Azad iqtisadi zonaların yaradılması ölkəmizə nə vəd edir?
Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona" elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur. Maraqlıdır, azad iqtisadi zonanın mahiyyəti nədən ibarətdir və belə zonanın yaradılması ölkəmizə nə verəcək?
1 İyun 2017 13:50 İqtisadiyyatÖlkəmizin iqtisadi qüdrəti daha da güclənəcək
Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona" elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur. Maraqlıdır, azad iqtisadi zonanın mahiyyəti nədən ibarətdir və belə zonanın yaradılması ölkəmizə nə verəcək?
Azad iqtisadi zonanın mahiyyəti
Əvvəla qeyd edək ki, ayrı-ayrı dövlətlər öz rifahını beynəlxalq əmtəə dövriyyəsinin genişlənməsi hesabına artırırlar. Bu iqtisadi fikir azad ticarət nəzəriyyəsinin formalaşması və inkişafına xidmət edir. Lakin, qeyd etmək lazımdır ki, sözün əsl mənasında azad ticarət praktiki olaraq mövcud deyildir. Tarif və kvotaların mövcud olmadığı yeganə müasir dövlət demək olar ki, Honq Konqdur. Göstərilənlərlə yanaşı, bir çox dövlətlər üçün bazar münasibətlərinin inkişafına zəruri olan əsas amil xarici investisiyaların cəlb edilməsidir. Vergilər Nazirliyindən bildirilib ki, beynəlxalq iqtisadi münasibətlərdə tədricən öz yerini tapmış ümumi qaydaya əsasən, xarici investorlar ölkə ərazisinə yalnız kapital deyil, həmçinin, nəticə etibarilə ölkənin iqtisadi artımına xidmət edən təcrübə və biliklər də gətirirlər. Dünya sivilizasiyasının inkişafının müasir reallıqları müxtəlif regionlar, bloklar və ölkə qrupları arasında ziddiyyətlərin dərinləşdiyini göstərir. Müxtəlif dövlətlər arasında xarici kapitalın cəlb edilməsi uğrunda rəqabət getdikcə daha da artır. Bu, investorların cəlb edilməsi üçün istifadə edilən müxtəlif üsul və mexanizmlərin rolunu artırır. Son 25 ildə isə bu üsul və mexanizmlərdən özünü ən çox doğruldanı kimi azad iqtisadi zonaların yaradılmasını göstərmək olar. XX əsrin ikinci yarısından etibarən azad (xüsusi) iqtisadi zonalar beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Dünya təsərrüfat əlaqələri üçün azad iqtisadi zonalar əsasən beynəlxalq əmtəə dövriyyəsinin fəallaşdırılması, investisiyaların səfərbər edilməsi, iqtisadi inteqrasiya proseslərinin dərinləşdirilməsi hesabına iqtisadi artımın sürətləndirilməsi faktoru və eyni zamanda inteqrasiya proseslərinin təşkilati formalarından biri kimi çıxış edir. Bu mövzu son illər siyasətçilərin, iqtisadçıların, alimlərin, sahibkarların diqqətini getdikcə daha çox özünə cəlb etməkdədir, belə ki, azad iqtisadi zonalar dünya təsərrüfat təcrübəsinə ciddi nüfuz etmişdir və müxtəlif dövlətlərdə uğurla fəaliyyət göstərirlər. Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 18 may 1973-cü il tarixli Kioto Konvensiyasının sənədlərinə əsasən azad zona (və ya "zona franko") ölkənin ərazisinin elə hissəsini bildirir ki, burada mallar milli gömrük sərhədlərindən kənarda hesab edilir və buna görə də adi gömrük nəzarəti, rüsum və vergilərinə cəlb edilmir. Beləliklə, azad iqtisadi zonaları malların dövlətin gömrük ərazisindən kənarda hesab edildiyi özünəməxsus keyfiyyətli xarici ticarət anklavı kimi səciyyələndirən Kioto Konvensiyasının imzalanmasından sonra azad iqtisadi zonalar bir çox dövlətlərdə geniş vüsət almağa başlamışdır. Azad zonalar probleminə həsr edilən müasir nəzəri araşdırmalarda azad iqtisadi zonaların mahiyyəti daha geniş açıqlanır. Bu araşdırmalarda azad iqtisadi zonalar dövlətin iqtisadi proseslərə müdaxiləsinin seçimli məhdudlaşdırılması aləti kimi səciyyələndirilirlər.
Azad iqtisadi zonaların yaradılmasının məqsədi
Beynəlxalq korporasiyalar öz fəaliyyətləri üçün güzəştli şərait axtarışında azad iqtisadi zonalara əlavə mənfəət gətirə biləcək əlverişli ərazilər kimi baxırlar. İri transmilli korporasiyalar fəaliyyətlərinin azad iqtisadi zonalarda qurulmasını özlərinin genişlənməsi üçün əsas amil hesab edirlər. Azad iqtisadi zonalar mahiyyət etibarilə milli iqtisadi məkanın, ölkənin digər ərazilərində tətbiq edilməyən xüsusi güzəştlər və stimullar sisteminin istifadə edildiyi hissəsini bildirir.
