Bakının dostu olan Smitlərin qatili haqda qərar verilir

Gürcüstanın Qori məhkəməsi çoban Malxaz Kobaurinin haqqında qərar çıxarmaqdan ötrü mətbuata qapalı iclas keçirir.

Amerikalı ailənin qətlində günahkar bilinən Kobaurini ömürlük həbs cəzasının gözlədiyi vurğulanıb. Andlı iclasçılar artıq Kobaurini 4 cinayətdə - zor tətbiqetmədə, öncədən planlaşdırılmış xüsusi amansızlıqla qətldə, bilərəkdən iki və daha çox şəxsi qətlə yetirməkdə, digər cinayətləri gizlətmək məqsədilə qəsdən qətl törətməkdə günahkar biliblər.

Məhkəmənin iclasından öncə jurnalistlərə açıqlama verən prokuror Zaza Datukişvili Kobaurinin öz günahını etiraf etmədiyini və istintaqı yanıltmağa çalışdığını söyləyib. O, Kobaurinin ömürlük həbs cəzasına məhkum edilməsinə çalışacaqlarını söyləyib.

Qeyd edək ki, 2018-ci ilin 4 iyulunda amerikalı Rayan və Lora Smit, eləcə də onların 4 yaşlı övladları Duşetski rayonunda itkin düşüb. Bundan sonra ailənin üzvlərinin axtarışına başlanıb və Xada dərəsində Lora Smitin cəsədi aşkarlanıb. Onun həyat yoldaşının cəsədini isə polis növbəti gün aşkarlayıb. Daha sonra Kobauri Smitlərin 4 yaşlı övladlarının cəsədini qarın altında gizlətdiyini etiraf edib.

Polisin apardığı təhqiqat nəticəsində bəlli olub ki, Rayan Smit və oğlu odlu silahdan atəş nəticəsində həlak olub. Lora Smitin isə özünü uçurumdan atdığı müəyyən olunub. Polis həmçinin qadında cinsi zorakılıq izlərini qeydə alıb.

Rayan Smit əslən Kaliforniyadandır. O, 2002-2005-ci illərdə Azərbaycanda yaşayıb və Azərbaycan dili və mədəniyyətini öyrənib. 2005-ci ildə ABŞ-a qayıdan Rayan burada Lora ilə tanış olaraq, evlənib. Sonrada cütlük azərbaycanlıların üstünlük təşkil etdiyi Marneuli rayonuna gələrək, burada 6 il yaşayıblar. Lora Marneulidə yerli məktəblərdən birində ingilis dili müəllimliyi edib, Rayan isə qədim xalçaçılıq mədəniyyətinin canlandırılması üçün layihəsini gerçəkləşdirib və burada yerli qadınlar üçün iş yerləri yaradıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31