Paşinyanın Rusiya siyasəti dəyişir: İrəvan Qərblə balans axtarışında-ÖZƏL
18:24 Dünya"Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi olmayacağı barədə verdiyi son açıqlama, Cənubi Qafqazda geosiyasi balansın dəyişməsini və İrəvanın çoxvektorlu diplomatiyaya keçid cəhdlərini nümayiş etdirir. Paşinyanın əlaqələrin əvvəlki kimi olmayacağı ifadəsi iki ölkə arasında məsafəli tərəfdaşlıq dövrünün rəsmiləşməsidir. Gələcək dövrdə bu istiqamətdə bəzi proseslərin davam etməsi gözlənilir. İrəvan KTMT tədbirlərində iştirakdan imtina etməkdə və Rusiya hərbi bazalarının ölkədəki rolunu məhdudlaşdırmaq istiqamətində siyasətini davam etdirir".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
"Paşinyan Rusiyadan gələn bəzi hədələyici bəyanatlara rəğmən Ermənistanın ikinci Ukrayna olmayacağına əminliyini ifadə edib. Lakin Moskva İrəvanın bu addımlarını hələ də öz təsir dairəsinə qarşı qərb meyilli təhdid kimi qiymətləndirir. Siyasi ritorikaya baxmayaraq, Paşinyan Rusiya ilə münasibətləri tamamilə kəsmək niyyətində olmadıqlarını vurğulayır. Çünki Ermənistanın Rusiyadan qaz tədarükü və ümumi ticarət asılılığı olduqca yüksəkdir. Paşinyan iddia edir ki, hədəf bir asılılıqdan çıxıb digər asılılığına girmək deyil, sadəcə müstəqilliyi möhkəmləndirməkdir. Lakin bu şaxələndirmə cəhdləri tam real deyil və ciddi məhdudiyyətlərlə qarşılaşır. Ermənistanın nəqliyyat strukturları, dəmir yolları, enerji infrastrukturu, xüsusilə təbii qaz və ixrac bazarları böyük ölçüdə Rusiyadan asılı vəziyyətdədir. Alternativ tapmaq isə uzunmüddətli və böyük investisiyalar tələb edən prosesdir. Paşinyanın özünün də etiraf etdiyi kimi, Ermənistanın Avropa İttifaqı meyarlarına cavab verməsi üçün hələ çoxsaylı daxili və hüquqi islahatlara ehtiyacı var. Aİ-yə müraciət hələ rəsmi səviyyədə edilmədiyindən referendumun tezliklə keçirilməsi qeyri-realdır. Ermənistan rəhbərliyi balanslaşdırılmış xarici siyasət yürütməyə çalışsa da, indiki geosiyasi reallıqda hər iki tərəflə eyni səviyyədə tərəfdaşlıq etmək olduqca çətindir. Ermənistan parlamenti artıq Aİ-yə üzvlük prosesinə dair qanun qəbul edib və ABŞ ilə Avro-Atlantik institutlara inteqrasiyanı nəzərdə tutan Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb. Ermənistanın hərbi və strateji sahədə Qərbə yaxınlaşması Moskva tərəfindən qırmızı xətt kimi qəbul olunur. İrəvan iqtisadi sahədə Rusiya ilə məsələn, Avrasiya İqtisadi İttifaqı çərçivəsində tərəfdaşlığı saxlamağa çalışsa da, Moskva istənilən an iqtisadi və rüsum rıçaqlarından təzyiq vasitəsi kimi istifadə edə bilər.
Nəticə olaraq, Ermənistan hər iki tərəflə əlaqələri saxlamağa məhkumdur, lakin onun xarici siyasəti artıq əvvəlki kimi Rusiyanın mütləq diktəsi altında deyil, Qərblə balans axtarışı şəklində davam edəcək".
Zeynəb Mustafazadə