Məktəb forması, dini müzakirələr və uşaq psixologiyası: Sərhəd haradan keçir?
17:18 SosialMəktəb forması, dini müzakirələr və uşaq psixologiyası: Sərhəd haradan keçir?
Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi təhsil müəssisəsi deyil, həm də uşaqların sosial münasibətlər qurduğu, özünü ifadə etməyi öyrəndiyi, fərdi kimliyini formalaşdırdığı mühüm mühitdir. Bu mühitdə baş verən hadisələr, böyüklərin davranışları və cəmiyyətdə müzakirə olunan məsələlər uşaqların dünyagörüşünə, insanlarla münasibətlərinə və özlərini necə hiss etmələrinə təsirsiz ötüşmür. Xüsusilə də uşaqların gündəlik həyatına birbaşa təsir edən qərarlar ətrafında yaranan mübahisələr onların təhsil mühitindəki mövqeyini və sosial münasibətlərini gündəmə gətirir. Son günlər məktəbli forması ilə bağlı qaydalar ətrafında yaranan müzakirələr də bu baxımdan diqqət çəkir. Məsələ təkcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsi, müəyyən geyim tələblərinin tətbiqi və ya bu qaydaların nə dərəcədə məqsədəuyğun olması ilə məhdudlaşmır. Mövzu ətrafında valideynlərin mövqelərinin sərtləşməsi, sosial şəbəkələrdə aparılan müzakirələr və etirazların ictimai müstəviyə çıxması məktəbli formasını daha geniş sosial müzakirənin predmetinə çevirir. Belə vəziyyətlərdə təhsil qaydaları, valideynlərin seçimləri, uşaqların fərdi xüsusiyyətləri və məktəbin ümumi nizam-intizamı arasında tarazlığın necə qorunması məsələsi ön plana çıxır. Məktəbli forması ilə bağlı fikir ayrılıqlarının ictimai etirazlara çevrilməsi isə məsələnin başqa bir tərəfini də gündəmə gətirir: uşaqların böyüklərin mübahisələrində hansı mövqedə dayanması. Valideynlərin övladlarının təhsili, geyimi və dünyagörüşü ilə bağlı qərarlara münasibət bildirməsi, narazılıqlarını ifadə etməsi təbii ictimai prosesin bir hissəsidir. Bununla belə, böyüklərin öz mövqelərini ifadə etmək üçün uşaqları etirazların ön sırasına çıxarması, onların görüntülərini və iştirakını müzakirələrin əsas predmetinə çevirməsi əlavə suallar yaradır. Belə hallarda uşağın öz istəyinin, məsələyə münasibətinin və baş verənləri anlama səviyyəsinin nə dərəcədə nəzərə alındığı xüsusi əhəmiyyət daşıyır. Uşaqlar böyüklərdən fərqli olaraq ictimai mübahisələrin səbəblərini, tərəflərin məqsədlərini və bu proseslərin mümkün nəticələrini hər zaman tam dərk edə bilmirlər. Onlar bəzən valideynlərinin mövqeyini özlərinin şəxsi seçimi kimi təqdim etməyə məcbur qala, bəzən də ailənin gözləntiləri ilə məktəb mühitinin tələbləri arasında seçim etməkdə çətinlik çəkə bilərlər. Xüsusilə ailədə və ya ətraflarında müəyyən bir mövqeyin müdafiəsi ilə bağlı güclü emosional münasibət formalaşdıqda uşağın müstəqil fikir bildirməsi də çətinləşə bilər. Bu baxımdan, hər hansı etirazda uşağın iştirakına yalnız onun fiziki olaraq aksiyada görünməsi prizmasından deyil, həmin iştirakın hansı şəraitdə baş verməsi və uşağın prosesdə özünü necə hiss etməsi baxımından da yanaşmaq lazımdır.
