İsrail “SEPAH”ın silah anbarlarını məhv etdi
28 Mart 2019 14:11 Dünyaİsrailə məxsus qırıcı təyyarələr dünən axşam saatlarında Suriyanın Hələb şəhərinin hava limanı yaxınlığında yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH qüvvələrinə və onların silah anbarlarına hava zərbələri endirib.
Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı bildirib ki, İsrail qırıcılarının Hələb hava limanına yaxın Şeyx Nəccar məntəqəsində İranın hərbi qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində böyük partlayış baş verib, SEPAH-ın silah-sursat anbarları yerlə yeksan edilib.
SEPAH-ın itkilərinin sayı haqda hər hansı rəsmi məlumat yayılmasa da, Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı rəsmilərinin mediaya açıqlamalarında bildirilir ki, hava hücumları nəticəsində SEPAH-ın silah anbarlarını qoruyan ən azı 4 nəfər ölüb.
Bəyanatda ölənlərin milliyyəti açıqlanmayıb.
Suriya ordusu isə hava hücumları ilə bağlı bəyanat yayaraq bildirib ki, İsrail qırıcıları Hələb ətrafındakı Şeyx Nəccar sənaye məntəqəsində yerləşən İran qüvvələrini hədəfə alıb. Bəyanatda qeyd edilir ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarının atdığı bir neçə raketi göydə vuraraq məhv edib.
Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində SEPAH qüvvələrinə və onların silah anbarlarına onlarla hava zərbəsi endirib.
teleqraf