ABŞ maliyyə naziri Makrona sərt mesaj göndərdi: “Qrenlandiya yox, Fransa büdcəsi ilə məşğul olun”

ABŞ maliyyə naziri Skott Bessent Fransa prezidenti Emmanuel Makronun Qrenlandiyada NATO hərbi təlimləri keçirmək təşəbbüsünə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Bessent bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. O, Fransa liderinin diqqətini hərbi təşəbbüslərdən daha çox ölkəsinin ağır maliyyə vəziyyətinə yönəltməsini tövsiyə edib.

Jurnalistin ABŞ prezidenti Donald Trampın "Air Force One" təyyarəsi ilə bağlı yaranan texniki gecikmə və onun görüşlərə vaxtında çatıb-çatmayacağı barədə sualına cavab verən Bessent bildirib ki, Tramp təxminən üç saat gecikəcək. Nazir qeyd edib ki, yenilənmiş qrafiklə tanış olmayıb.

Eyni zamanda jurnalistin Fransa prezidentinin ofisinin Qrenlandiyada NATO təlimləri keçirmək niyyəti ilə bağlı açıqlamasına münasibət bildirən ABŞ maliyyə naziri olduqca tənqidi mövqe nümayiş etdirib. Bessent deyib ki, Fransa büdcəsi hazırda acınacaqlı vəziyyətdədir və Makron bu cür şəraitdə başqa ölkələrin ərazisində hərbi təlimlər barədə düşünməkdənsə, daha vacib daxili problemlərə fokuslanmalıdır.

"Əgər prezident Makronun məşğul ola biləcəyi əsas məsələ budursa, mən ona Fransa xalqı üçün həqiqətən önəmli olan problemlərə diqqət yetirməyi məsləhət görərdim", - deyə Bessent vurğulayıb.

Analitiklər hesab edirlər ki, ABŞ rəsmisinin bu açıqlaması Vaşinqton-Paris münasibətlərində mövcud olan gərgin ritorikanın davamıdır. Xüsusilə Tramp administrasiyasının Avropa liderlərinə qarşı sərt və açıq tənqidləri fonunda, Makronun hərbi təşəbbüsləri ABŞ-da birmənalı qarşılanmır. Bu bəyanat həm də Fransa daxilində artan büdcə kəsiri və sosial-iqtisadi problemlər fonunda Makronun xarici siyasət addımlarının tənqid olunduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31