SAHİLDƏN ÜFÜQƏ… (“Xəzərin sahilindən…” kitabına filo-kulturoloji baxış)

Azərbaycan Respublikasının paytaxtı Xəzərin sahilində yerləşir; bu dənizin sahilində yerləşən yeganə paytaxt Bakıdır. Şairim der, "Üfüqlər xəyaldır, sahillər gerçək"... Bəli, gerçəklik belədir, ancaq üfüq anlayışı, üfüqötəsi var axı... "Yox"un olmadığını, "var" olanı bilən bilir; üfüqün nə üçün, sahilin nə üçün olduğunu bəsirətlə dərk edir. Bilir ki, üfüq necə olur, sahil necə, dəniz necə...
Bir kitab oxunub suallara cavab vermədən öncə, ilk növbədə özü bir sual doğurur: bu kitab hansı ehtiyacdan yaranıb? Yalnız yazmaq ehtiyacındanmı, söylənmiş sözü qorumaq istəyindənmi, yoxsa bir zaman kəsiyinin düşüncə mənzərəsini gələcəyə ötürmək məsuliyyətindənmi?
Sənətşünas alim, jurnalist, pedaqoq Fəxriyyə Lilparın "Xəzərin sahilindən..." kitabına bu sualla yanaşanda onun adi müsahibələr toplusu olmadığı daha aydın görünür. Burada televiziya ekranından keçmiş söz özünün ikinci yaşamına başlayır. Danışılmış söz yazıya çevrilir, efemer (keçici) olan qalıcılaşır, görüntü mətnləşir, mətn isə QR kod vasitəsilə yenidən görüntüyə qayıdır. Beləcə, qəribə, çağdaş bir mədəni dövriyyə yaranır: insan-söz-ekran-mətn -yaddaş-yenidən ekran... Bax, bəlkə də kitabın ən ilginc kulturoloji özəlliyi elə budur; çün insan yaratdıqlarından savayı, həm də yadda saxlaya bildikləri, yadda saxlamağı seçdikləri ilə mədəniyyət yaradır.
 
XƏZƏR. XƏZƏR! XƏZƏR...
Kitabın adındakı "Xəzər"i yalnız çəkiliş məkanı kimi qəbul etsək, əsərin fəlsəfi imkanlarını xeyli daraltmış olarıq. Xəzər burada həm gerçəkdir, həm metafordur; sahil isə quru ilə suyun görüşdüyü sınırdır. Fəlsəfi anlamda sınır iki fərqli varlıq halının bir-birini duyduğu məkandır - yəni fəlsəfə sınıra ayrıc demir. Budur, Torpaq sabitliyi, Su hərəkəti bildirir, Sahil onların arasındakı dialoqdur. - "Xəzərin sahilindən..." də məhz belə bir dialoq məkanı yaradır - Bir tərəfdə insanın yaşanmış ömrü, qazandığı təcrübə, peşə yaddaşı, dünyagörüşü; o biri tərəfdə isə daim dəyişən zaman dayanır, zaman... Müsahibə həmin ikisinin sahildə görüşməsidir. Dalğa gəlir və çəkilir. Söz də belədir - deyilir və sanki yox olur. Ancaq yazıya köçürülmüş söz dalğanın sahildə qoyduğu iz kimidir. Kitab həmin izi qorumaq çabası olsun gərək. Bu anlamda Fəxriyyə Lilparın gördüyü işi yalnız telejurnalistika hadisəsi kimi səciyyələndirmək yetərli olmazdı; burada jurnalist tədricən yaddaş toplayıcısına, veriliş isə zaman keçdikcə mədəni arxivə çevrilir.
Yaxşı, bəs o zaman belə bir sual: müsahibə, yoxsa zamanın özünüdərki? - Gəlin cavabı birgə axtaraq. - Yaxşı müsahibənin qəribə bir özəlliyi var: sual bir nəfərə verilir, cavab isə bəzən bütöv bir dönəm haqqında olur.
İnsan özündən danışarkən ailəsindən, müəllimindən, şəhərindən, kitab-dəftərindən, sənətindən, toplumundan danışır. Bununla da fərdi özkeçmiş kollektiv yaddaşın kiçik modelinə çevrilir. "Xəzərin sahilindən..." toplusunda müxtəlif elm, ədəbiyyat, incəsənət və ictimai fikir adamlarının bir kitab məkanında görüşməsi bu baxımdan xüsusi önəm daşıyır. Onların hər biri ayrı-ayrılıqda bir ömür tarixçəsidir; birlikdə oxunduqda isə başqa bir mənzərə yaranır - dönəmin intellektual və mənəvi temperaturu (yaxud iqlimi!) görünməyə başlayır. - Əsas məsələ müsahiblərin ünlülüyündən daha çox onların yaddaşlarının kəsişməsidir. Bir alim dünyaya elmin pəncərəsindən baxır, sənətçi onu estetik duyumla oxuyur, yazıçı sözün içindən keçirir, ictimai xadim toplum olayları ilə ölçür. Eyni zaman fərqli bilinclərdə ayrı şəkillərdə yaşayır; hələ bir də bilincaltı (təhtəlşüur) var, bir də, bilincaltımı yoxsa, alt bilincmi sualı var; bilincin vahidliyini, tamlığını yaxud bütövlüyünü qəbul edən fəlsəfi axımlar da öz yerində... Bax, kitab həmin fərqli baxışları eyni "sahil"də toplaya bilincə kitab olur, oxunur, öyrənilir, öyülür... Beləliklə, qarşımızda şəxslərin portretindən ötə, sanki zamanın çoxportretli təsviri yaranır.
 
