Zeynal Əmrəliyev: “Aİ Rusiyanı bütün mümkün variantlarda sıxışdırmağa çalışır” – ÖZƏL
16:13 SiyasətAvropa İttifaqı Rusiyanın Avropa ölkələrində artan hibrid fəaliyyətinə qarşı yeni məhdudiyyətləri müzakirə edir.
Bloomberg xəbər verir ki, mümkün tədbirlər sırasında Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin sərtləşdirilməsi, rus diplomatların Aİ daxilində hərəkətinin məhdudlaşdırılması və Rusiyanın neft ixracında istifadə etdiyi "kölgə donanmasına" qarşı sanksiyaların genişləndirilməsi var. Mənbələrin məlumatına görə, konkret təkliflər hələlik müzakirə mərhələsindədir. Son dövrlərdə Avropada baş verən dron və sabotaj hadisələri isə Rusiyanın hibrid fəaliyyətinə dair narahatlıqları artırıb.
"Avropa İttifaqının belə bir qərar qəbul etməsi, əlbəttə ki, Ukrayna məsələsi ilə bağlıdır. Avropa İttifaqı ölkələri çalışırlar ki, Rusiyanı bütün mümkün variantlarda sıxışdırsınlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Rusiya vətəndaşlarına viza qadağalarının tətbiq edilməsi həm Rusiyanın iqtisadi vəziyyətini çətinləşdirmək, həm də iqtisadi problemlər səbəbindən Avropa ölkələrinə köç edə biləcək Rusiya vətəndaşlarının qarşısını almaq məqsədi daşıyır. İkinci məsələ isə təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Mövcud şəraitdə Avropa ilə Rusiya arasında münasibətlər olduqca gərgin olduğundan, Rusiyadan Avropa ölkələrinə yönələn agent fəaliyyətinin güclənməsi ehtimalı da var. Yəni həmin ölkələrə köç edən insanların bəziləri ilə bağlı təhlükəsizlik baxımından ciddi problemlər yarana bilər. Buna görə də Avropa ölkələri öz təhlükəsizliklərini qorumaq məqsədilə məhz bu cür addımlar atırlar. İrəlidə hansı real nəticələrin əldə ediləcəyini, əlbəttə ki, zaman göstərəcək. Xüsusilə də Ukrayna müharibəsi ilə bağlı bir sıra ölkələrdə və xalqlar arasında ciddi narazılıqlar mövcuddur. Avropa dövlətlərinin özlərində də cəmiyyətin müəyyən hissəsi hökumətlərin siyasətinə qarşı sərt mövqe nümayiş etdirir. Ukraynaya yardımla bağlı bu siyasəti daha da gərginləşdirmək məqsədilə Rusiya konkret şəkildə Avropa ölkələrinə qarşı hibrid müharibəyə başlayıb. Gələcəkdə Rusiyaya qarşı texnoloji təzyiqlərin də artması mümkündür. Məsələn, Rusiyaya qarşı texnoloji embarqoların tətbiq edilməsi və digər bu kimi addımlar gündəmə gələ bilər. Avropa ölkələrinin Rusiyaya və Rusiyadan gələn vətəndaşlara qarşı sərt viza rejimi tətbiq etməsi gözləniləndir. Hesab edirəm ki, bu sərtlik qarşıdakı dövrdə daha da arta bilər.
Səidə Ramazanova