İnformasiya bolluğu dövründə həqiqəti necə ayırd edək?

İnformasiya bolluğu dövründə həqiqəti necə ayırd edək?

Müasir dövrdə informasiya gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlar baş verən hadisələrdən xəbər tutmaq, dünyada və ölkədə gedən prosesləri izləmək, müxtəlif məsələlər barədə fikir formalaşdırmaq üçün internetə və sosial şəbəkələrə müraciət edirlər. Bir neçə saniyə ərzində dünyanın müxtəlif nöqtələrində baş verən hadisələr haqqında məlumat əldə etmək mümkündür. Lakin informasiyanın bu qədər əlçatan olması onun hər zaman doğru, dəqiq və etibarlı olması demək deyil. Əksinə, məlumat axınının sürətlənməsi, xəbərlərin yoxlanılmadan paylaşılması və həqiqətlə yalanın bir-birinə qarışması müasir cəmiyyət qarşısında yeni problemlər yaradır. Düşünürəm ki, informasiya bolluğu şəraitində əsas məsələ artıq yalnız məlumat əldə etmək deyil, həm də onun doğruluğunu müəyyənləşdirməkdir. Çünki insanın qarşılaşdığı hər bir xəbər, paylaşım və ya görüntü reallığı olduğu kimi əks etdirməyə bilər. Bəzən həqiqi hadisələr yanlış başlıqlarla təqdim olunur, müəyyən faktlar kontekstdən çıxarılır, bəzi məlumatlar isə ictimai rəyi müəyyən istiqamətə yönəltmək məqsədilə qəsdən təhrif edilir. Belə hallarda informasiya yalnız xəbər vermək vasitəsi olmaqdan çıxaraq insanların düşüncəsinə, münasibətinə və qərarlarına təsir göstərən bir amilə çevrilir.

Problemin daha mürəkkəb tərəfi ondan ibarətdir ki, saxta məlumatlar hər zaman açıq-aşkar yalan formasında qarşımıza çıxmır. Bəzən həqiqi faktlara yanlış detallar əlavə edilir, köhnə hadisənin görüntüləri yeni hadisə kimi təqdim olunur və ya müəyyən məlumatlar elə formada yayılır ki, oxucuda yanlış təsəvvür yaranır. Xüsusilə emosional məzmunlu, qorxu və narahatlıq yaradan, yaxud cəmiyyətdə mübahisə doğuran xəbərlər daha sürətlə yayıla bilir. İnsanlar belə məlumatlarla qarşılaşdıqda onların doğruluğunu araşdırmaq əvəzinə, emosional reaksiyanın təsiri altında paylaşmağa meyil göstərə bilirlər. Nəticədə yanlış informasiya qısa müddətdə geniş auditoriyaya çatır və onun sonradan təkzib edilməsi belə ilkin təsiri tam aradan qaldırmaya bilər.

Süni intellekt texnologiyalarının inkişafı da informasiya mühitindəki bu çətinlikləri artırır. Əvvəllər foto və videolar hadisələrin baş verdiyini təsdiqləyən əsas vasitələrdən biri hesab edilirdisə, bu gün texnoloji imkanlar vasitəsilə reallığa çox bənzəyən saxta görüntülər hazırlamaq mümkündür. İnsanların üzlərinin dəyişdirilməsi, səslərin təqlid olunması, mövcud olmayan hadisələrin video şəklində yaradılması həqiqi ilə saxtanı ayırmağı daha da çətinləşdirir. Xüsusilə süni intellekt vasitəsilə hazırlanan və ya dəyişdirilən görüntülərin kontekstdən kənar təqdim olunması ictimai çaşqınlığa səbəb ola bilər. Bu isə təkcə ayrı-ayrı şəxslərin nüfuzuna deyil, ictimai etimada və informasiya təhlükəsizliyinə də təsir göstərir.

Belə bir şəraitdə informasiyanın doğruluğunu müəyyənləşdirmək üçün tənqidi düşüncə və media savadlılığı xüsusi əhəmiyyət daşıyır. Hər hansı xəbərlə qarşılaşdıqda ilk növbədə onun hansı mənbədən yayıldığına, məlumatın başqa etibarlı media qurumlarında yer alıb-almadığına, hadisənin tarixinə və təqdim olunan faktların bir-birini təsdiqləyib-təsdiqləmədiyinə diqqət yetirmək lazımdır. Xəbərin başlığı ilə məzmunu arasındakı uyğunluq da mühüm göstəricilərdən biridir. Bəzən diqqət çəkmək məqsədilə hazırlanan başlıqlar oxucuda yanlış fikir yaradır və mətnin əsl məzmunu ilə üst-üstə düşmür.

Eyni zamanda, məlumatın çoxsaylı səhifələrdə paylaşılması onun avtomatik olaraq doğru olduğunu göstərmir. Bir xəbər müxtəlif platformalarda yayıla bilər, lakin bütün paylaşımlar eyni yoxlanılmamış mənbəyə əsaslana bilər. Buna görə də məlumatı yalnız paylaşım sayına və ya çoxluğun mövqeyinə əsasən qiymətləndirmək düzgün deyil. Xüsusilə mühüm ictimai hadisələr, təhlükəsizlik məsələləri, sağlamlıq və digər həssas mövzularla bağlı məlumatları paylaşmazdan əvvəl onların rəsmi açıqlamalar və etibarlı mənbələr vasitəsilə yoxlanılması vacibdir.

