Ermənistanda seçkiqabağı siyasi bazarlıq

Hazırda Ermənistanda bir nömrəli müzakirə mövzusu bu ölkənin gələcək siyasi taleyidir. Hazırkı prezident Serj Sərkisyanın xələfinin kimliyi artıq cəmiyyətə açıqlansa da, erməni cəmiyyətində hələ də müəyyən tərəddüdlər var.

Yaxud Sarkisyanın hakimiyyətdə qalmaq oyunları

Hazırda Ermənistanda bir nömrəli müzakirə mövzusu bu ölkənin gələcək siyasi taleyidir. Hazırkı prezident Serj Sərkisyanın xələfinin kimliyi artıq cəmiyyətə açıqlansa da, erməni cəmiyyətində hələ də müəyyən tərəddüdlər var. Bu da Serj Sarkisyanın öz yerində görmək istədiyi Armen Sərkisyanın siyasi dünyagörüşünün məhdud olması, bir qədər də dəqiqləşdirsək siyasətdən daha çox şou adamı təsiri bağışlamasıdır. Düzdür, hazırda Armen Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsini icra etsə də, elə səfir kimi fəaliyyətinin böyük hissəsini gələcək prezident məhz şouya, dünyanın musiqi ulduzları ilə yaxından təmas qurmağa sərf edib. Bu səbəbdən Armen Sarkisyanın prezidentliyinin Ermənistan üçün heç də uğurlu olmayacağı bildirilir. Bəs görəsən Azərbaycanda bu barədə nə düşünürlər?

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının prezidentliyə namizədi kimi bu ölkənin Böyük Britaniyada səfiri Armen Sarkisyanı irəli sürüb.  Politoloq bildirib ki, Armen Sarkisyan Azərbaycanın ərazilərinin işğalında əsas füqur olan Vazgen Sarkisyanın qardaşıdır: "Vazgen Sarkisyan Ermənistanda 1998-ci ildə parlamentin gülləbaran edilməsi zamanı qətlə yetirilib". Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, çoxları Serj Sarkisyanın xarici işlər naziri Edvard Nalbandiyan və ya baş nazir Karen Karapetyana stavka edəcəyini düşündüyü halda, Ermənistan prezidenti sürpriz bir ad açıqladı: "Açığını qeyd edim ki, Sarkisyanın belə bir seçim edəcəyini Ermənistan cəmiyyəti gözləmirdi. Ermənilər düşünürdülər ki, Sarkisyan ən azından adlarını qeyd ediyim iki şəxsdən birinin prezidentliyə namizədliyini irəli sürəcək. Ancaq göründüyü kimi Ermənistan prezidenti tamamilə fərqli və heç kimin gözləmədiyi bir şəxsin adını açıqladı". Politoloqun sözlərinə görə,   Serj Sarkisyanın baş nazir Karen Karapetyanın, yaxud Edvard Nalbandyanın namizədliyini irəli sürməməsi, əsasən hər iki şəxsin siyasi iddialı olması və Serj Sarkisyan üçün gələcəkdə problemlər yarada biləcəyi təhlükəsidir: "Ermənistan cəmiyyətində ehtimal var idi ki, bu iki şəxsdən biri prezidentliyə namizəd olacaq.Qeyd edim ki, səfir Armen Sarkisyanın siyasi iddiası yoxdur və Qərbdə erməni oliqarxiya və lobbiçiləri ilə sıx əlaqlərə malikdir. Bundan əlavə Armen Sarkisyanın namizədliyini məhz erməni lobbisi president Serj  Sarkisyana təklif edib. Təbii ki, maliyyə cəhətdən lobbi dairələrindən asılı olan Serj Sarkisyanın erməni lobbisinin istəyinə qarşı getməsi isə, İrəvana maliyyə yardımlarının kəsilməsi ilə nəticələnə bilər.Hazırda baş nazir olaraq apreldə vəzifəsindən gedəcək Kremlə bağlı olan Karen Karapetyanın hakimiyyətdə hansı vəzifə tutacağı isə sual doğurur. Amma baş nazirin birinci muavini kimi iqtisadi sahəni kurasiya edəcəyi istisna deyil". Məhəmməd Əsədullazadə hesab edir ki, SerjSarkisyanın Karen Karapetyanın hakimiyyətdən uzaqlaşdırılması, Ermənistan prezidentinin Kremlin siyasətinə qarşı gəlməsi deməkdir: "Serj Sarkisyanın səfiri prezidentliyə gətirməkdə, əsas məqsədi növbəti illərdə öz siyasi fəaliyyətini qarantiya almaqdı. Həmçinin bununla da prezidentlik postunu da öz nəzarətində saxlamış olur.Baş nazir kimi Serj Sarkisyan prezident Armen Sarkisyan vasitəsilə erməni lobbisinin maliyyə qaynaqlarından faydalanacaq və ölkəsində yenidən əsas rıçaqları əlində saxlayaraq digər opponentlərini proseslərdən neytrallaşdıracaq. Sarkisyan səfiri prezident etməklə bir növ xalqın özünə qarşı etirazlarının qarşısını almağa çalışır. Çünki, Armen Sarkisyan Qərbdəki əlaqlərindən istifadə edib, Ermənistana maliyyə və investiya lahiyələrini gətirməklə ölkənin iqtisadi vəziyyətini sabitləşdirmək barədə xalqa dolayı mesaj vermiş olur. Hazırda Serj Sarkisyanın bütün siyasi gedişləri yalnız öz hakimiyyətini qorumaqdan ibarətdir. 10 il ərzində ölkəsini iqtisadi defolta aparan bir şəxsin bundan sonrakı fəaliyyəti müsbət olmayacaq.Qeyd edim ki, Ermənistan əhalisinin Serj Sarkisyanın bu planına qarşı apreldə növbəti dəfə etiraz aksiyaları keçirməsi də gözləniləndir".

