Türkmənistanın strateji passivliyi: Neytrallıq, yoxsa tərəddüd? – ÖZƏL

Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın Aşqabada səfərində Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqli müzakirə olunub. Hazırda İran vasitəsilə məhdud svop tədarükü həyata keçirilsə də, Ankara bu marşrutu genişləndirmək istəyir. Bununla yanaşı, ekspertlər Türkmənistanın neytrallıq siyasətinə üstünlük verərək Transxəzər layihəsi və digər regional enerji-logistika təşəbbüslərinə ehtiyatla yanaşdığını bildirirlər. Bu mövqe ölkənin son beynəlxalq tədbirlərdə aşağı səviyyədə təmsil olunmasında da özünü göstərir.

"Türkmənistanın bu davranışı yeni deyil. Ölkə 1995-ci ildən rəsmi olaraq daimi neytrallıq statusu daşıyır və bu statusu xarici siyasətdə "universal bəhanə" kimi istifadə edir. Lakin burada neytrallıqla passivliyi bir-birindən ayırd etmək lazımdır. Neytrallıq bloklara qoşulmamaq deməkdir-enerji infrastrukturuna investisiya qoymamaq deyil. Aşqabadın bu çəkinməsinin arxasında bir neçə real amil var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, ilk növbədə burada Rusiya və Çin kimi təzyiq faktoru müşahidə edilir. Türkmənistanın qaz ixracının əzəmətli hissəsi - təxminən 80 faizi Çinə gedir. Pekin bu inhisarçı mövqeyi qorumaqda son dərəcə maraqlıdır. Transxəzər kəməri reallaşarsa, Aşqabad Avropaya da satmağa başlayar, bu isə Çinin alış qiymətlərini diktə etmə gücünü azaldır. Rusiya da eyni şəkildə Türkmənistanın Qərblə birbaşa enerji körpüsü qurmasından narahatdır. Beləliklə, Aşqabadın "neytrallığı" qismən xarici təzyiqin idarə edilməsinin nəticəsidir.

Ekspertin sözlərinə görə, burada ən vacib faktoru da nəzərə almaq lazımdır ki, bu da daxili amil-elita qorxusudur. Türkmənistan qapalı, şəxsi hakimiyyətə əsaslanan bir dövlətdir. Böyük xarici layihələr beynəlxalq monitorinq, şəffaflıq tələbləri və xarici aktorların ölkəyə artan nüfuzunu gətirir. Aşqabad elitası bunu öz hakimiyyəti üçün risk kimi görür. TDT sammitinə qatılmamaq, Bakı Enerji Həftəsini aşağı səviyyədə təmsil etmək - bunlar kiçik siqnallar deyil, sistemli bir mesajdır: "Biz şərtləri özümüz müəyyən edirik." Burada real bir paradoks var. Türkmənistan dünyada ən böyük qaz ehtiyatlarından birinə sahib olmaqla yanaşı, bu sərvəti strateji leveraja çevirə bilmir. Hər il gecikdikcə alternativ marşrutlar- LNG terminalları, digər Mərkəzi Asiya enerji dəhlizləri güclənir və Aşqabadın unikal mövqeyi zəifləyir. Orta Dəhliz baxımından vəziyyət daha kəskindir. Türkmənistansız bu dəhliz tam potensialına çata bilməz, lakin layihə Aşqabadı gözləmədən inkişaf etməyə davam edir. Bu isə o deməkdir ki, nə qədər gecikirsə, Türkmənistan bir iştirakçı kimi deyil, bir keçid nöqtəsi kimi şərtlər diktə etmədən, sisteme daxil olmaq məcburiyyətində qala bilər.

"Yekun olaraq demək olar ki, Aşqabadın passivliyi həm rasional, həm də risqlidir. Qısa müddətdə daxili sabitliyi qoruyur, lakin uzunmüddətli perspektivdə Türkmənistanı regional inteqrasiyadan kənarda qalan, resursları olan amma təsiri olmayan bir aktora çevirə bilər", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31