“Azərbaycan özünü Avropada etibarlı enerji tərəfdaşı kimi təsdiq edə bilib” - Asif İbrahimov

Azərbaycanın iqtisadi gündəmində enerji təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı və qlobal proseslərin ölkə iqtisadiyyatına təsiri əsas müzakirə mövzularındandır.

Bu istiqamətdə görülən işlər, mövcud problemlər və gözləntilərlə bağlı Gununsesi.info -nun suallarını AQC İH sədrinin müşaviri   Asif İbrahimov cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Hazırda Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını və bu sahədə perspektivləri necə qiymətləndirirsiniz?

-Hazırda Azərbaycan özünü Avropada etibarlı enerji tərəfdaşı kimi təsdiq edə bilib. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan bir sıra sahələrdə Rusiyanın yerini doldurmağa çalışdı. Düzdür, bunu tam şəkildə əvəz etmək çətindir. Həm təbii ehtiyatların həcmi, həm maddi-texniki baza, həm də resurslar baxımından bu, asan deyil.

Hazırda Azərbaycan gücləndirilmiş rejimdə çalışır və Avropanın qaz tədarükünün cəmi 4 faizini təmin edə bilir. Bununla yanaşı, Azərbaycanın Avropaya təqdim edə biləcəyi digər məhsullar da vacib məsələdir. Hazırkı dövrdə əsas ixracımız karbohidrogen ehtiyatlarıdır. Lakin Avropa sürətlə yaşıl enerjiyə keçid etməyə çalışır. Bir tərəfdən qaza ehtiyac duyur, digər tərəfdən isə alternativ enerji sahələrinə sərmayə yatırır.

Düşünürəm ki, Azərbaycan bu fürsətdən maksimum istifadə etməli, iqtisadiyyatını şaxələndirməlidir. Alternativ məhsullar istehsal edilməlidir. Təəssüf ki, Azərbaycan Avropa İttifaqı kimi dünyanın ən böyük bazarlarına məhsul ixrac edə bilmir.

Bildiyiniz kimi, Avropa İttifaqı 27 dövlətdən ibarət vahid bazardır. Təxminən 400 milyon əhalisi olan böyük istehlak bazarıdır. Azərbaycan istehsalçısı bu bazara məhsul çıxarmaqda çətinlik çəkir. Bunun əsas səbəbi qanunvericiliyimizdə olan boşluqlardır. Bizim qanunvericiliyimiz Avropa İttifaqının direktivləri ilə tam uyğun gəlmir.

- Azərbaycanın iqtisadi inkişafı və qeyri-neft sektorunun gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

-Bu gün Azərbaycan sahibkarı ciddi problemlərlə üzləşir. Qanunvericilikdə olan boşluqlar, laboratoriyalarımızın nəticələrinin Avropada qəbul edilməməsi, standart və meyarların fərqli olması ixrac imkanlarını məhdudlaşdırır. Bir sıra istiqamətlərdə biz onlardan geri qalırıq.

İqtisadi qanunvericilik hazırlanarkən bu işi yalnız hüquqşünaslar görməməlidirlər. Hüquqşünaslar daha çox inzibati yanaşma tətbiq edirlər və bu da iqtisadiyyata mənfi təsir göstərir.

Sırf iqtisadi yanaşmalar tətbiq olunmalıdır. Dünyanın iki ən böyük bazarı - ABŞ və Avropa İttifaqı əsas hədəf seçilməlidir. Hər iki bazarın təxminən 350-400 milyon istehlakçısı var. Hazırda Avropanın tələbatının cəmi 4 faizini təmin edə bilirik.

Bunun üçün əlavə qurğular, yeni stansiyalar və infrastruktur yaradılmalıdır. Avropa da bu prosesdə daha fəal iştirak etməli, əlavə maliyyə ayırmalıdır.

Qarşıdakı illər üçün qəbul olunan dövlət proqramlarının icrasında son dövrdə müşahidə olunan problemlər təkrarlanmamalıdır. Mən hesab edirəm ki, dövlət proqramları 2-3 ssenari əsasında hazırlanmalıdır. Hər hansı problem yaranacağı halda B, C və D planları da hazır olmalıdır. Bu halda uğur əldə etmək mümkündür.

