Sosial şəbəkələrdə məşhur olmaq uğur göstəricisidir?

Sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə məşhurluq anlayışı da yeni məna qazanıb. Bu gün bir insanın nə qədər tanınması çox vaxt izləyici sayı, paylaşımlarına gələn bəyənmələr və qazandığı gəlirlə ölçülür. Sosial şəbəkələrdə qısa müddətdə böyük auditoriya toplamaq mümkün olduğundan, bəzən bu göstəricilər insanın uğurunun əsas meyarı kimi qəbul edilir. Halbuki tanınmaqla uğur qazanmaq hər zaman eyni məna daşımır.

Sosial şəbəkələrin yaratdığı imkanlar danılmazdır. Bu platformalar insanların öz bacarıqlarını nümayiş etdirməsinə, fikirlərini daha geniş auditoriyaya çatdırmasına və yeni fəaliyyət sahələrində özünü sınamasına şərait yaradır. Xüsusilə müəyyən sahədə biliyi və təcrübəsi olan şəxslər sosial şəbəkələr vasitəsilə daha çox insana çata, fəaliyyətlərini tanıda və yeni imkanlar əldə edə bilirlər. Bu baxımdan məşhurluq insanın şəxsi və peşəkar inkişafına töhfə verən vasitələrdən birinə çevrilə bilər.

Lakin sosial şəbəkələrdə tanınmaq üçün hər zaman xüsusi bilik və ya peşəkar təcrübə tələb olunmur. Bəzən gündəlik həyatla bağlı sadə paylaşımlar, əyləncəli videolar və cəmiyyətdə müzakirə doğuran məzmunlar daha çox diqqət çəkir. Nəticədə geniş auditoriyaya sahib olan hər kəsin eyni zamanda müəyyən sahədə peşəkar olduğu qənaətinə gəlmək düzgün olmaz. Çünki insanların diqqətini cəlb etmək bacarığı ilə bilik, təcrübə və peşəkarlıq fərqli anlayışlardır.

Burada əsas məqamlardan biri də uğurun hansı meyarlarla qiymətləndirilməsidir. Əgər bir insan sosial şəbəkələr vasitəsilə gəlir əldə edir, özünə iş imkanları yaradır və fəaliyyətini inkişaf etdirirsə, bu, onun üçün uğur sayıla bilər. Ancaq həmin uğuru yalnız izləyici sayı ilə ölçmək doğru deyil. Çünki rəqəmsal platformalarda populyarlıq zamanla dəyişə, bu gün böyük maraq doğuran məzmun sabah əvvəlki diqqəti görməyə bilər. Peşəkar bilik, təcrübə və davamlı inkişaf isə insanın uzunmüddətli fəaliyyətində mühüm rol oynayır.

Eyni zamanda, sosial şəbəkələrdə tanınan şəxslərin cəmiyyətə təsir imkanlarını da nəzərə almaq lazımdır. Böyük auditoriyaya sahib olmaq insanın fikirlərinin daha geniş yayılmasına şərait yaradır. Bu imkanlardan maarifləndirmə, faydalı məlumatların paylaşılması və insanların müəyyən məsələlərə diqqətinin cəlb edilməsi üçün istifadə etmək mümkündür. Belə olduqda məşhurluq yalnız şəxsi qazanc vasitəsi deyil, həm də cəmiyyətə fayda vermək imkanı olur. Burada əsas məsələ tanınmış şəxsin auditoriyasına hansı məzmunu təqdim etməsi və bu imkandan necə istifadə etməsidir.

Nəticə etibarilə, sosial şəbəkələrdə məşhur olmaq uğurun göstəricilərindən biri sayıla bilər, lakin onu uğurun yeganə meyarı kimi qəbul etmək olmaz. İzləyici sayı və tanınmaq insanın nə qədər diqqət çəkdiyini göstərsə də, onun bilik və bacarıqlarını, peşəkarlığını və cəmiyyətə verdiyi töhfəni tam əks etdirmir.   

Mövzu ilə bağlı daha ətraflı sosioloq Naib Niftəliyev Olaylar.az-a açıqlama verib:

"Sosial şəbəkələrdə fəaliyyət göstərən insanların müxtəlif kateqoriyaları var. Biz bu kateqoriyalara nəzər saldıqda görürük ki, şəxsi keyfiyyətləri ilə o qədər də seçilməyən, əksinə, mənfi davranış xüsusiyyətləri ön plana çıxan bəzi şəxslər də var. Yəni bunlar deviant və asılı davranışları ilə seçilən, müəyyən ifadələr, sözlər və vulqar davranışlarla diqqət mərkəzinə düşə bilən şəxslərdir.

