Azərbaycan və Çin münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur-ÖZƏL
16:42 SiyasətXarici işlər naziri Ceyhun Bayramov AQEM-in 7-ci Zirvə toplantısı üçün Bakıda olan çinli həmkarı Van İ ilə görüşüb. Nazirlər yüksək səviyyəli dialoq və qarşılıqlı etimadın əlaqələrin əsas hərəkətvericisi olduğunu vurğulayıb, 2025-ci ildə qurulan Hərtərəfli Strateji Tərəfdaşlığın sürətlə inkişaf etdiyini qeyd ediblər. Prezidentin Çinə səfərindəki razılaşmaların və 2027-də diplomatik əlaqələrin 35 illiyinin yeni mərhələ üçün möhkəm təməl yaratdığı bildirilib. Ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə edilib, Azərbaycanın Asiya-Avropa arasında əsas bağlantı rolu və Orta Dəhlizin artan əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər BMT, AQEM daxil olmaqla beynəlxalq platformalarda qarşılıqlı dəstəyi davam etdirəcəklərini təsdiqləyib, regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıb. Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi və azad edilmiş ərazilərdə bərpa işləri barədə məlumat verib.
Çin-Azərbaycan Hərtərəfli Strateji Tərəfdaşlığı real iqtisadi layihələrə çevrilirmi, yoxsa hələ siyasi çərçivədir? Pekin üçün Orta Dəhliz nə qədər prioritetdir - alternativ, yoxsa əsas marşrut? AQEM platforması Bakı-Pekin xəttində hansı əlavə imkanlar açır?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
"Azərbaycan-Çin münasibətləri yalnız diplomatik yaxınlaşma ilə məhdudlaşmır, daha geniş strateji məzmun daşıyır. Ölkələr arasında formalaşan siyasi etimad konkret layihələrə və iqtisadi əməkdaşlığın genişlənməsinə zəmin yaradır. Dünyanın aparıcı qlobal güclərindən biri olan Çin üçün Azərbaycanın Avropaya çıxış imkanları, nəqliyyat və logistika potensialı xüsusi əhəmiyyət daşıyır. Çoxtərəfli diplomatiya da bu əməkdaşlığın siyasi dayaqlarını gücləndirir.
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyanatın imzalanması münasibətlərin siyasi çərçivəsini daha da möhkəmləndirib. Bu gün əməkdaşlığın genişləndirilməsi üçün həm siyasi iradə, həm də real iqtisadi imkanlar mövcuddur.
Azərbaycan ərazisindən keçən Orta Dəhliz Çin üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut nəqliyyat əlaqələrinin şaxələndirilməsinə, təchizat zəncirlərinin etibarlılığının artırılmasına və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsinə xidmət edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və tranzit potensialı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı çərçivəsində baş tutan təmas da Azərbaycan və Çin arasında regional təhlükəsizlik, suverenlik və beynəlxalq əməkdaşlıq məsələlərində dialoqun dərinləşməsinə töhfə verir. Bu platforma, həmçinin regional bağlantıların genişləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Çinin Cənubi Qafqaza, xüsusilə nəqliyyat və tranzit bağlantılarına artan marağı Azərbaycanla münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır. Formalaşmış siyasi etimad və qarşılıqlı maraqlar ikitərəfli əməkdaşlığın həm beynəlxalq təşkilatlar, həm də çoxtərəfli platformalar çərçivəsində daha da dərinləşməsinə şərait yaradır".
Zeynəb Mustafazadə