Ermənistan xarici işlər naziri Moskvaya gizli səfər edib? - Lavrovla məxfi görüş...
26 Mart 2019 13:28 DünyaXəbər verildiiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşü gözlənilir. Görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.
Bu arada Ermənistanın bəzi xəbər saytları ölkə başçılarının gözlənilən görüşü ərəfəsində Paşinyan hakimiyyətinin müəmmalı gedişlər etməsi haqda yazır.
Moderator.az xəbər verir ki, "168 yam" nəşrinin verdiyi məlumata görə, bu günlərdə işğalçı ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiyanın baş diplomatı Sergey Lavrovla məxfi telefon danışığı olub. Danışıq zamanı konkret nədən söhbət getməsi haqda isə məlumat yoxdur.
Sözügedən nəşr hətta martın 22-23-də Ermənistanın XİN başçısının gizli olaraq Moskvaya səfər etdiyini də bildirib. Eyni saytın məlumatına görə, XİN-ə həmin günlərdə Z.Mnatsakanyanın İrəvanda olub-olmaması haqda sorğu göndərilib. İşğalçı ölkənin XİN sözçüsü Anna Nağdalyan cavab olaraq belə yazıb:"Sualınıza cavab olaraq, bildiririk ki, 21 martda xarici işlər naziri Zohrab Mnatsakanyan Yerevan şəhərində olub. Ancaq 22 martda paytaxtda olmayıb. Bu haqda isə məlumat yayılmayıb, çünki lazım bilinməyib".
"168 yam"dakı xəbərdə vurğulanır ki, XİN rəsmisinin bu cür cavabı onların Ermənistanın baş diplomatının martın 22-də Rusiya paytaxtında olması haqdakı məlumatını dolayısıyla təsdiqləyir. Məlumatda Z.Mnatsakanyanın XİN-in bir əməkdaşı ilə birgə Moskvada olaraq rusiyalı həmkarı S.Lavrovla gizli görüş keçirdiyi və martın 23-ə keçən gecə İrəvana döndüyü bildirilir. Məxfi danışıqların İlham Əliyev -Paşinyan görüşünə hazırlıq məqsədi daşıdığı iddia edilir. Lakin görüşdəki söhbətin konkret detalları haqda informasiya olmadığı vurğulanır...