Rusiyanın ən böyük regionunda miqrantlara – 33 qadağa

Yakutiyada miqrantlara ticarətlə məşğul olmaq, sərnişin daşımaq, ərzaq, içki və geyim istehsalı sahələrində özlərini sınamaq qadağan edilib.

Müvafiq fərmanı regionun başçısı Aysen Nikolayev imzalayıb. Sənəd respublika hökumətinin saytında dərc olunub.

"O cümlədən qida məhsulları istehsalı, içkilər, geyim istehsalına qadağa qoyulub. Şəhər daxilində və şəhərlərarası nəqliyyatda, həmçinin, minik avtomobillərində sərnişin daşımaq qadağan edilib", - deyə mətbuat xidmətindən qeyd ediblər.

Bu qadağa kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq, emal sənayesi, tikinti, ticarət, nəqliyyat, otelçilik, elmi və texniki fəaliyyət, daşınmaz əmlak üzrə əməliyyatlar, eləcə də təhsil, səhiyyə və sosial xidmət sahələri də daxil olmaqla ümumilikdə 33 növ iqtisadi fəaliyyət sahəsini əhatə edir.

Öz fəaliyyətini patent əsasında həyata keçirən xarici vətəndaşlar 2019-cu ildən hüquq, mühəndis-texniki, mühasibat uçotu, tədqiqat və elmi araşdırma sahələrində də işləyə bilməyəcəklər.

Qırğızıstandan olan 23 yaşlı miqrantın yerli sakini zorlamasının məlum olmasından sonra - martın 17-də Yakutskda qeyri-mütəşəkkil mitinq keçirilib. Bundan sonra miqrantlar yerli sakinlər tərəfindən izlənildikləri və döyüldükləri barədə məlumatlar yaymağa başlayıblar.

Saxa (Yakutiya) Respublikası Rusiya Federasiyasının 85 subyekti arasında ərazisinə görə ən böyüyüdür. Uzaq Şərq Federal Dairəsinə daxil respublikanın sahəsi 4 milyon kv.km-ə yaxındır.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31