İqtisadiyyatın ucuz enerjiyə ehtiyacı var- ÖZƏL

İqtisadçı ekspert Elman Sadıqov Bakıda keçirilən enerji həftəsi ilə bağlı fikirlərini bölüşüb. "Olaylar" ekspertin təhlil xarakterli məqaləsini təqdim edir:
Prezidentin çıxışından sitat: "Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq." 
Bu sitatı saatlarla şərh və təhlil etmək olar. Həm keçmiş təcrübələri, həm bu gün baş verənləri, həm də gələcəyi ehtiva edən bu sitata (çıxışda bir çox bu kimi vacib fikirlər var) bir elmi hipotez kimi yanaşaq. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Söhbətin bu gündən və ən azı növbəti 30-40 ildən getdiyini qəbul edək. Bu fikrin təsdiqi üçün bir önəmli faktı önə çıxaraq. 1950-ci illərin ortalarında dünyada atom enerjisinin peyda olduğunu, daha çox neft və qaz yataqları tapılmağa başladığını, təbiəti ən çox çirkləndirən təbii resursun daş kömür olduğunu, daş kömürün həm də keçmişin qalığı olduğunu, çıxarılması zamanı insan həyatları itkilərini nəzərə alaraq 1980-ci illərin ortalarına qədər daş kömür istehsalının illik 0 tona qədər azaltmağı planlaşdırır və proqnozlaşdırırlar. Nəticə? Bu gün dünyada illik daş kömür istehsalı özünün rekord həddinə, illik 8.5 milyard tona çatmışdır. Alternativ enerjinin də meydana çıxmasına və artmasına baxmayaraq artım hər il davam edir. Əsas səbəblərdən başlıcası isə iqtisadiyyatların ucuz enerjiyə ehtiyacının olmasıdır. Çində daş kömür istehsalı (illik 4.83 milyard ton, qlobal daş kömür istehsalının 58%-i Çinin payına düşür) və ucuz enerji olmasaydı, Çin bu günkü Çin olmazdı.  
Daş kömür istehsalı və istehlakı bu həddə çatıbsa (doğrudur, Avropa Birliyi Çexiyada olan sonuncu daş kömür mədənini hələ bu ilin fevralında bağladı) o zaman neft/qaz istehsalı və istehlakının azaldılması, ondan imtina nəzəri və praktiki olaraq mümkün görünmür. Neft və qazla bağlı məsələlərdə həm oxşar, həm fərqli cəhətlər var. 70%-ə yaxını yanacağa sərf olunan neftə tələb (elektro və hibrid maşınların artması, avtomobil mühərriklərinin ilbəil daha qənaətcil olması, əhali artımının zəifləməsi, alternativ enerjinin çəkisinin artması, ən əsası isə təklifin, yəni neft ehtiyatlarının çox olması və sair) azalacaq, bu isə qiymətlərə təsir göstərəcək. Hesablamalar göstərir ki, bu gün neft bazarına müdaxilə, süni və təbii təsirlər (embarqo və sanksiyalar, müharibələr, qiymət artımı üçün istehsalın aşağı salınması və sair) olmasaydı, qiymətlər ən baha həddində belə 50 dollar ətrafında olacaqdı. Lakin, qlobal neft sənayesi, xüsusilə ABŞ-də istehsal olunan şist neftin maya dəyərinin təxminən bu həddə olmasını nəzərə alaraq qiymətləri daha yuxarı həddə saxlayırlar. Digər tərəfdən, əgər qlobal iqtisadiyyatın içindən neft sənayesini çıxartsaq (fərz edək ki, neft hasilatı minimuma düşür) bu halda dünya maliyyə sisteminin çökməsinin şahidi olarıq. Ən azı unutmayaq ki, sistem petrodollar sistemidir və hələlik alternativ bir sistem yoxdur. Deməli, dünya neftdən imtina etməzdən öncə (hətta 30-40 il sonra) maliyyə sistemi haqqında da düşünməlidir. Dava elə bu məsələnin davasıdır!
Qaz məsələsində isə vəziyyət nisbətən başqadır və dəyişir. 4-cü Sənaye İnqilabı, robotlaşma, elektromobillərin artması, blokçeyn və xüsusilə süni intellektin inkişafı elektrikə tələbi hər il düşünüləndən daha sürətli bir şəkildə artırır. Qlobal elektrik enerjisi istehsalında mənbələrin payına aşağıdakı cədvəldə nəzər yetirək:
Enerji mənbəyi    Pay (%) Qeydlər
Kömür: ~34% (2025) → ~32-33% (2026) İlk dəfə olaraq bərpa olunanlardan geri qalır
Təbii qaz: ~22-23% Sabit, bəzi regionlarda artım var
Bərpa olunan enerji (ümumi): ~34% (2025) → ~35% (2026) Hidro, külək, günəş birlikdə kömürü ötüb
- Hidro ~14% Ənənəvi əsas bərpa olunan
- Külək + Günəş ~13-15% Ən sürətli artan seqment
- Digər RES (bio, geotermal və s.) ~6% Kiçik, amma sabit artım
Nüvə ~9% Tarixi maksimuma yaxınlaşır
Digər (neft, tullantı və s.) ~2% Kiçik pay
Bu cədvəlin təhlili də əslində vəziyyətin alternativ enerjinin xeyrinə dəyişdiyini göstərsə də (ölkəmiz bu səbəbdən bu sahəyə də investisiyaları artırmağı planlaşdırır) qlobal elektrik enerjisi istehsalının 22-23%-i təbii qazın payına düşür. Böyük rəqəmdir. Daş kömürün payı isə azalmaqdadır. Qaz hələ uzun müddət təkcə istilik mənbəyi kimi deyil, həm də elektrik enerjisi istehsalı mənbəyi kimi öz aktuallığını saxlayacaq. Bu gün isə neftdə olduğu kimi, qazdan da imtina mümkün deyildir. Məsələ, alternativ enerjinin qalib gəlib-gəlməyəcəyi deyil, dünya zatən bu istiqamətdə sürətlə irəliləyir. Məsələ, zaman məsələsidir ki, enerji sahəsində təbliğ olunan kardinal dəyişikliklərin 5-10 il deyil, daha çox zaman tələb edəcəyidir.
Yuxarıda qeyd etdiyim sitatın ikinci önəmli hissəsi olan, "Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq" fikri isə gələcəyə yönümlü təhlil, hesablama əsaslı və azalmaqda olan enerji mənbələrindən maksimum səmərə və rentabelliliklə istifadənin də ön planda olduğu strategiya formalaşdırmağı nəzərdə tutur ki, bu da başqa önəmli mövzudur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31