Bir qayda olaraq, azad iqtisadi zona - bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir. Beynəlxalq təşkilatların hesabatlarında və nəşrlərində "azad iqtisadi zona" anlayışından istifadə edilir. Lakin, bu termin, göstərilən zonaların mahiyyətini tam ifadə etmir. Belə ki, bu zonaların əksəriyyətində tətbiq edilən iqtisadi qaydalar, alətlər, xüsusi inzibati qanunlar müəyyən hüquqi və təsərrüfat rejimindən heç də azad etmir, sadəcə olaraq, bu rejimi yüngülləşdirir və sahibkarlığın inkişafını stimullaşdırmağa yönəlmiş güzəştlər verir. Faktiki olaraq, dövlət bu zonalarda özünün iqtisadi proseslərə müdaxiləsini məhdudlaşdırır. Azad iqtisadi zonaların yaradılma məqsədləri onları təşkil edən dövlətlərin sosial-iqtisadi inkişaf səviyyəsindən, onların strateji və inkişaf prioritetləri və planlarından və s. asılıdır. Bu səbəbdən, hər bir konkret halda, azad iqtisadi zonaların yaradılması səbəbləri və məqsədləri bir-birindən fərqlənir. Belə ki, sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə, məsələn Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Fransada azad iqtisadi zonalar sırf beynəlxalq iqtisadi əlaqələrin fəallaşdırılması, depressiv rayonlarda orta və kiçik biznesin inkişafına yönəlmiş regional siyasətin həyata keçirilməsi, regionlararası fərqlərin aradan qaldırılması məqsədi ilə yaradılmağa başlamışdır. Bu məqsədlər üçün, göstərilən kateqoriyadan olan sahibkarlara milli qanunvericilikdə öz əksini tapan müxtəlif növ vergi güzəştlərinin verilməsi bu dövlətlərdə simvolik olaraq "vergi inqilabı" adını almışdır və azad iqtisadi zonalar bu prosesdə kifayət qədər əhəmiyyətli rol oynayır. Faktiki olaraq, onlar bu prosesdə dünya təsərrüfatı miqyasında miqrasiya edən kapital üçün tələ rolunu oynayırlar.
Yuxarıda deyildiyi kimi, azad iqtisadi zona yaradan ölkələrin məqsədləri müxtəlif ola bilər. Bəzi ölkələr azad iqtisadi zonalardan iqtisadi inteqrasiya mexanizmi kimi, digərləri isə xarici texnologiyaların cəlb edilməsi vasitəsi kimi istifadə edirlər. Məsələn, Böyük Britaniya 1981-ci ildən başlayaraq məşğulluğun artırılması və milli səviyyədə iqtisadi konyunkturanın fəallaşdırılması məqsədilə azad hava limanları (Liverpul, Birminhem, Kardiff, Sausanton, Prestrix və Belfast aeroportları) yaratmağa başlamışdır. Amerika Birləşmiş Ştatlarında isə 1934-cü ildə qəbul edilmiş qanuna əsasən azad iqtisadi zonaların yaradılmasının əsas məqsədi kimi xarici malların ABŞ-a idxal edilərkən rüsumlardan azad edilməsi yolu ilə xarici ticarətin dəstəklənməsi və təşviq edilməsi göstərilir.
Azərbaycanın qazancı nədən ibarət olacaq?
Ekspertlər hesab edir ki, azad iqtisadi zonanın yaradılması xarici investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna böyük töhfə verə bilər. Ümumiyyətlə, azad iqtisadi zonalar investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılması baxımından çox vacibdir. İqtisadçı alim Vüqar Bayramov bildirib ki, yeni yaradılacaq iqtisadi zona daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. O, bildirib ki, investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulub: "Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcək. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. Qeyd edim ki, bu addım eləcə də məşğulluğun inkişafına müəyyən mənada yüksək təsir göstərəcək. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir". V.Bayramov qeyd etdi ki, sözügedən zona digər sektorlarda aktivliyin artmasına münbit şərait yaratmış olacaq: "İnvestisiyalar həyata keçirildikdən sonra yerli xammala ehtiyac yaranacaq. Bundan başqa, yeni iqtisadi zona imkan verəcək ki, iqtisadçı kadrların işlə təmin olunması həyata keçirilsin. Bu aspektdən yanaşsaq, bu çox mühüm məsələdir. Azad iqtisadi zonalar, həmçinin ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına geniş imkan yaradacaq. Bu da sözsüz ki, öz növbəsində idxaldan asılılığın aradan qaldırılması və yerli məhsulun bazara çıxarılması baxımından çox vacibdir. Sözügedən zona ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük müsbət təsir göstərəcək. Belə zonalar xüsusilə regionlarda yaradılsa, daha yaxşı olar. Çünki bu, dövlət gəlirlərinin artırması baxımından çox vacibdir. Qeyd etmək lazımdır ki, iqtisadi zonaların yaradılması üçün spesifik potensiala ehtiyac yoxdur. Burada söhbət güzəştlərin tətbiq olunmasından gedir. İnfrastrukturumuz və mövcud şərait imkan verir ki, Azərbaycanda belə iqtisadi zonaların yaradılmasına nail olunsun".
Zəka