İqtisadi təhlükəsizlik yalnız enerji gəlirlərindən asılı olmamalıdır- ÖZƏL
11:10 İqtisadiyyat"Mövcud vəziyyət bir daha göstərir ki, Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyi yalnız enerji gəlirlərindən asılı olmamalıdır. Son illərdə sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafı, rəqəmsal iqtisadiyyat, logistika, turizm və yaşıl enerji sahələrinə yönələn investisiyalar məhz bu məqsədə xidmət edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sənaye və enerji layihələri, bərpa olunan enerji istehsalı, nəqliyyat-logistika dəhlizlərinin inkişafı gələcəkdə qeyri-neft ixracının artmasına imkan verə bilər". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Mahir Zeynalov deyib: "ABŞ-İran münasibətlərində gərginliyin azalması və Hörmüz boğazında vəziyyətin normallaşması qlobal neft bazarında yeni reallıq formalaşdırır. Beynəlxalq analitiklərin proqnozları yaxın dövrdə bazarda təklif bolluğunun yaranacağını və bunun qiymətlərə aşağı istiqamətli təsir göstərəcəyini deməyə əsas verir.
Azərbaycan üçün bu proses həm müəyyən risklər, həm də yeni imkanlar yaradır. Qısamüddətli dövrdə aşağı neft qiymətləri büdcə gəlirləri və ixrac daxilolmalarına mənfi təsir göstərə bilsə də, ölkənin güclü maliyyə ehtiyatları bu riskləri yumşaltmağa imkan verir. Daha vacibi isə odur ki, belə dövrlər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, innovasiya və yüksək texnologiyalara əsaslanan istehsalın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətləndirilməsinin vacibliyini bir daha nümayiş etdirir. Məhz bu istiqamətdə ardıcıl siyasət Azərbaycanın gələcəkdə qlobal enerji bazarlarındakı qiymət dəyişkənliyindən daha az asılı olan dayanıqlı iqtisadi model formalaşdırmasına imkan verə bilər.
Neft bazarının gələcək inkişaf trayektoriyasına təsir edəcək əsas amillərdən biri də OPEC+ ölkələrinin hasilat siyasəti olacaq. Əgər bazarda təklif profisiti daha da artarsa və qiymətlər kəskin enməyə başlarsa, kartelin hasilatın azaldılması ilə bağlı yeni qərarlar qəbul etməsi istisna edilmir. Bununla belə, üzv ölkələrin bazar payını qorumaq istəyi hasilat məhdudiyyətlərinin effektivliyini azalda bilər. Digər tərəfdən, dünya iqtisadiyyatında gözlənilən artım tempinin zəifləməsi, elektromobillərin geniş yayılması, enerji səmərəliliyinin yüksəlməsi və bərpa olunan enerji mənbələrinin payının artması uzunmüddətli perspektivdə neftə olan tələbatın artım tempini məhdudlaşdıran amillər kimi çıxış edir. Bu baxımdan Azərbaycan da qlobal enerji bazarlarında baş verən struktur dəyişikliklərini diqqətlə izləməli, neft gəlirlərindən asılılığın daha da azaldılması, qeyri-neft ixracının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin inkişafı istiqamətində həyata keçirilən islahatları sürətləndirməlidir. Bu yanaşma qlobal enerji bazarında mümkün qiymət dalğalanmalarının milli iqtisadiyyata təsirini minimuma endirməyə və uzunmüddətli makroiqtisadi sabitliyi təmin etməyə imkan verəcək".