Azərbaycan Rusiyanı əvəz etməyəcək, amma Avropa üçün strateji tərəfdaş olacaq- ÖZƏL
15:43 İqtisadiyyatPrezident İlham Əliyev Berlindəki mətbuat konfransında Azərbaycanın bu ildən Almaniyaya qaz ötürülməsinə başladığını və ixrac həcminin artırıla biləcəyini bəyan edib. Dövlət başçısı bildirib ki, bunun üçün TANAP və TAP kəmərləri genişləndirilməli, Avropada yeni interkonnektorlar tikilməlidir. Lakin əsas maneə Avropa İnvestisiya Bankının "yaşıl gündəlik" səbəbindən qaz layihələrinə maliyyəni dayandırmasıdır, bu səbəbdən Prezident Əliyev Avropa banklarını mövcud qərarlarına yenidən baxmağa çağırıb.
Prezidentin də vurğuladığı kimi, Avropa maliyyə institutlarının neft-qaz layihələrini maliyyələşdirməkdən çəkinməsi əsas problem olaraq qalır. Lakin Almaniya Azərbaycandan qaz alışını genişləndirmək niyyətindədir, o zaman bu siyasət dəyişə bilərmi?Azərbaycan yaxın gələcəkdə Avropa bazarında Rusiya qazını əvəz edə bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, fikrimcə, Azərbaycan Avropada Rusiyanın yerini tutmayacaq. Amma strateji tərəfdaş kimi öz rolunu gücləndirə bilər. Azərbaycanın Rusiya kimi nə maddi-texniki imkanları, nə də təbii sərvətlərinin həcmi buna imkan verir.
Prezident İlham Əliyevin Berlində verdiyi açıqlamalar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha gündəmə gətirdi. Artıq bu ildən Azərbaycan Almaniyaya qaz ixracına başlayıb və Almaniya şirkətləri ilə illik 1,5-1,6 milyard kubmetr həcmində 10 illik qaz tədarükü üzrə razılaşma əldə olunub. Bu, Azərbaycanın Avropa enerji bazarında mövqeyinin gücləndiyini göstərir. Azərbaycan bu illər ərzində özünü etibarlı tərəfdaş kimi təsdiq etməyi bacarıb. Amma məsələyə daha real qiymət versək, Azərbaycan yaxın perspektivdə Rusiyanın Avropaya ixrac etdiyi qazı tam əvəz edə bilməz. Bu gün Azərbaycan TANAP və TAP kəmərləri vasitəsilə ən yaxşı halda Avropanın qaz tələbatının təxminən 4 faizini ödəyə bilir. Bu da onu göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaş olsa da, qalan 96 faiz başqa mənbələrdən təmin olunmalıdır.
Əvvəllər Rusiya bunun 10 dəfədən çoxunu təmin edə bilirdi. Bunun əsas səbəbi həm qaz ehtiyatlarının, həm də mövcud ixrac infrastrukturunun məhdud olmasıdır. Hazırda TANAP və TAP kəmərləri demək olar ki, maksimum gücə yaxın işləyir. Əlavə kompressorlar quraşdırılıb, istehsal həcmi artırılıb ki, Avropaya əlavə qaz satmaq mümkün olsun. Bunun üçün kəmərlərin genişləndirilməsi və yeni interkonnektorların tikilməsi gündəmə gətirilib. Bu istiqamətdə Azərbaycan hökuməti və qaz hasilatını həyata keçirən təşkilatlar artıq qərarlar qəbul edib, investisiya planlarına bunu daxil ediblər.
Azərbaycanın üstünlüyü Rusiyadan daha böyük qaz istehsalçısı olmaq deyil. Üstünlüyü alternativ və etibarlı tədarükçü kimi çıxış etməsidir.
Avropa üçün enerji təhlükəsizliyi artıq yalnız qiymət məsələsi deyil. Burada əsas məqsəd tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi, hər hansı bir ölkədən asılılığın azaldılması, etibarlı tədarükün təmin edilməsi, beynəlxalq standartlara uyğun fəaliyyət, müqavilə şərtlərinə əməl olunması və bir sıra digər meyarların yerinə yetirilməsidir. Bu baxımdan Azərbaycan Avropa üçün olduqca strateji əhəmiyyət daşıyır.
