Valyuta bazarında sabitlik yaranıb
Dövriyyədə xeyli müddətdir nəğd pul qıtlığı müşahidə edilməkdədir. Zaman-zaman bu problemin necə aradan qaldırılmasının yolları barədə iqtisadi ekspertlər tərəfindən məkliflər, dəyərləndirmələr verilir. Birmənalı olaraq isə o qeyd edilir ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmırlar.
1 İyun 2017 13:54 İqtisadiyyatİnflyasiyanın artım dinamikası zəifləyib
Dövriyyədə xeyli müddətdir nəğd pul qıtlığı müşahidə edilməkdədir. Zaman-zaman bu problemin necə aradan qaldırılmasının yolları barədə iqtisadi ekspertlər tərəfindən məkliflər, dəyərləndirmələr verilir. Birmənalı olaraq isə o qeyd edilir ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmırlar. Elə iqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir. O, bildirib ki, əslində, heç mümkün də deyil: "Ümumiyyətlə, pul tələb olunduğu halda, dövriyyəyə buraxılmalıdır. İqtisadiyyatda sabitlik yarandıqca və atmosfer yaxşılaşdıqca, sözügedən vəziyyət tədricən aradan qaldırılacaq. Və bu da özünü ilk növbədə Mərkəzi Bankın (AMB) uçot dərəcəsində göstərməli idi. Yəni o, 15 faizdən tədricən aşağı salınmağa başlanmalı idi. AMB sədri Elman Rüstəmov jurnalistlərə açıqlama verib ki, may ayının monitorinqi inflyasiyanın azaldığını göstərir. "Belə olan şəkildə, bütövlükdə faiz dərəcəsinin azaldılması, bir qədər yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında Mərkəzi Bankın Komitəsinin iclası keçiriləcək və o zaman bu, əsas müzakirə mövzusu olacaq",- deyə, sədr qeyd edib". İqtisadçı bildirib ki, 2016-cı il sentyabrın 14-dən Azərbaycanda uçot dərəcəsi 15 faiz səviyyəsindədir: "Ümumiyyətlə, AMB-nin mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən bu göstərici 2010-cu ilin oktyabrın 31-dək 2, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3 faiz təşkil edirdisə, keçən ilin fevralın 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15 faiz səviyyəsində müəyyən edilib. Sonuncu dəfə uçot dərəcəsi 2008-ci ilin iyun ayının 8-də 15 faiz olub. AMB nəğd pul kütləsinin həcmini azaltmaq və yaxud sıxışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir və təkcə, uçot dərəcəsini qaldırmaqla buna nail olmaq siyasəti yürütmür. Məsələn, depozit hərraclarının keçirilməsi vasitəsilə banklardan manat vəsaitini cəlb etmək də bura daxildir. Və yaxud da, nəğd əməliyyatların ləğv olunması və sair kimi addımları misal göstərmək olar. Bunların hər biri effektlilik baxımdan çox mühüm vasitədir və çox ciddi nəticələr verib". Pərviz Heydərovun sözlərinə görə, hazırda isə mənzərə dəyişib: "Valyuta bazarında sabitlik yaranıb, inflyasiyanın artım dinamikası zəifləyib. İqtisadiyyatda 2 ildir ardıcıl davam edən geriləmə prosesi dayanıb və artıq, stabilləşmə müşahidə edilir. Manatın dollara qarşı dəyəri isə yanvarda 8,23 faiz ucuzlaşmaya baxmayaraq, valyuta bazarında "alov" tədricən yatmağa başladı. Hansı ki, inflyasiyanı sürətləndirən də əslində, elə məhz bu amil idi. Ümumiyyətlə, ölkəmizdə neft hasilatının pik dövrü olan 2010-cu ildə inflyasiya 5,7, 2011-ci ildə 7,9, 2012-ci ildə 1,1, 2013-cü ildə 2,4, 2014-cü ildə 1,4, keçən il isə 4 faiz təşkil edib. Yəni, birrəqəmli səviyyədə olub. Halbuki, göstərilən illərdə Mərkəzi Bankın uçot dərəcəsi 2010-cu ilin oktyabrın 31-dək 2 faiz, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Yəni, pul-kredit siyasəti sərtləşdirildiyi halda, inflyasiya göstəricisi azalmaq əvəzinə yüksəlib. Ona görə də, əvvəlki şərhlərimdə də yazdığım kimi, qeyd olunan ümumi infliyasiya səviyyəsi bizdə əslində, iqtisadiyyatı idarəetmə vasitələrinin normal işləmədiyini göstərib. Yəni, ölkəyə xarici valyuta axdığı, tədiyyə balansında müsbət saldo hökm sürdüyü, AMB-nin uçot dərəcəsinin təkrəqəmli olduğu və bunun müqabilində iqtisadi aktivlik müşahidə edildiyi zaman illik istehlak qiymətləri indeksi birrəqəmli səviyyədə təşkil etdiyi halda, dollar çatışmadığı, tədiyyə balansında disbalans, AMB-in uçot dərəcəsi 15 faiz və heç bir iqtisadi aktivlik müşahidə olunmadığı halda isə ikirəqəmli inflyasiya qeydə alınır. Deməli, bu, bilavasitə manatın ucuzlaşması nəticəsi olub. 2016-cı il ərzində də 12 faizdən çox inflyasiya məhz manatın ABŞ dolları qarşısında il ərzində 15 faizə yaxın ucuzlaşması nəticəsində yaranıb. Başqa sözlə desəm, inflyasiya bilavasitə idxal ilə bağlı baş verib. Və bu, daxili valyuta bazarında mövcud vəziyyətin necə təhlükəli xarakter daşıdığını göstərib. Nəzərə almaq lazımdır ki, daxili bazarda proseslər hələ idarəolunan üzən məzənnə rejimi əsasında tənzimlənir. Yəni, sərbəst buraxılsa idi, infliyasiya ümumiyyətlə, yüksək ola bilərdi". İqtisadçı qeyd edib ki, 2016-cı il ərzində inflyasiyanın 12 faiz ətrafında təşkil edəcəyini hökumət əvvəldən bildirmişdi: "Odur ki, 2017-ci ilə dair şərhlərimdə yazmışdım ki, bu il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf də məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. 2017-ci il üçün rəsmi olaraq isə 7,3 % inflyasiya səviyyəsi nəzərdə tutulub. Sözün qısası, hələlik bəlli deyil ki, AMB dərəcəni hansı səviyyədə aşağı salacaq. Və demirəm ki, uçot dərəcəsi aşağı salınan kimi dövriyyədə nəğd manat kütləsi artacaq. Xeyr. Ancaq buna həqiqətən də böyük ehtiyac var".
Məhəmməd