“Kitabi-Dədə Qorqud” dastanında Qərbi Azərbaycanın təbiəti... “Duxa Qoca oğlu Dəli Domrul”, “Qanlı Qoca oğlu Qanturalı” və “Qazılıq Qoca oğlu Yeynək” boylarında...
7 Oktyabr 2022 09:48 MədəniyyətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Dastanda Dədə Ozan dili ilə söylənilən boylarda "yeddi gün-yeddi gecə" yol gedilərək çatılan "kafirlər yurdu"-yunanların yaşadıqları Aralıq dənizi hövzəsi ərazilərinin coğrafi təsviri və bu ərazilərin qonşuluğu kimi Türk-Müsəlman, Oğuz-Səlcuq yurdlarının, eləcə də Qərbi Azərbaycanın mövqeyinə işıq tutan toponimlər çox hallarda məcazi təşbeh və dialekt şivələrlə mənalandırılıb ki,-...quru çay üzərində salınan körpü yeri..., qarşı yatan uca dağım..., soyuq-soyuq bulaqların axdığı yamaclar..., ağca bürclü hasarlarla əhatələnən şəhər..., qanlı, iyrənc dinli kafir elləri..., Qaraçəkir oğlu Qırxqınıq...nəticədə bölgə üzrə doğma yurd yerlərimizin məkan üzrə yerləşmə ünvanına işıq saçmışdır, təbii ərazi hüdudlarını aydın ifadə etmişdir.
Təbii ki, Dastanda adı çəkilən Oğuz igidlərinin, cavanlarının ərənliyini, ərdənliyini ehtiva edən və Oğuz ellərinin milli düşüncə-idrak tərzini mənalandıran bilgilər həm yuxarıda adı çəkilən təbiət təsvirlərindən, bənzətmələrdən (..."Qaracıq atıma minməmiş...","...qara yallı Qazlıq atı...", "Tüklü quşun balası", "Qaracığın qaplanı") və fəlsəfi kəlamlardan (..."onlar olsun Əzrayılın bulağı","Dünya şirin, can əzizdir", "Türküstanın dirəyi", "Üzü niqablı Oğuz igidləri"...) yoğrulub. Və son nəticədə yenə də ərazinin coğrafi məkanı aydın ifadə edilir, bir növ tarixi antrotoponimlərin, orotoponimlərin, hidrotoponimlərin, məhəlli yer-yurd adlarının vahid sistemini təşkil edir.
Bu baxımdan orotoponim kimi-"Qurudərə", "Quruçay","Qurutəpə", "Quruağac","Quruaraz", "Quruboğaz" yer adları Qərbi Azərbaycanın əksər nahiyələrində (Gümrü, Sürməli, Alagöz-Pəmbək, Ü(i)çmüəzzin, Şörəel, Qaraqoyunlu...) işlədilmişdir.
"Kitabi-Dədə Qorqud" dastanında ümumiləşdirilmiş "quruçay" toponimi bu mənaya doğma, oxşar olan, eynilik təşkil edən digər mənaların frazeoloji-morfoloji tərkibinə uyğunlaşdırılmışdır.
"Quruaraz" hidrotoponimi İrəvan xanlığı ərazisində, Ü(i)çmüəzzin yaxınlığında həm də kənd adıdır, "Araz çayının quru yatağında" yaranıb, Araz çayından 2-3 km aralıda, bu kəndin cənub-qərbində Çubuxçu, qərbində isə Molla Bədəl kəndləri yerləşir.
Bu nahiyə ərazisində Qurudərə gölü, Gümrü nahiyəsində Qurudərə dağı da vardır.
Həmin kəndlər də Araz çayının sağ yatağına yaxın olan İqdır vilayətinin Alıcan kəndi ilə qonşudur.
Göyçə gölünün şimal-şərqində, Dilican vadisində, Qaraqoyunlu nahiyəsində Quruçay kəndinin əhalisinə qarşı 1918-1920-ci illərdə hay-daşnak quldurlarının basqınından sonra xaricdən köçürülən hay sürüləri burada yerləşdirilmişdir.