Digər tərəfdən, Avropanın enerji siyasətində müəyyən ziddiyyətlər də mövcuddur. Bir tərəfdən Avropa daha çox qaz almaq istəyir, digər tərəfdən isə yaşıl keçid siyasəti çərçivəsində qaz infrastrukturu layihələrinin maliyyələşdirilməsinə ehtiyatla yanaşır. Yəni həm qaza tələbat var, həm də alternativ enerji istiqamətində addımlar atılır.
Halbuki enerji keçidi uzunmüddətli və mərhələli prosesdir. Düşünürəm ki, təbii qaz yaxın onilliklərdə də Avropanın enerji balansında mühüm yer tutacaq. Əgər Avropa Azərbaycandan qaz idxalını artırmaq istəyirsə, bunun üçün yalnız əlavə həcm tələb etməsi kifayət deyil. TANAP və TAP layihələrinin genişləndirilməsi, yeni interkonnektorların tikintisi və digər infrastruktur layihələri üçün maliyyə və siyasi dəstək də göstərilməlidir. Əks halda, tələb olunan həcmlərin çatdırılması mövcud şəraitdə çətin olacaq. Enerji təhlükəsizliyinin həm istehsalçının, həm də istehlakçının ortaq məsuliyyəti olduğunu anlamaq lazımdır.
Azərbaycan bu prosesi yalnız qaz ixracının artırılması kimi qiymətləndirməməlidir. Nə biz, nə ekspert camiəsi, nə hökumət, nə də vətəndaşlarımız. Çünki Avropanın uzunmüddətli strategiyası bərpa olunan enerjiyə keçidi sürətləndirməkdir. Buna görə də qaz satışından əldə olunan gəlirləri yeni enerji infrastrukturu, bərpa olunan enerji layihələri, elektrik enerjisinin ixracı və yüksək əlavə dəyər yaradan digər sahələrə yönəltməliyik. Yəni oturub düşünməməliyik ki, bizim qazımız var və Avropa daim onu alacaq. Yaşıl keçid siyasəti çərçivəsində onlar artıq bu istiqamətdə transformasiyaya başlayıblar.
Hesab edirəm ki, Azərbaycanın əsas məqsədi Rusiyanın yerini tutmaq deyil, Avropanın enerji təhlükəsizliyində uzunmüddətli və etibarlı tərəfdaş kimi öz mövqeyini gücləndirmək olmalıdır. Eyni zamanda Cənub Qaz Dəhlizinin genişləndirilməsi və gələcəkdə Mərkəzi Asiya qazının da məhz Azərbaycan üzərindən Avropaya nəql edilməsi ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıra bilər.
Burada vacib məsələ ondan ibarətdir ki, bu gün yaranan imkanlardan düzgün istifadə etməliyik. Hazırda həm dünyanın siyasi xəritəsində, həm də texnoloji xəritəsində yeni dövrə qədəm qoyuruq.
Qarşıdakı 5-10 il olduqca həlledici olacaq. Ölkələrin və xalqların rəqəmsal transformasiyaya keçidi, yeni müasir iqtisadi qanunauyğunluqlara uyğunlaşması çox vacibdir. Bu keçidi uğurla həyata keçirə bilən ölkələr gələcəyin dominant dövlətləri olacaq. Bunu bacarmayan ölkələr isə, kobud desək, həmin dominant ölkələrdən asılı vəziyyətə düşəcəklər.
İllər sonra eyni suallarla üzləşməmək üçün bu istiqamətdə daha çevik olmalı və dövlət proqramları ilə prosesi dəstəkləməliyik. Texniki, maddi, maliyyə və insan resursları baxımından bu sahəyə dəstək verilməlidir. Dövlət proqramlarında nəzərə alınmayan əsas məqamlardan biri onların bir neçə ssenari üzrə hazırlanmasıdır. Yəni bir ssenari baş verərsə nə ediləcək, başqa ssenari baş verərsə hansı tədbirlər həyata keçiriləcək-bunlar əvvəlcədən planlaşdırılmalıdır. Hazırda bunu etmirik, edə bilmirik və ya buna kifayət qədər maraq göstərmirik. Neft və qaz gəlirlərini davamlı iqtisadi inkişafa çevirə biləcəyikmi, yoxsa sadəcə xammal ixracını artırmaqla kifayətlənəcəyik? Bu sualı indidən özümüzə verməliyik ki, sonradan peşman olmayaq".
Zeynəb Mustafazadə