Tarix Muzeyində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü
5 May 2017 12:03 MədəniyyətAMEA Tarixi Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbir Milli Azərbaycan Tarixi Muzeyi, YAP Səbail rayon təşkilatı və Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin sədri Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, millət vəkili, prof. Şəmsəddin Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tarixçi alimlər, Muzey əməkdaşları, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər. Heydər Əliyevə həsr olunmuş "Dahi şəxsiyyət" filminin nümayişindən sonra tədbiri giriş sözü ilə prof. Şəmsəddin Hacıyev açıq elan edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə müasir, müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir cərgədə dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevirilməsinə nail olub. Səbail rayon İcra Hakimiyyətinin sədri Eldar Əzizov öz çıxışında qeyd etdi ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi, iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində tənəzzülə son qoyuldu. Ombudsman Elmira Süleymanova da Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki nailiyyətləri haqqında iştirakçılara geniş məlumat verdi.
Daha sonra akademik Nailə Vəlixanlı çıxış edərək bildirdi ki, Azərbaycanın müstəqil dövlət quruculuğunda əldə etdiyi bütün uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin gerçəkləşdirdiyi uğurlu xarici və daxili siyasət dayanır.