EKRANIN "İNDİ"Sİ, KİTABIN "SONRA"SI...
Televiziyanın gücü onun "indi"sindədir. Kitabın gücü isə "sonra"sında. "İndi" ilə "sonra" arasında həmişə bir də fərqindəlik girir - elə deyilmi? Fərqindəlik anın qədrini, dəyərini bilmək, dəyərləndirməkdir - asan iş olmasa da... Şairim der: "Bugün yoxdur, dünən deynən ya sabah"... fəlsəfə der, "Anın fərqində ol, dəyərini bil!" - Yəni dünən artıq geri gəlməyəcək, sabahın isə necə olacağını zaman göstərəcək; bircə bu gün, bu an gerçəkdir və yaşanmaqdadır... Hərə öz ixtisasına, öz bilgi müstəvi və ya fəzasına çəkir, ancaq onları tarazlığa gətirən sənət dünyası vardır; "Xəzərin sahilindən..." həmin dünyaya pəncərə açmağa çalışır; o pəncərədən insanlığa səslənir, gah məqsədinə nail olur, yeri gələndə sevinir, kədərlənir, coşub-daşır, amma nə olursa-olsun, sahildən əsla çəkilmir. O, gerçək olan sahildən üfüqə, üfüqün ötəsinə boylanır... Çünki sənətkar baxışı heç vaxt adi tamaşaçı baxışı ilə eyniləşə bilməz. Bax elə buna görə də, "Xəzərin sahilindən..." təbii olaraq bizi adiləşməməyə, ruhən ucalmağa bir çağırışdır.
Beləliklə, ekranda danışılan söz səs, mimika, pauza, baxış və jestlə birlikdə yaşayır. Bunun böyük emosional üstünlüyü vardır; lakin efirin təbiətində keçicilik də var: proqram bitir, növbəti görüntü başlayır və dünənin sözü informasiya axınının arxasında qalır. Kitab isə başqa cür "davranır"; o, zamanı "ləngidir"; oxucu cümlənin yanında dayana, geri qayıda, müqayisə edə, altından xətt çəkə, bir xətt yetməsə ikisini çəkə... illər sonra yenidən aça bilir. Bu baxımdan "Xəzərin sahilindən..." toplusu televiziya materiallarının mexaniki şəkildə kağıza köçürülməsi aktı olmayıb, sənət faktı kimi çıxış edir. Burada medianın zaman rejimi dəyişir. Efirdə "indi" olan, kitabda "tarix" olmağa başlayır. Bax, bu keçid layihənin kulturoloji dəyərini artırır. Çün mədəniyyətin əsas funksiyalarından biri keçicini qalıcıya çevirməkdir. İnsan ölümü dayandıra bilmir, zamanı saxlaya bilmir, lakin işarə yarada bilir: söz, kitab, musiqi, şəkil, abidə, arxiv... Bəşər mədəniyyətinin böyük hissəsi, əslində, insanın zamana qarşı yaratdığı belə "yaddaş qurğuları"ndan ibarət deyilmi? Kitab da onların ən qədim və ən güvənirlilərindən biridir.
Bəli, sənət insanın iç dünyasını, duyğu, düşüncələrini estetik bir dillə ifadə edərək yaşamı anlamlandırmaq, dünyanı dərk etmək və zamanı ölümsüzləşdirmək üçündür.
 
