Tramp Zelenskini güzəştə məcbur edə biləcəkmi?-Seçki amili ön plana çıxır-ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibət qurmağın Ukrayna Prezidenti Volodimir Zelenski ilə müqayisədə daha asan olduğunu bildirib. O, Zelenskinin münaqişənin həllində maraqlı olmadığını iddia edərək, Ukraynadakı müharibənin onun iştirakı olmadan da başa çata biləcəyini söyləyib.

Donald Trampın Putinlə münasibətləri Zelenski ilə müqayisədə daha asan hesab etməsi ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə dair siyasətində hansı dəyişikliklərdən xəbər verir?Trampın Ukraynadakı münaqişənin Zelenskinin iştirakı olmadan həll edilə biləcəyi barədə fikri real siyasi ssenaridir, yoxsa Rusiyaya təzyiq göstərmək məqsədi daşıyır?

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:

"Tramp ilə Zelenski arasında münasibətlər ilk gündən etibarən çox gərgin olub. Biz bunu dəfələrlə görmüşük. Hətta Ağ Evdə baş verən məlum hadisələr də yadımızdadır. İndi isə seçkiqabağı dövrdə Donald Tramp ABŞ-də yanacağın qiymətinin yüksək olması səbəbindən seçicilərin qarşısında nüfuzunu itirir. Bu baxımdan, o, müxtəlif yollarla qiymətləri aşağı salmağa çalışır. Bununla əlaqədar Rusiya ilə müəyyən danışıqlara da gedib. Rusiyadan dizel yanacağının alınması və s. ABŞ-də dizelin qiyməti 45 faiz artıb.

Bu, seçicilərə çox ciddi təsir göstərir. Tramp, həmçinin Rusiyanın dizel istehsal edən neftayırma zavodlarına zərbələr endirilməsinin qarşısını almaq istəyir. Lakin Zelenski Trampın bu siyasətini dəstəkləmir, əksinə, ona qarşı çıxış edir.

Məlum məsələdir ki, Zelenskinin tələbi mövcud reallığı əks etdirir. Belə ki, Zelenski deyir:  Biz Rusiyanın neftayırma zavodlarına zərbələr endirmərik, amma qarşılığında Rusiya da bizim enerji sistemimizi zərbələrə məruz qoymasın". Lakin Rusiya bunu davam etdirir.

Bu baxımdan, Trampla münasibətlərdə ortaq mövqeyə gəlmək mümkün olmur. Tramp isə əsəbiləşir və emosional davranış sərgilədiyi üçün müxtəlif fikirlər səsləndirir.

Sualınıza gəlincə, Zelenskiyə görə, ABŞ prezidenti Ukrayna-Rusiya münaqişəsini həll edə bilməz. Bu, əsassız fikirdir. Artıq Donald Trampın da Ukraynanı istədiyi kimi güzəştə getməyə məcbur etmək imkanları əvvəlki qədər geniş deyil. Çünki Ukraynanın maraqlarını dəstəkləyən böyük Qərb var. Ukraynanın maraqlarını müdafiə edən ABŞ Demokratlar Partiyası mövcuddur. Hətta Respublikaçılar Partiyasının bir çox nüfuzlu şəxsləri, o cümlədən senatorlar da Ukraynanı müdafiə etməyə hazırdırlar.

Bu baxımdan, düşünürəm ki, getdikcə Trampın Ukraynanı güzəştə getməyə məcbur etmək imkanlarından daha çox, Ukraynanın Trampın özünə təsir etmək imkanları artacaq. Seçkilərin özü də məhz Ukrayna üçün bir vasitədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31