Neft ixracı kəskin düşdü, rial ucuzlaşdı: İran iqtisadiyyatını nə xilas edə bilər? – ÖZƏL
13:27 İqtisadiyyat"Son günlər İranda iqtisadi vəziyyət bohran həddinə çatib. İranın bugünkü iqtisadi böhranını yalnız sanksiyalarla izah etmək düzgün deyil. Sanksiyalar mövcud problemləri kəskinləşdirən xarici amildir, lakin rialın zəifləməsi, yüksək inflyasiya, enerji və su çatışmazlığı, investisiya azlığı və struktur idarəetmə problemləri böhranın daxili tərəfini formalaşdırır."
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Bella Bəşirova deyib. İqtisadçı bildirib ki, birinci əsas amil sanksiyalardır. İranın neft ixracına, bank sektoruna, maliyyə əməliyyatlarına və beynəlxalq ticarətinə tətbiq edilən məhdudiyyətlər ölkənin xarici valyuta əldə etmək imkanlarını ciddi şəkildə zəiflədib. Bunun nəticəsində idxalın maliyyələşdirilməsi çətinləşir, istehsal üçün lazım olan avadanlıq və xammalın qiyməti artır və milli valyutaya təzyiq güclənir. İkinci amil rialın kəskin dəyər itirməsidir. Valyutanın ucuzlaşması idxaldan asılı olan iqtisadiyyat üçün ikiqat problem yaradır: həm müəssisələrin xərcləri artır, həm də əhalinin real gəlirləri azalır. Bu isə inflyasiyanı daha da sürətləndirir. IMF-in 2026-cı il üzrə məlumatlarında İran üçün orta illik inflyasiya təxminən 68,9% səviyyəsində göstərilir. Üçüncü problem enerji və su çatışmazlığıdır. İran böyük enerji resurslarına malik olsa da, elektrik təchizatında problemlər yaranır və bu, sənaye müəssisələrinin fəaliyyətinə birbaşa təsir edir. 2026-cı ilin iyulunda İran hökuməti sənaye müəssisələrinə tətbiq olunan elektrik məhdudiyyətlərini azaltmaq üçün xüsusi tədbirlər paketi qəbul etmişdi. Bundan əlavə, uzunmüddətli investisiya çatışmazlığı, texnologiyaların yenilənməsinin məhdudlaşması, bank sektorundakı problemlər, dövlət büdcəsi üzərində təzyiq, su qıtlığı və idarəetmə problemləri iqtisadiyyatın dayanıqlığını zəiflədir. Dünya Bankı da İran iqtisadiyyatının sanksiyalarla yanaşı, su və enerji çatışmazlığı, zəif investisiya mühiti və struktur problemlərindən təsirləndiyini qeyd edir.
İqtisadçının fikrincə, son mərhələdə əsas dəyişiklik sanksiyaların sadəcə müəyyən şirkət və maliyyə kanallarını məhdudlaşdırmaqdan çıxaraq İranın əsas valyuta mənbəyi olan neft ixracına və sanksiyalardan yayınma mexanizmlərinə daha ciddi təsir göstərməsidir. Bu, İran üçün xüsusilə təhlükəlidir. Çünki neft gəlirləri yalnız dövlət büdcəsinin deyil, həm də xarici valyuta bazarının mühüm dayağıdır. Neft satışından daxil olan valyuta azaldıqda hökumətin idxalı maliyyələşdirmək, milli valyutanı dəstəkləmək və büdcə xərclərini qarşılamaq imkanları zəifləyir. Hazırkı vəziyyətin ağırlığını göstərən əsas göstəricilərdən biri neft ixracındakı kəskin azalmadır. Reuters-in 3 sentyabr məlumatına əsasən, İranın neft ixracı təxminən 1,7 milyon barreldən 260 min barrel/gün səviyyəsinə qədər geriləyib. Bu, ölkənin valyuta gəlirlərinə çox ciddi zərbədir. Buna görə sanksiyaların təsirini yalnız "İranın xarici ticarəti azalır" kimi qiymətləndirmək kifayət deyil. Əsas məsələ valyuta gəlirlərinin azalması- rialın zəifləməsi -idxalın bahalaşması- inflyasiyanın yüksəlməsi- əhalinin real gəlirlərinin azalması zəncirinin yaranmasıdır.