Yaxşı cəhətləri ilə tanınan insanlar da az deyil, kifayət qədərdir. Amma son dövrlərdə mənfi xüsusiyyətləri ilə fərqlənən şəxslər sanki daha çox reklam olunur, daha çox ön plana çıxarılır. Media da müəyyən mənada buna alqoritmlər vasitəsilə, bilərəkdən və ya bilməyərəkdən dəstək verir, bu prosesə şərait yaradır.

Uğurluluq və məşhurluq anlayışları arasında mütləq və birbaşa əlaqənin olduğunu söyləmək bir qədər mübahisəli məsələdir. Təbii ki, insan müəyyən sahədə uğur qazandıqda başqalarının diqqətini cəlb edir və müəyyən mənada məşhurlaşır. Amma məşhurluq və uğurluluq tam olaraq eyni səviyyəli anlayışlar deyil.

Uğur qazanmaq üçün insan daha çox məqsədyönlü olmalı, müəyyən istiqamətdə fəaliyyət göstərməli, konkret hədəflər seçməli və bu hədəflərə doğru atdığı addımlarda ardıcıl olmalıdır. İstedad da çox şeyi həll edir. Amma istedadla yanaşı, çalışqanlıq, bacarıq, fəaliyyət və məqsədyönlülük uğuru tamamlayan əsas xüsusiyyətlərdir.

Təbii ki, kapital və maddi imkanlar da rol oynayır. Amma bir çox uğurlu insan sıfırdan başlayaraq öz kapitalını qazanmağa nail olur. Buna görə də uğurluluq müəyyən mənada maddi imkanların, nüfuzun və qabiliyyətlərin birləşməsi deməkdir.

Bəzən kimisə haqlı olaraq, müəyyən imkanlara və ya əsaslara malik olmadığı halda uğurlu şəxs kimi təqdim edirlər. Özünü reklam xatirinə uğurlu şəxs kimi təqdim edənlər də az deyil. Bu, sadəcə gəlir əldə etmək məqsədi daşıyan davranış kimi başa düşülə bilər. İstənilən halda, bilik və təcrübə məsələlərində uğurun həmişə ön plana çıxması mütləq deyil.

Bəzən həyat tərzi, həyat şəraiti və insanın düşdüyü vəziyyətlər də rol oynayır. Həyat elə gətirə bilər ki, insan şanslı olsa da, uğur qazanmaq imkanına malik olsa da, həmin uğura çata bilmir. Yəni potensial olaraq uğur qazanmaq imkanı olan hər bir insanın müəyyən səbəblərdən mütləq uğur əldə etməsi mümkün olmur.

Bu, müxtəlifsəbəblərlə bağlıdır. Eyni zamanda, insanın öz davranışları, açıq davranması, uğurlarını həddindən artıq paylaşması və özünə daha çox diqqət cəlb etməsi uğurdan daha çox uğursuzluğa səbəb ola bilər. Ona görə də insan hansısa məqsədə doğru irəliləmək istəyirsə, atacağı addımları hesablamalı və müəyyən mənada gizli saxlamağı bacarmalıdır.

Uğura doğru gedən yolda maneələri aşmaq istəyiriksə, həmin maneələrə əhəmiyyət verməmək də vacibdir. Bəzən isə bu maneələri özümüz bilərəkdən yaradırıq. Düşünürük ki, bir işi görəcəyimizi əvvəlcədən söyləmək sosial-psixoloji baxımdan artıq həmin işi görmək deməkdir. İnsan sanki daxilən rahatlaşır, öz gücünə arxayınlaşır. Öz gücünə həddindən artıq arxayın olan şəxslər isə bəzən daha zəif və məqsədyönlü rəqiblər tərəfindən asanlıqla məğlub edilirlər.

Bu vəziyyət Şirlə Meymunun mübarizəsinə bənzəyir. Şir öz gücünə arxayındır, Meymun isə məşq edir, hazırlaşır və sonda ona qalib gəlir. Bu, obrazlı bir müqayisə olsa da, uğurlu olmaq üçün özündən razı qalmamaq, öz gücünü bilməklə yanaşı, qarşı tərəfi də düzgün qiymətləndirmək vacibdir. Ümumiyyətlə, uğurlu insanlar arasında uğur qazanmaq üçün daim öyrənməyə çalışmaq, addımları strateji şəkildə planlaşdırmaq, taktika və strategiyanı düzgün müəyyənləşdirmək lazımdır.

Şərtlər kifayət qədər aydın və bəllidir. Uğur qazanmaq istəyən insanın yalnız uğura köklənməsi kifayət etmir. O, həm də qazandığı uğuru qorumağı bacarmalıdır. Uğur müəyyən mənada davamlılıqla bağlıdır. Bunun üçün insan öz uğurunu düzgün dəyərləndirməli və onu qorumağı bacarmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31