Mövzu ilə bağlı psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Ramidə Oktayqızı Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, son günlər cəmiyyətdə süni şəkildə böyük və tamamilə əsassız etiraz dalğası yaratmağa çalışan müəyyən qrup müşahidə olunur. Onlar din pərdəsi altında, azyaşlı uşaqlardan istifadə edərək ictimai rəyi çaşdırmaq, ajiotaj yaratmaq istəyirlər. Hicab, din, məktəblilər, hüquqların pozulması və ya dünyəvilik prinsipinin pozulması kimi həssas mövzular bəhanə edilərək planlı addımlar atılır. Təbii ki, bu addımları atanların əsl məqsədinin nə olduğu sual doğurur və qaranlıq qalır. Burada ən təhlükəli məqam azyaşlı uşaqların - istər qız, istərsə də oğlan uşaqlarının bu prosesə alət edilməsidir. Bu, qətiyyən yolverilməzdir. Çünki uşaqlar ailədə böyüyür, ailənin və cəmiyyətin güzgüsüdür. Onların sağlam, təhlükəsiz, psixoloji cəhətdən dayanıqlı mühitdə böyüməsi təkcə valideynin yox, həm də dövlətin və bütövlükdə cəmiyyətin birbaşa məsuliyyətidir və daim diqqət mərkəzində olmalıdır. Unutmamalıyıq ki, bu günün uşaqları sabahın böyükləridir. Onlar böyüyür, yeniyetməlik kimi son dərəcə həssas bir dövrü keçir, yetkinlik yaşına çatır və sonda cəmiyyətin aparıcı simasına, peşəkar mütəxəssisinə, ziyalısına çevrilərək ölkənin inkişafına töhfə verir. Əgər biz indidən, onların formalaşma dövründə onlardan hansısa ideoloji və ya siyasi maraq üçün oyun və oyuncaq kimi istifadə etsək, gələcəkdə psixoloji cəhətdən sağlam olmayan, travmalı bir cəmiyyət formalaşdırmış olarıq. Aparılan yanlış təbliğat nə dünyəviliyə xidmət edir, nə də uşaqların sağlam inkişafına. Ən acınacaqlısı odur ki, uşaq özü bunun fərqində belə olmur. O, şüuraltı səviyyədə dərin psixoloji travma alır. Həmin an uşaq bunu hiss etməyə bilər, etiraz etməyə bilər, amma bu travma onun şüuraltında iz buraxır. Gələcək həyatında, iş mühitinə atılanda, sosial və ailə münasibətləri quranda, şəxsi dəyərlər sistemini formalaşdıranda bu travma özünü mütləq büruzə verəcək.
Psixoloqun sözlərinə görə, psixoloji problemlər və pozuntular məhz psixoemosional sarsıntılar zamanı yaranır. Bu problemlərin kökü bəzən illər əvvələ gedib çıxır. Uşaqlıqda yaşanmış bir hadisə uzun illər gizli qala bilər və yalnız insan çətin bir situasiya ilə üzləşəndə üzə çıxa bilər. Yəni təsiri dərhal görünmür. Bir ildən, beş ildən, on ildən, hətta iyirmi ildən sonra belə şəxsiyyət pozuntusu, davranış problemi, özünə qapanma və ya aqressiya kimi özünü göstərə bilər. Ona görə də buradan həm valideynlərə, həm də bu proseslərə rəhbərlik edən şəxslərə çağırış edirəm: Uşaqlardan istifadə edərək hər hansı məqsədə nail olmağa cəhd etməyin. Uşaq psixologiyasını nəzərə alın. Onların nə qədər həssas, emosional və sürətli inkişaf mərhələsində olduğunu unutmayın. Bu və buna bənzər həssas məsələlərdə uşaqların psixoloji vəziyyətinə hörmətlə yanaşmaq, onların mənafeyini hər şeydən üstün tutmaq lazımdır. Gələcəkdə hansı ağır fəsadlara yol aça biləcəyini indidən görüb, uşaqların bu cür hallarda alət edilməsinin qarşısını qəti şəkildə almalıyıq. Çünki təkrar qeyd edirəm, uşaqların psixoemosional vəziyyəti olduqca həssasdır. Onlar həmin anda özlərini müdafiə etmək mexanizmlərinə malik deyil. Şüuraltında baş verən hər bir mənfi proses illər sonra böyük bir problemə çevrilə bilər. Nəticədə, uşaqlıqda yaşanan travmalar insanın gələcəkdə həm özünə, həm də ətrafdakı insanlara münasibətinin tamamilə pozulmasına gətirib çıxarır.
Səidə Ramazanova