Ekspertin fikrincə, istehsal sektorundakı problemlər İran üçün ən təhlükəli məsələlərdən biridir. Çünki iqtisadiyyatın yalnız neft gəlirlərinə deyil, daxili istehsala və məşğulluğa da ehtiyacı var. Müəssisələr hazırda bir neçə istiqamətdə təzyiqlə üzləşirlər: xammal və avadanlıqların idxalının çətinləşməsi, valyuta çatışmazlığı, enerji təchizatında fasilələr, yüksək inflyasiya, maliyyələşmə problemləri və daxili tələbin zəifləməsi. Bu problemlər davam edərsə, istehsalın azalması, müəssisələrin bağlanması, işsizliyin artması və qeyri-neft sektorunun zəifləməsi riski yüksəlir. Burada xüsusilə təhlükəli məqam odur ki, istehsalın azalması inflyasiyanı da qidalandıra bilər. Çünki bazarda məhsulun təklifi azalır, eyni zamanda istehsal xərcləri yüksəlir. Beləliklə, İran "inflyasiya-devalvasiya-istehsal azalması" dövrəsinə düşə bilər. Dünya Bankının qiymətləndirməsinə görə də yüksək inflyasiya və zəif iş yerlərinin yaradılması əhalinin rifahına mənfi təsir göstərir; enerji və su problemləri isə qeyri-neft sektorunun inkişafını məhdudlaşdırır.
"İranın vəziyyətdən çıxışı yalnız inzibati qiymət nəzarəti və qısamüddətli subsidiyalarla mümkün deyil. Məncə, burada iki paralel istiqamət vacibdir: xarici iqtisadi təzyiqin azaldılması və daxili iqtisadi islahatların aparılması. Birinci istiqamət diplomatik danışıqlar vasitəsilə sanksiyaların yumşaldılmasına və neft ixracı üçün daha normal şəraitin yaradılmasına nail olmaqdır. Bunun üçün nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin tələblərini nəzərə alan, şəffaf və yoxlanıla bilən razılaşmaların əldə olunması iqtisadi baxımdan İranın ən böyük imkanlarından biri ola bilər. Bu məsələ xüsusilə vacibdir, çünki hazırda IAEA İranın nüvə obyektləri və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı tam monitorinq imkanlarına malik deyil. IAEA-nın nəzarət imkanlarının məhdudlaşması beynəlxalq etimadı daha da zəiflədir. İkinci istiqamət daxili islahatlardır. İran valyuta bazarını sabitləşdirməli, büdcə kəsirini nəzarətdə saxlamalı, bank sektorunda islahat aparmalı, korrupsiya və qeyri-şəffaflığı azaltmalı və özəl investisiyalar üçün daha əlverişli mühit yaratmalıdır. Üçüncü mühüm məsələ enerji və su infrastrukturuna investisiyaların artırılmasıdır. İranın enerji resursları çox olsa da, istehsal müəssisələrinin elektrik məhdudiyyətləri ilə üzləşməsi göstərir ki, resursun mövcudluğu ilə onun iqtisadiyyata səmərəli çatdırılması eyni şey deyil. Nəhayət, İran iqtisadiyyatını yalnız neft gəlirləri üzərində qurmaqdan uzaqlaşmalı, qeyri-neft ixracını, sənayeni, kənd təsərrüfatını, texnologiyanı və özəl sektoru inkişaf etdirməlidir. Mənim fikrimcə, İranın qarşısında seçim kifayət qədər aydındır: iqtisadi təzyiqin daha da dərinləşməsinə imkan vermək və bunun sosial nəticələrini qəbul etmək, yaxud diplomatik kanalları genişləndirərək xarici iqtisadi təzyiqi azaltmaq və paralel olaraq daxili struktur islahatlarına başlamaq", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova