Xəzərin ekoloji problemləri yalnız Azərbaycana deyil, bütün Xəzəryanı ölkələrə aiddir
İstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
17:10 SosialQlobal istiləşmə Yer kürəsində orta temperaturun yüksəlməsi ilə xarakterizə olunur. Bu proses Xəzər dənizinin ekoloji vəziyyətinə də ciddi təsir göstərir. Xəzər qapalı su hövzəsi olduğu üçün burada su balansının dəyişməsi, canlıların yaşayış mühitinin pozulması və sahil ərazilərinin quruması mühüm ekoloji problemlər yaradır. Qlobal istiləşmənin Xəzər dənizinə əsas təsirlərlərindən biri dəniz səviyyəsinin azalmasından ibarətdir. Belə ki, temperatur yüksəldikcə suyun buxarlanması artır. Yağıntıların və çaylardan, xüsusilə Volqa çayından gələn suyun dəyişməsi ilə birlikdə bu proses Xəzərin səviyyəsinin enməsinə səbəb ola bilər.
Mütəxəssislərin qənaətinə görə, Xəzərdə suyun temperaturunun yüksəlməsi balıqların çoxalmasına, qidalanmasına və yaşayış şəraitinə təsir edir. Dəniz səviyyəsinin enməsi həm də dayaz su sahələrinin, bataqlıqların və balıqların çoxalma yerlərinin qurumasına səbəb olur. Bu zaman Xəzər suitiləri yaşayış mühitindəki dəyişikliklərdən zərər görə bilər ki, nəticədə biomüxtəlifliyin azalması müşahidə olunar. Xəzərdə suyun səviyyəsinin azalması iqtisadi və sosial problemlərə yol aça bilər. Daha dəqiq, balıqçılıq, liman fəaliyyəti və sahilyanı təsərrüfatların fəaliyyətində geriləmə ehtimalı artar. Qurumuş dəniz dibindən tozun yayılması da əhali və ətraf mühit üçün risk yarada bilər. Sadalanan faktlar deməyə əsas verir ki, qlobal istiləşmə Xəzər dənizinin səviyyəsinin azalmasına və ekosisteminin dəyişməsinə təsir edən mühüm amillərdəndir. Bununla belə, dənizdəki dəyişikliklərə yalnız qlobal istiləşmə deyil, çay axınları və digər təbii amillər də təsir göstərir.
Azərbaycan dövləti hesab edir ki, Xəzərin qorunması üçün iqlim dəyişikliyi ilə mübarizə, çirklənmənin azaldılması və beynəlxalq əməkdaşlıq birlikdə həyata keçirilməlidir. Xatırladaq ki, Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Onun sahilində Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran yerləşir. Xəzər dənizi zəngin canlı aləmi, balıq ehtiyatları və neft-qaz sərvətləri ilə mühüm əhəmiyyət daşıyır. Lakin insan fəaliyyəti və təbii dəyişikliklər dənizin ekoloji vəziyyətinə ciddi təsir göstərir.
Məhz bu faktları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində qeyd edib ki, Xəzərin ekoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir. Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib".
Prezident İlham Əliyev Xəzərin dayazlaşmasının səbəblərini də diqqətə çatdırıb: "Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq".
Ümumi nəticə ondan ibarətdir ki, Xəzər dənizinin ekoloji problemləri yalnız Azərbaycana deyil, bütün Xəzəryanı ölkələrə aiddir. Dənizin çirklənməsinin qarşısını almaq, canlı aləmini qorumaq və su səviyyəsinin azalmasının təsirlərini azaltmaq üçün dövlətlərin və insanların birgə fəaliyyəti vacibdir. Xəzərin qorunması gələcək nəsillər qarşısında hər bir sahilyanı dövlətin məsuliyyətidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap edilmişdir.