ateroskleroz və koronar arteriya xəstəliyi ilə əlaqəli ola biləcəyi göstərilib. Lakin qırış yaşla da yarana bildiyindən, onun mövcudluğu təkbaşına xəstəlik diaqnozu hesab edilmir.
Göz qapaqlarında sarı ləkələr
Göz ətrafında yaranan sarımtıl yağ yığıntıları yüksək xolesterinin göstəricisi ola bilər. 2026-cı ildə 17 925 nəfərin iştirakı ilə aparılan araşdırmada ksantelazması olan şəxslərdə 10 il ərzində infarkt keçirmə riskinin təxminən iki dəfə yüksək olduğu müəyyən edilib.
Göz bəbəyinin ətrafında ağ-boz halqa
Korneal arkus adlanan bu halqa xüsusilə yaşlı insanlarda geniş yayılıb. Lakin gənc yaşlarda meydana gəldikdə yüksək xolesterinin əlaməti ola bilər.
Axilles vətərinin qalınlaşması
Dabanın arxa hissəsində yerləşən Axilles vətərində xolesterinin toplanması onun qalınlaşmasına və sərtləşməsinə səbəb ola bilər. "Vətər ksantoması" xüsusilə hiperkolesterinemiyanın xarakterik əlamətlərindən biri hesab olunur. Bu cür dəyişikliklər əllərdə, dirsəklərdə və dizlərdə də müşahidə edilə bilər.
Ayaq tüklərinin azalması
Bir və ya hər iki ayaqda tüklərin nəzərəçarpacaq dərəcədə azalması həmin nahiyəyə qan axınının zəifləməsinə işarə edə bilər. Periferik arteriya xəstəliyi olan insanlarda koronar arteriya xəstəliyi, infarkt və insult riski də daha yüksəkdir.
Ayaq dırnaqlarının çox yavaş uzanması
Ayaq damarları daraldıqda toxumalar kifayət qədər qanla təmin olunmaya bilər. Bu isə dırnaqların böyüməsinin yavaşlamasına səbəb ola bilər. Amerika Ürək Assosiasiyası bu əlaməti periferik arteriya xəstəliyinin fiziki göstəricilərindən biri kimi qeyd edir.
Bir ayağın digərindən daha soyuq olması
Xüsusilə bu hal davamlı və yalnız bir ayaqda müşahidə olunursa, diqqət yetirmək lazımdır. Ayaqda solğunluq, göyərmə və ya rəng dəyişikliklərinin olması da ayaq arteriyalarında daralmadan xəbər verə bilər.
Yaralarının gec sağalması
Kiçik bir yaranın həftələrlə sağalmaması həmin nahiyəyə kifayət qədər qan çatmadığını göstərə bilər. Bu isə geniş yayılmış damar sərtliyinin əlamətlərindən biri ola bilər.
Ayaq biləkləri və ayaqlarda şişkinlik
Hər iki ayaqda yaranan və getdikcə artan şişkinlik, xüsusilə nəfəs darlığı ilə müşayiət olunursa, ürək çatışmazlığının əlaməti ola bilər. Ürək qanı kifayət qədər pompalaya bilmədikdə maye toxumalarda toplanır.
Dodaqların və ya barmaq uclarının göyərməsi
Dodaqların və barmaq uclarının mavimsi rəng alması qan dövranı və ya orqanizmin oksigenlə təmin olunmasında problem olduğunu göstərə bilər. Bu hal ağır ürək çatışmazlığında müşahidə oluna bilər. Lakin ağciyər xəstəlikləri də bu cür rəng dəyişikliklərinə səbəb ola bilər.