Neft 92 dollara yaxınlaşır: Azərbaycan üçün fürsət, yoxsa yeni risklər?- ÖZƏL 

"ABŞ-İran gərginliyi fonunda neft bazarındakı vəziyyət, əlbəttə, faktiki təsdiqini tapır-hazırda Brent nefti ardıcıl dördüncü sessiyada bahalaşaraq 92 dollara doğru irəliləyib, tərəflər arasında danışıqların olmaması və ABŞ-ın Hörmüz boğazında dəniz blokadasını davam etdirməsi bazarda risk mükafatını (risk premium) yüksək saxlayır".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Yaxın perspektivdə qiymətlərin hansı səviyyəyə qalxa biləcəyinə gəldikdə, vəziyyət əsasən iki ssenaridən asılıdır. Əgər gərginlik hazırkı səviyyədə davam edərsə və Hörmüz boğazından neft daşınması məhdudlaşmaqda davam edərsə, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozuna görə Brent neftinin 2026-cı ilin üçüncü rübündə orta hesabla 85 dollar civarında qalacağı gözlənilir, lakin bu, əvvəlki proqnozdan artıq 11 dollar yuxarıdır və vəziyyətin sürətlə dəyişməsini əks etdirir. Konfliktin genişlənməsi halında (məsələn, Hörmüzdən keçən neft daşınmasının tamamilə dayanması və ya İranın hərbi əməliyyatlarının intensivləşməsi) qiymətlərin 100 dollar həddini aşması bazar analitikləri tərəfindən tam istisna edilmir-bu il artıq martda oxşar gərginlik zamanı Brent qısamüddətli olaraq 140 dollara qədər qalxmışdı. Əksinə, əgər tərəflər arasında danışıqlar bərpa olunarsa və Hörmüz boğazından tanker hərəkəti normallaşarsa, qiymətlərin sürətlə geri çəkilməsi də mümkündür-EIA-nın əsas ssenarisinə görə bu, ilin dördüncü rübündə orta hesabla 78 dollara enməklə nəticələnə bilər. Yəni hazırkı yüksəliş çox voladil xarakter daşıyır və konkret hərbi-siyasi inkişafdan asılı olaraq həm yuxarı, həm də aşağı istiqamətdə kəskin dəyişə bilər.
Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə, mənzərə ilk baxışdan müsbət görünsə də, bir neçə qatlıdır. 2026-cı il dövlət büdcəsi "Azeri Light" markalı neftin orta illik qiymətini cəmi 65 dollar/barel səviyyəsində əsas götürüb-bu, hazırkı bazar qiymətindən (Brent 92 dollara yaxın, Azeri Light adətən bir qədər aşağı, lakin yenə də əhəmiyyətli yuxarı) xeyli aşağıdır. Bu o deməkdir ki, əgər yüksək qiymətlər davam edərsə, dövlət büdcəsi əvvəlcədən planlaşdırılan həcmdən əlavə gəlir əldə edəcək-bu əlavə gəlirin bir hissəsi Dövlət Neft Fonduna (ARDNF) yönələcək, bir hissəsi isə büdcə kəsirinin azaldılmasına, yaxud əlavə xərclərin maliyyələşdirilməsinə imkan verəcək. Lakin bu müsbət təsirin bir neçə məhdudiyyəti var. Birincisi, Azərbaycanın neft hasilatı son illərdə azalıb -2026-cı il üçün neft-qaz ÜDM-inin real ifadədə azalması proqnozlaşdırılır, yəni qiymət artımından əldə olunan fayda hasilat həcminin aşağı düşməsi ilə qismən neytrallaşır. İkincisi, dünya təcrübəsi göstərir ki, geosiyasi gərginlikdən qaynaqlanan qiymət artımları adətən qısamüddətli və qeyri-sabit olu- əgər danışıqlar bərpa olunub qiymətlər geri düşərsə, əlavə gəlirə əsaslanan xərc öhdəlikləri problemli ola bilər. Üçüncüsü, yüksək neft qiymətləri qlobal enerji və nəqliyyat xərclərinin artması vasitəsilə idxal inflyasiyasını gücləndirə bilər, bu da Azərbaycanda artıq mövcud olan inflyasiya təzyiqini (2026 üçün proqnozlaşdırılan 4,8%) daha da yüksəldə bilər-yəni büdcə gəliri artsa da, əhalinin real gəliri və alıcılıq qabiliyyəti bundan zərər çəkə bilər.
Strateji baxımdan isə bu vəziyyət Azərbaycan üçün qeyri-neft sektorunun inkişafına investisiya etmək üçün əlavə maliyyə imkanı yaradır-çünki əlavə neft gəliri, düzgün idarə olunduğu təqdirdə, iqtisadiyyatın neft asılılığından çıxmasına yönəlmiş islahatları sürətləndirə bilər. Bununla belə, bu, yalnız gəlirin necə istifadə olunmasından asılıdır, sadəcə qiymət artımının özündən deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31