Dastanda, eləcə də girişdə adı çəkilən boylarda işlədilən "Qoca" ismi əski Oğuzlarda həm də "nurani-pirani, ulu, qayım-qədim" mənasına uyğun gəldiyindən bəzən "Xoca" kimi də tələffüz edilmişdir Qərbi Azərbaycanda və bir çox yer-yurd adlarının "sözönünə" əlavə edilmişdir:
-Qoca Qurd yeri-İrəvan nahiyəsində Zəngi şayı hövzəsində qışlaq olub;
-Qoca Əhməd kəndi- yenə də həmin ərazidə yerləşir;
-Xocakənd-İrəvan-Ağcaqala nahiyələrindəki kənd, 1590-cı ildən məlum olub;
-Xocalı-İrəvan nahiyəsində Zəngi şayı hövzəsində kənd;
(Xocalı şəhəri Qarabağ iqtisadi rayonunda, Xocalı kəndi Salyan rayonunda...yerləşir).
Əski Oğuz-Səlcuq tayfalarının mənsubiyyət təxəllüsü onların soy-kök, şəcərə, qəbilə-nəsil adına uyğun gəldiyindən Dastanın "Qanlı Qoca oğlu Qanturalı" boyunda "Qanlı Qoca" etnonimi bu baxımdan mərhum tədqiqatçılar-akademik B.Ə.Budaqov (1928-2012) və t.e.d., professor Q.Ə.Qeybullayev (1934-2002) tərəfindən təhlil edilmiş və "Qanlı" antrotoponim Səlcuq-Oğuzların Kanqlı ("döyüşkən", "meydangir", "qantökən") qolunun adından yaranmışdır. Eləcə də bildirilir ki, erkən orta əsrlərdə Orta Asiyada yaşayan Kanqlı tayfaları monqollara qarşı 1218-ci ildə döyüşərək, həm də qərbə yürüş etmişlər.
Təsadüfi deyil ki, Masallı rayonu, Böyük Kolatan kəndi ərazisində yerləşən Kanqlı qalası haqqında bir sıra tədqiqatçılar (Tofiq Əzizov, "Kanqlı qalası", "Qala" qəzeti,15 yanvar 1991-ci il) məlumat vermişlər.
"Qanlı" antrotoponimi Kəlbəcər rayonunda Dəmirçidam İƏD-nə aid kənd adı kimi də mövcuddur. Eramızın III əsrindən bu kəndin ərazisində və Orta Asiyada Sır-Dərya çayı hövzəsində Kanqlı tayfasının yaşadığı məlumdur. Qanlı kəndinin yüksək dağlığında XIII-XIV əsrlərdə müdafiə məqsədi ilə inşa edilmiş Lök qalası ucalır.
Şərqi Göyçə mahalında, Basarkeçər nahiyəsindəki Qanlı kəndinin başqa adı Qanlı Allahverdi, 1946-cı ildən Qamışlı olub, kökənli əhalisi dinsiz hay kilsəsi tərəfindən 1988-ci ildə doğma yurdundan qovulmuşdur. Düzkənd, Şörəel və Keşişkənd nahiyələrində Qanlıca kəndləri də Kanqlı tayfasının adını yaşadır.
"Qazılıq Qoca oğlu Yeynək" boyundakı Dədə Ozanın giriş nəqlində "Qazılıq Qoca başına yığdığı həmyaşıdları ilə çox uca dağlar aşaraq...Qara dəniz sahillərinə çatdı..." söyləməsi bir daha sübut edir ki, VII-X əsrlər yadigarı Dastan hadisələrində coğrafi bölgə kimi adı çəkilən Dış Oğuz ellərinin sərhədləri müasir Qərbi Azərbaycan hüdudlarını əhatə etmişdir. Eləcə də Oğuz ellərində Bayandur bəy həm də "Türküstan dünyasının dirəyi" hesab edilir.
Kitabda qeyd edilən əksər toponimlərin, Qərbi Azərbaycanın kənd-şəhər, yer-yurd, dağ-dərə, çay-göl...adlarının indi də olduğu kimi saxlanılması (dinsiz, qanlı hay kilsəsinin XX-XXI əsrlərdə Türk-Müsəlman mənşəli "toponimlərin soyqırımı"na rəvac versə də) Ozan dastanı cərəyanlarının ünvanını dolğunluğu ilə ifadə etmişdir.
Qara dəniz sahilindəki Düzmurd qalasında əsir düşən Qazılıq Qocanın oğlu Yeynəyin həmyaşıdı Qaragünə oğlu Budaq bəylə sözü çəp gəlir..., Dastanın 97-ci səhifəsində yazılıb.
"Budaqbəy" antrotoponimi İrəvan xanlığı, Qırxbulaq nahiyəsindəki Tərnəqut kəndinə məxsus qış otlaq yeridir.
Növbəti səhifədə Oğuz ellərinin 24 vilayətindən cəm olan igid bəylərin şəninə səslənən təriflərdən bir misra:
-Ayğırgözlüdə at üzdürən... Elək Qoca oğlu Tüləkvuran.
Qərbi Azərbaycanın Alagöz dağlıq hövzəsindəki Ü(i)çmüəzzin və Şörəel nahiyələrində Ayğırgöl hidronimi mənaca Qazaxıstandakı Ayğırbulaq və Ayğırgöl toponimləri ilə eynidir. Göyçə gölünün qərb hissəsini tutan Pəmbək dağlıq silsiləsinin bir tirəsi də Ayğırdağ adlanır.
"Tüləkvuran" antrotoponimi əslində ovçuluqla məşğul olan tayfanın, nəsilin adıdır və Qaraqoyunlu nahiyəsində təhrif edilərək yazılan Tülküviran kəndi "Tüləkvuran" isminin morfo-fonetik ifadəsidir.
-Qoca bürcdən qayın oxu dayanmayan Yığırıncı oğlu Elalmış!
Qorqud təlimində və Oğuz gələnəklərində igid adı ərənin əməlinə, şücaətinə verilirmiş. Elləri, obaları, yurdları fəth edən Oğuz igidinə "Elalmış" deyiblər.
Söz kökü "El", "Ellər", "Ellicə"...olan toponimlər, yer (kənd) adlarına Qırxbulaq nahiyəsində ("Elvar", "Ellər" (e.ə. VIII əsr mənbələrində "Elar" kimi yazılıb), "Ellər oyuğu" (Qars vilayətində eyni adlı kənd, Borçalı mahalı, Sığnağ nahiyəsində eyni adlı dağ vardır), Zəngibasarda "Ellicə" (1828-1832-ci illərdə kənd dağıdılmışdır) rast gəlinir.
Dastanda adı çəkilən Oğuz bəylərinin ismi ilə Qərbi Azərbaycanda bir çox hidronimlər oxşarlıq, eynilik təşkil edir. Belə ki, Dəli Vuran antrotoponimi (səhifə 98) Zəngibasar nahiyəsində, Alagöz dağının şimal yamaclarından başlayaraq Qaçaq çayının sağ qolunu təşkil edən Dəliçayla (hidronimlə) mənaca doğmadır. Dəliçayın uzunluğu 28 km-dir, iti axan dağ çayıdır, 3900 m yüksəklikdən başlayır, 1800 m səviyyədə mənsəbi var.
"Qurd" totemi əski Türklərdə sakral milli-mənəvi dəyər ölçüsü olduğundan bir çox toponimlərin morfo-genetik tərkibinə daxil olmuş və Dastanda Qazılıq Qoca oğlu Yeynəyə yuxuda dayısı Əmən tərəfindən söylənilir:
Yetdiyim yerə yel yetməzdi,
yeddi dəstə igidlərim,
Yeni Bayırın qurduna bənzərdi...
Qarabulaq nahiyəsində Qurdalı qışlağı, Şörəel mahalında Qurdbulaq kəndi, Qərbi Zəngəzurda, Qarakilsə nahiyəsində və Qaraqoyunlu nahiyəsində Qurqala kəndləri, Dərələyəz mahalında Qurdqulaq kəndi... Türk inancının yerd adlarındakı ifadəsidir ki, Qərbi Azərbaycan toponimikasında günümüzə kimi qorunub saxlanılmışdır, Dastan tərənnümündə və tarixi-coğrafi irs mənbələrində...
Qeyd: Gümrü şəhərindən 17,6 km şimalda yerləşən Qurdbulaq kəndində 1897-ci ildə Ümumrusiya üzrə əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə görə 311 nəfər Türk-Müsəlman əhali yaşaıb, 1926-cı ildə 349, 1979-cu ildə 352 nəfər...
R.S. Quruaraz kəndinin adını hay kilsəsi 1950-ci ildə dəyişdirərək-"Erasxaun" qoyub, Dəliçay-"Qexarot", Ellər kəndi 1961-ci ildən-"Abovyan", Qurdbulaq kəndi 1946-cı ildən-"Krasar"... adlanır.