Yaşlı nəslin "unudulmuş təcrübəsi": Sürət əsrində itən körpü

Yaşlı nəslin "unudulmuş təcrübəsi": Sürət əsrində itən körpü

Bir vaxtlar ailənin və cəmiyyətin yaddaşı, müdriklik mənbəyi sayılan yaşlı nəsil bu gün fərqli bir reallıqla üz-üzədir. Texnologiyanın baş döndürücü sürətlə inkişaf etdiyi, məlumatın bir kliklə əldə olunduğu, süni intellektin, sosial şəbəkələrin həyat tərzimizi kökündən dəyişdiyi bir dövrdə yaşayırıq. Bu sürətli dəyişim isə təkcə həyat tərzimizi deyil, nəsillərarası münasibətlərin dinamikasını da yenidən formalaşdırır. Müşahidə olunan əsas tendensiyalardan biri gənc nəslin bir hissəsinin yaşlıların illərlə qazandığı həyat təcrübəsini "köhnəlmiş", müasir dövrə uyğun olmayan bir yük kimi dəyərləndirməsidir. Gənclər üçün rəqəmsal dünyada doğulub böyümək, texnoloji yeniliklərə anında adaptasiya olmaq təbiidirsə, yaşlı nəsil üçün bu proses daha ləng və bəzən çətin gedir. Nəticədə isə ortaya görünməz bir divar çıxır: bir tərəfdə "rəqəmsal yerlilər", digər tərəfdə isə həyat müdrikliyini kitabdan yox, yaşayaraq öyrənmiş "təcrübə sahibləri". Bəs bu məsafənin yaranması sadəcə texnoloji savad fərqindən qaynaqlanır, yoxsa kökdə daha dərin - dəyərlər, dünyagörüşü, həyat prioritetləri uçurumu dayanır? Texnologiya doğrudanmı nəsilləri bir-birindən qoparan əsas faktordur, yoxsa əslində düzgün istifadə edildikdə onları birləşdirən bir vasitəyə çevrilə bilər? Digər tərəfdən, yaşlıların təcrübəsinin "unudulması" cəmiyyət üçün nə deməkdir? Bu, sadəcə bir nəslin kənarda qalmasıdırmı, yoxsa kollektiv yaddaşın, səbr, dözüm, ünsiyyət, böhrandan çıxış yolları kimi sınaqdan keçmiş dəyərlərin itirilməsi təhlükəsidir?

"Hər zaman yaşlı nəsil çalışır ki, öz həyat təcrübəsini, həyat biliklərini və dünyagörüşünü yeni nəslə ötürsün. Bunun vasitəsilə həmin dəyərlərin gələcəyə çatdırılmasını təmin etməyə çalışır. Bəzi dövrlərdə bu, daha uğurlu alınırdı, bəzi əsrlərdə və illərdə isə məsələ bir qədər zəif nəticələnirdi. Məhz buna görə də bir çox ölkələrdə, imperiyalarda və dövlətlərdə yaşlı nəslin öz həyat təcrübəsini və dəyərlərini gənc nəslə vaxtında və düzgün şəkildə çatdıra bilməməsi nəticəsində dəyərlərin aşınması prosesi baş verirdi".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Kulturoloqun sözlərinə görə, bunun nəticəsində imperiyalar və dövlətlər dağılır, keçmişdə və öz dövrlərində qazanılmış nailiyyətlər tənəzzülə uğrayırdı. Bu baxımdan, hər bir yeni nəsil, xüsusilə də gənclər yaşlı nəslin ötürdüyü məlumatları, təcrübələri və bilikləri qəbul etməyə həmişə hazır olmurlar. Bəzən yeni nəsil kənardan gələn, ixrac olunan bir çox dəyərləri, təcrübələri, yenilikləri, hətta liberal və radikal görünə biləcək yanaşmaları və texnologiyaları öz ulu babalarından, nənələrindən gələn biliklərdən daha tez qəbul edir. Hətta bizim belə bir atalar sözümüz də var: "Heç kim öz elində peyğəmbər olmur". Yəni nəsillər arasında fikir ayrılıqlarından danışarkən bir məqamı da unuduruq: bəzən nəsillər arasında müəyyən bir uçurum yarana bilir və yeni nəsil ən yaxşı təcrübələri belə qəbul etməkdə, onları mənimsəyərək gələcəyə ötürməkdə çətinlik çəkir. Belə çətinliklərlə üzləşən çoxlu nəsillər olub və bundan sonra da olacaq. Əlbəttə, yeni texnologiyalar meydana gəlir, internet dövründə yaşayırıq, süni intellekt əsrindəyik. Amma unuduruq ki, süni intellekt də yeni texnologiyaların vasitəsilə keçmişin təcrübələrini özündə ehtiva edir. Süni intellekt hər hansı bir hadisə barədə məlumat verərkən və ya ona ünvanladığınız hər hansı bir suala cavab hazırlayarkən ilkin məzmun olaraq öz dövrünüzdə yaşamış və ya sizdən əvvəlki nəsillərin təcrübələrinə, biliklərinə, məlumatlarına və əldə etdikləri nəticələrə əsaslanır. Həmin məlumatlara müraciət edir, oradakı bilikləri və təcrübələri ümumiləşdirərək sizə cavab təqdim edir.