KAĞIZLA RƏQƏMİN GÖRÜŞÜ
Toplunun hər müsahibəni QR kod vasitəsilə onun televiziya versiyasına bağlaması zahirən texniki detal təsiri bağışlaya bilər; əslində, burada çağdaş mədəniyyətin önəmli bir tendensiyası görünür. Kitab artıq yalnız kitab olmaqdan, ekran da yalnız ekran olmaqdan çıxıb.
Oxucu mətndən görüntüyə, görüntüdən səsə, səsdən yenidən mətnə keçə bilir. Beləliklə, klassik kitab mədəniyyəti rəqəmsal yaddaşla qarşıdurmaya girmir, əksinə, onunla əməkdaşlıq edir. Nəşrin tanıtım materialında da bax, bu interaktiv özəllik, haqlı olaraq, kitabın fərqləndirici cəhətlərindən biri kimi göstərilir. Burada incə bir kulturoloji məqam vardır: yeni media köhnə medianı mütləq öldürmür; doğru münasibət qurulduqda onun yaddaş imkanlarını genişləndirə bilir. Kitabdakı cümləni oxuyuruq, QR kodu açırıq və həmin cümləni söyləyən insanın səsini eşidirik. Yazının arxasından insanın özü görünür. Beləcə, mətn səs yaddaşı, üz yaddaşı, jest yaddaşı ilə tamamlanır. Bu, artıq yaddaşın çoxqatlı təşkili üsuludur.
 
SUALIN MƏDƏNİYYƏTİ... MƏDƏNİYYƏTİN SUALI...
Kitabın başqa bir qatına da diqqət yetirməyə dəyər. Müsahibə mədəniyyəti, əslində, sual vermək mədəniyyətidir. İnsanlığın böyük fəlsəfi gələnəyinin başlanğıcında da çox vaxt cavabdan öncə sual dayanır. Sokratın üsulu hazır həqiqəti söyləməkdən daha çox həmsöhbətini sual vasitəsilə düşünməyə sövq etmək idi. Doğru sual özlüyündə bir qapıdır. - Onu açdıqda qarşındakı insanın bildikləri ilə birgə, özünün də o anadək sözə çevirmədiyi düşüncələrinə daxil olursan. Buna görə müsahibəçinin işi "sual siyahısı" hazırlamaqla bitmir. O, həmsöhbətinin daxili ritmini tutmalı, harada susmağı, harada yeni sual açmağı, harada isə cavabın özünün növbəti sualı doğurmasına imkan verməyi bacarmalıdır. Ona görə "Xəzərin sahilindən..."də aparıcılığın ilginc cəhətlərindən biri müsahibi nümayiş etdirməkdən çox, onun açılmasına münbit ortam yaratmaq çabasıdır. Yaxşı müsahibədə aparıcı qızıl ortanı qoruyur; o, dalğanın coşqusunu, gözəlliyini üzə çıxaran, ona forma verən sabit sahildir. Sahil gərək sahil ola...
 