Hazırda ən böyük problemlərimiz iqtisadi qanunvericilikdə olan boşluqlardır. Bu sahədə dəyişikliklər edilməli, xüsusilə qeyri-neft sektorunun və istehsal sahələrinin inkişafı təmin olunmalıdır ki, Azərbaycan Avropaya karbohidrogen ehtiyatlarından başqa məhsullar da ixrac edə bilsin.

Məsələn, Azərbaycanda istehsal olunan kabel Avropa İttifaqına ixrac edilə bilmir. Çünki CE uyğunluq nişanı tələb olunur. Azərbaycan istehsalçısı həmin uyğunluğu təmin edə bilmir və hər istehsalçının da bahalı məsləhətçilər cəlb etmək imkanı yoxdur.

- Prezident İlham Əliyevin iqtisadi islahatlar və rəqəmsal inkişafla bağlı mövqeyini necə qiymətləndirirsiniz?

-Cənab Prezidentin fikirləri ilə razıyam. Bu gün süni intellektlə bağlı dövlət strategiyaları hazırlanır, qanunlar qəbul edilir. Bu istiqamətdə ölkə başçısı tərəfindən mühüm addımlar atılır. Lakin Prezident bir çox çıxışlarında, istər dolayı, istərsə də birbaşa şəkildə həmin siyasətlərin icrasına cavabdeh olan qurumları, o cümlədən kənd təsərrüfatı siyasətini həyata keçirən qurumları tənqid edib. Biz bunu efirdə görürük, pərdəarxasında baş verənləri isə bilmirik.

Son müşavirədə də bu sahədə görülən işlərdən açıq narazılığını ifadə etdi. Çünki dövlət bütün zəruri maliyyə, inzibati və digər resursları ayırır. Amma yerində icra problemləri qalır. Pomidorun 6 manat 50 qəpik olması kimi hallar da bunun göstəricisidir.

Eyni zamanda rəqəmsal transformasiya istiqamətində Mehriban xanımın rəhbərliyi ilə şura yaradılıb və fəaliyyət davam etdirilir. Dünya iqtisadiyyatının xəritəsi yenilənir. Rəqəmsal transformasiyanı uğurla həyata keçirən ölkələr qarşıdakı illərdə üstün mövqeyə sahib olacaqlar. Bu keçidi həyata keçirə bilməyən ölkələr isə geridə qalacaqlar. Buna görə də Azərbaycan bu istiqamətdə bütün potensialını səfərbər etməlidir. Ölkə başçısı da bunu yaxşı anlayır. Mənim fikrimcə, niyyət də doğrudur, istiqamət də düzgündür. Sadəcə, icra keyfiyyəti artırılmalıdır.

- İran, ABŞ və İsrail arasında gərginlik Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

-Bildiyiniz kimi, Hörmüz boğazı ətrafında baş verən proseslər diqqət mərkəzindədir. Həmin boğaz vasitəsilə dünya üzrə gündəlik neft tədarükünün təxminən 20-21 faizi, sıxılmış maye qazın isə təxminən 35 faizi daşınır. Bundan başqa, kimyəvi maddələr, dərman preparatları və digər məhsullar da bu marşrutla nəql olunur.

Neftin qiymətinin bahalaşması Azərbaycan kimi neft ixrac edən ölkələr üçün müsbət haldır. Çünki dövlət büdcəsinin gəlirləri əsasən neftdən formalaşır.

Lakin neftin bahalaşması özü ilə inflyasiyanı da gətirir. Yanacaq qiymətlərinin artması sənayenin bütün sahələrində məhsulun maya dəyərinə təsir göstərir. Bundan əlavə, idxaldan asılı ölkələr üçün də əlavə çətinlik yaradır. Yəni neft qiymətlərinin yüksəlməsi bir tərəfdən büdcə gəlirlərini artırır, digər tərəfdən isə inflyasiya riskini yüksəldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31