Tikinti və qida sektoruna İran təsiri: Risk nə dərəcədə ciddidir? ÖZƏL
14:23 İqtisadiyyatİranda son aylarda dərinləşən siyasi gərginlik, təhlükəsizlik riskləri və iqtisadi böhran ölkənin xarici ticarət dövriyyəsinə ağır zərbə vurur. İstehsalatda yaşanan durğunluq və logistika zəncirindəki ləngimələr İran məhsullarının həm maya dəyərinin artmasına, həm də xarici bazarlara çıxarılmasında ciddi maneələrin yaranmasına səbəb olur. Azərbaycanın idxal portfelində də müəyyən paya sahib olan qonşu ölkədəki bu qeyri-müəyyənlik daxili bazarımız üçün də müəyyən suallar doğurur.
Bəs bu proses Azərbaycan bazarına necə təsir edəcək?
"Əlbəttə ki, İranda baş verən hadisələr və logistik marşrutlarda yaranan problemlər Azərbaycanla İran arasındakı ticarət münasibətlərinə də müəyyən dərəcədə təsir göstərə bilər. Artıq bəzi marşrutlarda gecikmələr yaranıb, təchizat zəncirlərində fasilələr müşahidə olunur".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, Azərbaycan bazarında İran mənşəli məhsulların müəyyən payı var. Bunlara əsasən tikinti materialları, keramika məhsulları, meyvə-tərəvəz, quru meyvələr, məişət malları və bəzi sənaye məhsulları daxildir. Bu baxımdan, baş verən hadisələr İran məhsullarının Azərbaycana çatdırılmasını ləngidə bilər. Bundan əlavə, ən ciddi məqamlardan biri nəqliyyat və sığorta xərclərinin artmasıdır. Nəticədə idxalçılar alternativ marşrutlardan istifadə etməyə məcbur qala bilərlər. Bu halda İran bazarını müəyyən məhsullar üzrə Türkiyə, Rusiya, Çin və digər ölkələrin bazarları əvəz edə bilər. Bu isə Azərbaycan bazarında bəzi məhsullar üzrə müəyyən bahalaşma və məhdud təklif riskini artırır.
Lakin iqtisadçı qeyd edib ki, Azərbaycan bazarı İran məhsullarından kritik səviyyədə asılı deyil. Buna görə də qısa müddətli perspektivdə bazarda ciddi qıtlıq gözlənilmir. Lakin gərginliyin uzun müddət davam etməsi enerji bazarlarında əlavə təzyiqlər yarada və qiymət artımlarını sürətləndirə bilər. Xüsusilə nəqliyyat, tikinti və kənd təsərrüfatı məhsulları sahələrində bu təsirlər daha çox hiss oluna bilər. Enerji bazarlarında baş verən dəyişikliklər və ümumi qeyri-müəyyənlik nəqliyyat, logistika və tikinti sektorlarında əlavə xərclərin yaranmasına səbəb olur. Bu da məhsulların maya dəyərinin yüksəlməsinə gətirib çıxarır. Azərbaycan qeyd olunan məhsulların bir qismi üzrə idxaldan asılı ölkə olduğuna görə, belə vəziyyət daxili bazarda qiymət artımı və bəzi məhsullar üzrə təklifin azalması ilə müşahidə oluna bilər. Lakin mövcud şəraitdə bu proseslərin iqtisadiyyat üçün kritik və ya ciddi böhran yaradacaq səviyyədə olduğunu söyləmək doğru olmaz. Ancaq proses uzun müddət davam edərsə, nəqliyyat və logistika xərclərinin artması, təchizat zəncirində problemlərin dərinləşməsi, eləcə də qiymət artımları və müəyyən məhsullar üzrə qıtlıq riskinin yaranması istisna deyil. Belə bir ssenaridə qeyd olunan çətinliklərin meydana çıxması qaçılmaz ola bilər.
Səidə Ramazanova