Almaniya ilə strateji tərəfdaşlıq: Qaz ixracı və logistika üçün yeni perspektivlər ÖZƏL

"Almaniya kansleri Fridrix Merts ilə keçirilən görüş  Azərbaycan üçün əsasən enerji ixracının şaxələndirilməsi baxımından yeni perspektivlər açır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu ildən etibarən Almaniyaya birbaşa qaz göndərməyə başlayıb və 10 illik müqavilə çərçivəsində illik həcm hazırda təxminən 1,5 milyard kubmetr təşkil edir. Kanslerin xam neft və təbii qaz tədarükünü genişləndirmək niyyətini bəyan etməsi göstərir ki, Almaniya idxal mənbələrini şaxələndirmək istəyində maraqlıdır və bu, Azərbaycan üçün ənənəvi neft ixracından əlavə, qaz ixracının da uzunmüddətli, sabit tərəfdaşlığa çevrilməsi imkanı deməkdir".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

" Eyni zamanda infrastruktur məhdudiyyəti açıq şəkildə vurğulanıb-TANAP və TAP xətləri hazırda tam tutumla işləyir və əlavə həcmlərin ötürülməsi üçün yeni maliyyələşmə tələb olunur. Bu, Azərbaycan iqtisadiyyatı üçün həm çağırış, həm imkandır: əgər Avropa tərəfi (xüsusən Avropa İnvestisiya Bankı kimi qurumlar) yaşıl gündəlik səbəbindən neft-qaz layihələrinə maliyyəni məhdudlaşdırmaqda davam etsə, ixracın artırılması ləngiyə və ya başqa tutmaya bilər. Lakin Almaniyanın bu məsələni gündəmə gətirməsi, gələcəkdə maliyyə və infrastruktur maneələrinin siyasi səviyyədə həll olunması üçün yol aça bilər.
Kritik xammal sahəsində əməkdaşlıq isə fərqli, lakin tamamlayıcı bir istiqamətdir. Alman sənayesi metallara, nadir xammala və etibarlı logistika dəhlizlərinə ehtiyac duyur, Azərbaycan isə həm öz təbii ehtiyatları, həm də Mərkəzi Asiyanın resurslarını  Avropa bazarına çatdıran nəqliyyat-logistika körpüsü rolunda çıxış edir. Bu, Orta Dəhliz layihəsinin strateji əhəmiyyətini artırır və Azərbaycanı təkcə enerji ixracatçısı kimi deyil, regional tranzit və logistika mərkəzi kimi mövqeləndirir.
Qeyri-neft sektoru baxımından bunun potensial təsiri bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, tranzit və logistika xidmətlərinin həcminin artması, nəql olunan xammalın emalı, saxlanması və yenidən ixracı ilə bağlı yeni infrastruktur layihələrinə tələbat yarada bilər. İkincisi, Almaniya ilə "ağıllı kənd təsərrüfatı" istiqamətində əməkdaşlıq imkanlarının müzakirə olunması göstərir ki, tərəfdaşlıq təkcə xammal ixracı ilə məhdudlaşmır, texnologiya transferi və birgə istehsal layihələri də gündəmdədir. Üçüncüsü, alman biznes dairələrinin məsələn,  Almaniya İqtisadiyyatının Şərq Komitəsinin- Azərbaycanla institusional əməkdaşlığı dərinləşdirmək istəyinin  bildirilməsi, uzunmüddətli investisiya axınının artması üçün əlverişli siqnal sayıla bilər.
Bununla belə, bu perspektivlərin real nəticəyə çevrilməsi bir sıra şərtlərdən asılıdır: infrastruktur maliyyələşməsinin təmin olunması, Avropanın enerji siyasətindəki "yaşıl gündəlik" məhdudiyyətlərinin yumşaldılması və imzalanan Birgə Bəyannamənin praktiki addımlarla dolğunlaşdırılması. Əgər bu şərtlər yerinə yetirilsə, görüşün nəticələri Azərbaycanın həm enerji ixracını şaxələndirməsi, həm də qeyri-neft sektorunda- xüsusən logistika, emal sənayesi və kənd təsərrüfatı texnologiyaları sahəsində Avropa ilə əlaqələrini institusional səviyyəyə çıxarması üçün əhəmiyyətli zəmin yarada bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31