Gənclər bəzən elə düşünürlər ki, əvvəlki nəsillər köhnəlib, heç nə bacarmırlar, heç nə bilmirlər, onların texnologiyaları və təcrübələri artıq öz əhəmiyyətini itirib və bu dəyərlər gənclər üçün yararlı deyil. Lakin belə bir yanaşma ailə daxilində və cəmiyyətdə nəsillər arasındakı bağların zəifləməsinə, hətta qırılmasına gətirib çıxarır.

Əgər əvvəlki nəslin bilikləri, dəyərləri və təcrübələri bu qədər yararsızdırsa, onda yeni nəsil necə dünyaya gəlir və necə formalaşır? Yeni nəslin həm fiziki, həm mənəvi, həm də pedaqoji baxımdan, bilik və bacarıqlar cəhətdən formalaşması əvvəlki nəslin qoyduğu müəyyən təməl və ənənələrdən qaynaqlanmırmı? Bu baxımdan, texnologiyalar nəsilləri bir-birindən uzaqlaşdırmamalıdır. Əksinə, onlar nəsilləri birləşdirməli, həm yaşlı nəslin müsbət ənənələrinin yaşadılmasına, həm də gənc nəslin əvvəlki nəsillərin təcrübəsindən daha yaxşı faydalanmasına imkan verən yeni yanaşmaların formalaşmasına kömək etməlidir.

Yazıçı bildirib ki, yaşlı nəslin təcrübəsinin getdikcə unudulması cəmiyyət üçün müəyyən mənada problemə çevrilə bilər. Məsələn, Azərbaycanda ailə dəyərlərinin itirilməsi, ata-anaya sevgi və hörmət, qaynata və qaynanaya münasibət, qadına hörmət, eyni zamanda, müxtəlif nəsillərin ağsaqqal və ağbirçək hesab etdiyi yaşlı insanlara münasibət xüsusi əhəmiyyət kəsb edirdi. Ağsaqqal və ağbirçəklərin təcrübəsinə, onların sözünə və məsləhətinə verilən dəyər özünü bir çox ənənələrdə göstərirdi. Məsələn, həyatımızda baş verən müxtəlif hadisələrdə, toy mərasimlərində və digər mühüm məqamlarda yaşlı nəslin xeyir-duasını almağa çalışırdıq. Ağsaqqal və ağbirçəklərin xeyir-duası olmadan həyatımızda böyük bir mərhələnin başlanğıcı hesab etdiyimiz bir çox addımları atmazdıq.

Bir məqamı da qeyd edim ki, gənclərin həddindən artıq sıxışdırılması və hər məsələdə mütləq şəkildə ağsaqqal sözünə tabe olmasının tələb edilməsi bir çox hallarda cəmiyyətin öz inkişafına mane ola bilər. Bu baxımdan, gənclərə müəyyən qədər sərbəstlik verməliyik. Amma bu o demək deyil ki, gənclər radikal davranışlar sərgiləyərək istədiklərini etməli, yaşlı nəslin onlara əmanət etdiyi təcrübəni və ya ölkəni zərbə altına qoymalı, dağıdıcı addımlar atmalıdırlar. Sadəcə, gənc olduqları və həddindən artıq yenilik istədikləri üçün onların hər istəyini qeyd-şərtsiz qəbul etmək də düzgün deyil. Çünki hər bir yenilik müəyyən mənada əvvəlki təcrübənin təkrarı və onun daha təkmil variantı kimi meydana çıxır. Bu baxımdan, nəsillər arasında təcrübə mübadiləsinə, xüsusilə də yaşlı nəslin gənc nəslə ötürdüyü müxtəlif dəyərlərə, təcrübələrə, praktiki və nəzəri biliklərə xüsusi diqqət yetirilməlidir. Gələcəyimizi qorumaq və daha sağlam cəmiyyət formalaşdırmaq üçün bu təcrübələrdən səmərəli şəkildə yararlanmaq lazımdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31