Müstəqil ekspert Zeynal Əmralıyev isə bildirib ki, bu il Ermənistanda seçki ili kimi yadda qalacaq. Onun sözlərinə görə,  işğalçı dövlətin prezdenti Serj Sarkisyanın hakimiyyət müddəti başa çatdığı üçün ölkə özünə yeni prezdent seçməlidir: "Hakim Respubli Partiyasının namizədi kimi ölkənin Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş baş nazir Armen Sarkisyanın adı elan edildi. Ancaq Armen Sarkisyan bu haqda açıqlama verməkdən boyun qaçırır.Aydındır ki, prezidenti bu dəfə əvvəlki seçkilərdən fərqli olaraq xalq deyil, parlament seçəcək. Sarkisyan prezident seçkilərinə ənənəvi ortağı Dasnaksütyun Partiyası ilə gedir. Ancaq yenə də 2 partiyanın səsi belə Armen Sarkisyanı birinci turda qalib etməyəcək. Çünki birinci turda qalib gəlmək üçün 79 səs tələb olunur. İki partiyanın ortaq səsi isə 65 edir. Qeyd edim ki, seçki prosesi fevralın 28-dən martın 10-na qədər keçiriləcək. Belə olanda ehtimal ki, Armen Sarkisyan ikinci turda prezident seçiləcək. Seçkilərin ikinci turu isə martın 2-də keçiriləcək". Ekspert bildirib ki, Serj Sarkisyan məsələni birinci turda həll etmək üçün böyük səylər göstərir və müxalif Tsarukyan Bloku ilə razılaşmağa çalışır: "Ancaq bu blok da son qərarını verməyib və Armen Sarkisyanın özü ilə görüşmək istəyir. Bu haqda açıqlamanı blokun üzvü Nariya Zohrabyan Azadlıq radiosunun Ermənistan bürosuna müsahibəsində bildirib. Onun ardınca Dasnakların lideri Armen Rustemyan da son qərarı vermədiklərini, Armen Sarkisyanla görüşmək istədiklərini bildirib. Serj Sarkisyanın dəstək almaq istədiyi digər müxalifət franksiyası olan Yelk Bloku isə bu təklifdən imtina edərək seçkilərə öz namizədi ilə gedəcəyini bildirib. Ancaq Yelk Blokunun seçkilərə öz namizədi ilə qatilması çətin görünür. Çünki fraksiyanın prezident seçkilərində öz namizədi ilə qatılması üçün ən azı 27 deputatın imzası tələb olunur  Yelk Bloku isə bu qədər mandata sahib deyil. Yelk dəstək üçün Tsarukyan Blokuna muraciət etsə də sonuncu bundan qəti imtina edib. Bəzi məlumatlara görə hakim partiya əgər müxalifətdən lazımi dəstəyi görməsə namizədini dəyişdirərərk seşkiyə B varianti ilə gedəcək". Ekspert qeyd edib ki, B variantının namizədinin isə hakim partiyanın parlament franksiyasının rəhbəri Viqram Baqdasaryan olduğu bildirilir: "Hər halda artıq seçkilərə 1 ay qalmasına baxmayaraq nə hakimiyyət, nə də müxalifət yekdil qərara gələ bilmir. Görünən odur ki, hələ siyasi bazarlıqlar davam edəcək".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31