552 SƏHİFƏ - ÖLÇÜDƏN ANLAMA
 
"...Zaman qapımızda əlində qayçı...
Hər adi ölçüyə, ülgüyə gəlsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!" - Bu, Məmməd Arazın poetik haraylarındandır. Şairin söz açdığı o "adi ölçü" və "ülgü" fəlsəfəsi qarşımızda dayanan toplunun mənəvi miqyasını anlamaq üçün bəlkə də ən dürüst meyardır. Haqqında danışdığımız "Xəzərin sahilindən..." toplusunun I cildinin 552 səhifədən ibarət olması və layihənin təxminən onillik fəaliyyətini əhatə etməsi artıq müəyyən miqyas haqqında təsəvvür yaradır; lakin bu rəqəmlər sadəcə fiziki ölçüdür; kitabı əsl dəyərə çevirən isə zamanın o amansız qayçısına dirəniş göstərə bilmək gücüdür.
Nəşrin AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə gün üzü görməsi, elmi məsləhətçi, elmi redaktor və rəyçilərin olması isə layihənin sırf televiziya arxivindən kitablaşdırılmış material olmaqdan daha geniş elmi-mədəni dövriyyəyə daxil edilmək istəndiyini göstərir. Yəni adi ölçüdən, rəqəmdən söhbət getmir və müəllif də, redaksiya heyəti də iri həcmi, səhifə sayını bütöv bir dəyər kimi görmür; əsl dəyər - o səhifələrin bir-biri ilə danışmağa başlamasında, zamanın qapımızda əli qayçılı durduğunun fərqində olmaqdadır...
Kitabı öndən sona oxuyanda ayrı-ayrı müsahibələr arasında görünməyən körpülər yaranır: bir müsahibədə səslənən "yaddaş" anlayışı başqa bir müsahibədə "Vətən"lə görüşür; sənət haqqında fikir elm haqqında düşüncə ilə səsləşir; şəxsi anılar ictimai tarixə keçir; uşaqlıqdan danışılan bir epizod bütöv nəslin yaşam modelini göstərir və s. "Xəzərin sahilindən..." toplusunun kulturoloji potensialı da, bax, elə burada üzə çıxır. Çünki mədəniyyət ayrı-ayrı faktların sadəcə üst-üstə yığılması deyil, onlardan daha üstün bir hadisə - faktlar arasındakı bağların bütöv sistemidir.
Bəs sahildə kim qalır?.. Xəzər min illərdir sahilə dalğa göndərir. Görəsən, bu dalğaların hansı biri öncəkinin eynisidir?.. İnsanlar da elədir: nəsillər gəlir, danışır, yaradır və gedir. Aha! Görəlim, şairim bu yerdə nə der:
"İki daşın arasında bir ömür,
İki daşın arasında bir ocaq... 
Ocaq yanır, ocaq sönür, köz qalır, 
Ata gedir, Oğul gəlir, Öz qalır... 
İllərimiz yana-yana kül olur,
yanmasaq da derlər başa kül olur...
Övlad olur - fağır olur, kür olur,
dilimizdə "niyə" qalır, "döz" qalır...
Bunlar hamsı - həmi sözdü, həm həyat,
Nəyə lazım yanmaz ocaq, kəm həyat?
Yana-yana hərlənirik, nəhayət,
İlham gəlir, Qələm yazır, Söz qalır..."
 
Bir zamanlar çox ünlü olan bir ad unudula, bir vaxtlar diqqətdən qıraqda qalan bir fikir isə onilliklər sonra tamam yeni bir anlam qazana bilər. Mədəni yaddaşın qəribəliyi də elə bundadır: o, zamanın gətirdiyi qiymətləndirmələri daim yenidən qurur. Ona görə də belə kitabların əsl taleyi tanıtım günü müəyyənləşib bitmir, bəlkə o gün yenidən başlayır...
Bir dalğanın bitiş nöqtəsi yeni bir dalğanın başlanğıcına çevrilir, yaxud da birinin sonu ilə digərinin əvvəli eyni nöqtədə üst-üstə düşür. Fizikada dalğaların bu təbiətini - bir nöqtənin həm son, həm də yeni bir dalğa üçün başlanğıc olmasını - Frenel və Hüygens yüzillər öncə əsaslandırmışdır. İncəsənətdə də "Xəzərin sahilindən..." açılan pəncərələr sayağı, bənzər bir çözüm və harmoniya arayışı içində olanlar olmuşdur, var və yəqin gələcəkdə də olacaqdır.
Bax, bu səbəbdən belə topluların ikinci həyatı illər sonra başlar. Bugünkü oxucu burada tanıdığı insanı axtarırsa, sabahkı araşdırmaçı tanımadığı bir dönəmin izini qovacaq. 2059-cu ilin araşdırmaçısı XXI yüzilliyin ilk rübündə Azərbaycan aydınının nədən danışdığını, hansı anlayışlara qarşı həssas olduğunu, hansı problemlərdən rahatsızlıq keçirdiyini, hansı ümidlərlə yaşadığını öyrənmək istəyəndə, bu tip toplular artıq başqa bir status qazanacaq. Bugünün müsahibəsi sabahın mənbəşünaslıq materialına çevriləcək; bəlkə bu toplunun ən uzunömürlü, qalıcı tərəfi də elə bu nöqtədən boy göstərəcəkdir...
Kitabı bağlayanda mətn bitə bilər, amma yaddaş bitmir. Müəllifin "Xəzərin sahilindən..." kitab-toplusuna da məhz bu rakursdan baxmaq maraqlıdır: bəli, burada sahil həm də sözün zamanla görüşdüyü mənəvi sahildir. Bu sahilin bir tərəfində yaşanmış və danışılmış dünən, digər tərəfində isə hələ gəlməmiş sabah dayanır. Aralarında isə bircə körpü var: kitab...
Dalğa çəkilir, sahil qalır. - Gedəndən qalanı qorumaq, qalana yeni anlam vermək və o anlamı gələcək sahillərə çatdırmaq... - Bəlkə mədəniyyət dediyimiz o böyük hadisə elə budur...
 
Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31