Tramp İranda rejim dəyişikliyini hədəfləmədiyini bildirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində mövcud rejimin tam ləğvini dəstəkləyən İsraildən fərqli olaraq, İranda hakimiyyət dəyişikliyini hədəfləmədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton üçün nizamlanmanın əsas şərti Tehranın nüvə silahına sahib olmaqdan imtina etməsidir. Tramp İrana qarşı hərbi əməliyyatın ən azı yanvarın sonuna qədər maliyyələşdirildiyini qeyd edib və yanvarda Konqresə nəzarətin demokratlara keçməsindən sonra Vaşinqtonun hərbi imkanlarının azala biləcəyindən narahatlığını ifadə edib. Əməliyyatın indiki mərhələdə dayandırılmasının əldə olunan nəticələri heçə endirəcəyini vurğulayan ABŞ lideri bildirib ki, İranın artıq donanması, hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemləri yoxdur və rəhbərliyi məhv edilib. O əlavə edib ki, ABŞ münaqişəni istənilən vaxt bitirə bilər, lakin nüvə proqramı üzrə razılaşma əldə etmək üçün İran limanlarına qarşı embarqonu saxlamaq niyyətindədir.

Tramp həmçinin onlarla şagird və müəllimin həlak olduğu məktəbə endirilən aviazərbəyə görə İranın təzminat tələb etmək niyyətinə cavab olaraq, Tehranı uzun illər ərzində ABŞ vətəndaşlarının ölümündə ittiham edib və Vaşinqtonun qarşılıqlı tələblər irəli sürə biləcəyini deyib. O, 3 noyabr Konqres seçkilərindən sonra İranın raket və PUA hücumlarını intensivləşdirdiyini xatırladaraq, seçkilərdə demokratların qələbəsi halında fond bazarlarının düşəcəyi və İranın aqressivliyinin artacağı ilə bağlı əvvəlki proqnozlarının doğrulduğunu bildirib. ABŞ vitse-prezidenti Cey Di Vens isə Vaşinqtonun əməliyyatı iki il uzatmaq və sonsuz münaqişəyə çevirmək niyyətində olmadığını deyib. "Reuters" agentliyinin məlumatına görə, Tramp İrana qarşı mümkün yeni hərbi əməliyyatla bağlı qərarı gələn ilə təxirə salıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00