“Maaş artımı səhiyyə sistemində müsbət dəyişikliklərə yol aça bilər” ÖZƏL

"Tibb işçilərinin məvaciblərinin qaldırılması müsbət haldır. Bu, hər bir halda təqdir olunmalıdır. Digər sahələrdə də, təhsil sistemində və başqa sahələrdə də mütəmadi olaraq bu məsələlər nəzərə alınır. Təbii ki, səhiyyə sahəsində maaşların qaldırılması, əgər bununla paralel olaraq həmin sistemdə müəyyən yeniliklər də aparılacaqsa, nəzarət gücləndiriləcəksə, əhali üçün də faydası ola bilər".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:

"Ancaq yox, nəzarət olmayacaqsa, bunun əhali üçün bir faydası ola bilməz. Bu, ancaq həkimlərin maddi durumunun, şəxsi və ailə şəraitinin, məişətinin daha da imkanlı vəziyyətə gətirilməsinə səbəb ola bilər.  Ancaq səhiyyə sahəsində müəyyən nöqsanlar da var. Bu, qurumlar arasındakı rəqabət, təbii ki, səhiyyə sahəsindəki ziddiyyətlər və bununla da əhalinin əziyyət çəkməsidir. Bir çox xəstəxanalarda müasir avadanlıqların və təchizatın olmasına baxmayaraq, xəstələrin xarici ölkələrə müalicəyə getməyə məcbur qalması və əsasən cərrahi əməliyyatlarda və ağır prosedurlarda həkimlərin tibbi sığortadan əlavə vətəndaşlardan pul alması kimi hallar mövcuddur. Bu məsələlər aradan qaldırılarsa, ümumi səhiyyə sistemində çox müsbət bir irəliləyiş ola bilər.
Mən güman edirəm ki, bu maaşların qaldırılması hər halda bir mesajdır. Çünki bu maaşlar qaldırıldı, artıq kifayət qədər də yüksək məbləğlərdir. Yəni bu, bir çox inkişaf etmiş ölkələrdə, hətta Çində belə, yüksək maaş hesab olunur. Bu səviyyədə səhiyyə işçilərinin maaşlarının qaldırılması, şübhəsiz ki, öz yerində təqdir olunur və alqışlanır.
Yəni ölkəmizin belə bir çətin durumunda, Qarabağda gedən tikintilər və digər sosial problemlərlə yanaşı, əhalinin təqaüd və maaşlarının yetərli olmadığı bir ərəfədə səhiyyə işçilərinə belə xüsusi diqqət göstərilməsi əhəmiyyətlidir. Maaşlarının qaldırılması, şübhəsiz ki, xüsusi diqqətdən xəbər verir.
Ancaq yenə təkrar edirəm, burada arzu edilən odur ki, bunun müqabilində digər problemlər də aradan qaldırılsın. Yəni bu, əhaliyə xidmətə bir vəsilə olmuş olsun, nəinki həkimlərin özlərinin yalnız maddi durumlarının yüksəldilməsinə xidmət etmiş olsun. Ona görə ümid edək ki, digər problemlər də tədricən aradan qaldırılacaq və ola bilsin ki, bununla bağlı da müəyyən bir mexanizm nəzərdə tutulub ki, nəzarət gücləndirilsin, yəni həkimlərin yol verdiyi nöqsanlar, səhiyyə sistemində olan nöqsanlar, TƏBİB-də olan ciddi nöqsanlar da aradan qaldırılarsa, əgər təbii ki, bu maaşların qaldırılması əhaliyə xidmətdə müsbət rol oynaya bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31