İnformasiya bolluğu dövründə məsuliyyət yalnız jurnalistlərin və media qurumlarının üzərinə düşmür. Hər bir internet istifadəçisi də məlumatın yayılmasında müəyyən rol oynayır. Sosial şəbəkələrdə bir xəbəri paylaşmaq, şərh yazmaq və ya görüntünü başqalarına göndərmək onun daha geniş auditoriyaya çatmasına şərait yaradır. Buna görə də istifadəçilər paylaşdıqları məlumatın mümkün nəticələrini nəzərə almalı, əmin olmadıqları xəbərləri həqiqət kimi təqdim etməkdən çəkinməlidirlər. Bəzən məlumatı paylaşmağa tələsməmək yanlış informasiyanın yayılmasının qarşısını almaq üçün ən düzgün addımdır.

İnformasiya bolluğunun hökm sürdüyü müasir dövrdə vətəndaşlar doğru məlumatı saxta xəbərdən ayırmaq üçün ilk növbədə hansı meyarlara diqqət yetirməlidirlər? Məlumatın mənbəyinin etibarlılığını və həqiqiliyini necə yoxlamaq olar?

Mövzu ilə bağlı daha ətraflı jurnalist, media üzrə ekspert Yadigar Məmmədli Olaylar.az-a açıqlama verib: 

" Həyatımız elə bir vəziyyətə gəlib çatıb ki, biz artıq virtual həyatı yaşayırıq. Yəni, artıq hamı sosial şəbəkələrdən və süni intellektin bizə verdiyi imkanlardan istifadə edərək informasiya bolluğunu, doğrudan da, yaşayır.

Hər tərəf informasiya ilə doludur və bu məlumatlar üzərimizə yağır. Bu, bir tərəfdən, yaxşıdır ki, informasiya bolluğu var, amma digər tərəfdən, çox ciddi problemlər də yaradır. İnformasiyanın çoxluğu heç də o demək deyil ki, həmin məlumatlar dəqiqdir, səhihdir, reallığı əks etdirir.

İnformasiyanın çoxluğu sosial şəbəkələr dövründə bir çox dezinformasiyaların, böhtan xarakterli və linç məqsədi daşıyan məlumatların ortaya çıxmasına səbəb olub. Buna görə də məlumatların doğruluğunu, səhihliyini bilmək üçün etibar etdiyimiz xəbər portallarına müraciət edirdik. Tanınmış insanların, jurnalistlərin və cəmiyyət tərəfindən qəbul edilən şəxslərin sosial şəbəkələrdə və ya digər platformalarda verdikləri açıqlamalara baxaraq həmin məlumatları dəqiqləşdirirdik.

Amma indi bunun üzərinə süni intellektin imkanları da gəlib. Mən birmənalı şəkildə deyim ki, ümumiyyətlə, süni intellekt, ondan qabaq sosial şəbəkələr və internetin özü bəşəriyyət üçün çox müsbət hadisələrdir. Bunlar bizi irəliyə, inkişafa aparır. Amma təbii ki, özləri ilə müəyyən problemlər də gətirirlər. İnkişafın problemləri hər zaman olub. Yəni bu müsbət hadisələrlə yanaşı, onların yaratdığı müəyyən çətinliklər də var ki, biz özümüzü onlardan qorumalıyıq.

Söhbət həm də şəxsən biz jurnalistlərdən gedir. Çünki informasiyanın ötürülməsində bizim üzərimizə daha böyük məsuliyyət düşür. Sosial şəbəkələrdə hər kəs bildiyini, gördüyünü yazır, süni intellekt isə hər tərəfdə mövcuddur. Amma insanlar həmin məlumatları oxuyarkən, onları dəqiqləşdirərkən, təbii ki, jurnalistlərə, bu sahədə çalışan peşəkar insanlara daha çox etibar edirlər. Ona görə də indiki vəziyyətdə bizim üzərimizə daha böyük məsuliyyət düşür.

Biz hər zaman bu məsuliyyətin altında olmuşuq. Çünki imzamızla təqdim etdiyimiz məlumatlar, xəbərlər, cəmiyyətə ötürdüyümüz, ümumiyyətlə, bütün sahələrə aid informasiyalar, istər maarifləndirici, istərsə də informasiya xarakterli olsun, hamısı bizim peşəkarlığımızdan asılıdır. Biz peşəkar səviyyəmizi qorumalıyıq ki, bizə olan etimad və etibar daim qalsın.

İndi də belədir: insanlar saxta xəbərləri, manipulyasiyaları, həmçinin süni intellekt vasitəsilə yaradılan və ya dəyişdirilən məlumatları dəqiqləşdirmək üçün yenə də hadisələrlə bağlı yayımladığımız xəbərlərə və münasibətlərimizə müraciət edirlər. Bu, belə də qalacaq. Ona görə də insanlar hər hansı bir məlumatı dəqiqləşdirmək üçün indiyə qədər olduğu kimi, bundan sonra da etibar etdikləri ünvanlara müraciət edəcəklər. Bu ünvanlar da çalışmalıdırlar ki, biz olaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31