Dünənin “ayıbı”, bu günün azadlığı – Yeni dövrdə nəyin ayıb olduğu bilinirmi?

Bir vaxtlar insanın davranışına ən güclü təsir göstərən, qanundan, qaydadan da artıq çəkisi olan bir anlayış vardı - ayıb. Bu sözün dediyi çox şeyi qanun deyə bilmirdi. Çünki qanun sənə cərimə kəsə bilər, amma ayıb səni bütün elin-obanın gözündə dəyərləndirirdi. Ayıb olmaq təkcə şəxsi məsələ deyildi, ailəni, nəslini, hətta yaşadığın küçəni belə maraqlandırırdı. Nənələrimizin, atalarımızın dilindən düşməyən "ayıb olar" xəbərdarlığı bəzən bir baxışla davranışımızı dəyişdirirdi. O zamanlar ayıb dediyimiz bir sıra qaydalar vardı ki, onlar həm əxlaqı qoruyur, həm də cəmiyyətdə bir ahəng yaradırdı. Böyüyün yanında söz kəsmək, qonağın qarşısında telefona baxmaq, küçədə səs-küylü danışmaq, bir qadının yüksək səslə gülməsi, bir kişinin bazarlıq etməsi belə müəyyən yerlərdə ayıb sayılırdı. Hətta evdəki problemləri çölə çıxarmaq, ailə sirrini başqaları ilə paylaşmaq da böyük ayıb idi. Amma indi, xüsusilə son 20 ildə bu anlayışın rəngi dəyişib. Sosial media, internet, qloballaşma, şəhərləşmə bütün bunlar davranış qaydalarını alt-üst edib. İnsanlar dünyanın hər yerindən fərqli həyat tərzlərini, mədəniyyətləri görür, müqayisə edir, bəzilərini özününküləşdirir. Bir vaxtlar ayıb sayılan bir çox şey indi tam normal qarşılanır. Küçənin ortasında selfi çəkmək, yüksək səslə danışmaq, küçədə yemək yemək, hətta kiminləsə canlı yayımda mübahisə etmək indi heç kimin diqqətini çəkmir. Qadının karyera qurması, kişinin uşağa baxması, yemək bişirməsi əvvəllər bəzi adamların dilində "ayıb" damğası ilə gəzirdi, indi isə müasir ailə modelinin göstəricisi hesab olunur. Lakin bu dəyişikliklər hər kəs üçün eyni dərəcədə qəbul edilmir. Xüsusilə yaşlı nəsil tez-tez "dəyərlər itdi", "ayıb-hedis qalmadı" deyə narahatlığını bildirir. Gənc nəsil isə bunun əksini düşünür: "Nə yaxşı ki, köhnəlmiş qadağalardan qurtulduq." Burada maraqlı bir məqam var, əslində "ayıb" anlayışı tam yox olmayıb, sadəcə mövzunu dəyişib. İndi insanların ayıb dediyi hallar daha çox şəxsi məkanın pozulması, hörmətsizlik, empatiya çatışmazlığı ilə bağlıdır. Məsələn, başqasının şəklini icazəsiz paylaşmaq, kiminsə səsini gizli yazmaq, yolda telefonu kiminləsə kobud səslə danışmaq - bunlar indi cəmiyyətin böyük hissəsi üçün ayıbdır. Eyni zamanda, sosial mediada bəyənilmə uğrunda özünü süni göstərmək, hər şeyin reklamını etmək də yeni dövrün ayıbları sırasına daxildir. Maraqlıdır ki, əvvəllər ayıb daha çox cəmiyyətin ümumi dəyərlərini qorumaq üçün idi, indi isə daha fərdi yanaşma var. Əvvəllər el-obanın nə deyəcəyi əsas idi, indi isə hər kəs özünün nə hiss etdiyi ilə ölçür. Bu dəyişimin səbəbləri çoxdur. Şəhərləşmə insanları bir-birindən uzaqlaşdırıb, kollektiv nəzarəti zəiflətdi. Qloballaşma fərqli mədəniyyətlərin qarışığını gətirdi, bəzi köhnə normalar təbii olaraq sıradan çıxdı. Texnologiya isə ən böyük rol oynadı internetdə hər kəs öz "doğru"sunu tapa bilir və bu, ümumi qaydaların gücünü azaldır.
Bəs bu yaxşıdır, yoxsa pis? Bu sualın cavabı sadə deyil. Köhnə "ayıb" qaydalarının bir hissəsi, etiraf edək ki, əsassız idi, insanın özünü ifadə azadlığını məhdudlaşdırırdı. Məsələn, bir gəncin musiqi ilə məşğul olması, bir qadının iş həyatına qoşulması, bir kişinin ev işlərində iştirak etməsi niyə ayıb olmalıydı ki? Amma digər tərəfdən, "ayıb" tamamilə yox olanda cəmiyyətin yazılmamış qaydaları da zəifləyir, qarşılıqlı hörmət azalır, insanlar bəzən sərhəd tanımadan hərəkət edirlər. Azadlıq gözəldir, amma sərhədi olmayan azadlıq başqasının haqqına toxuna bilir.\


 
Mövzu ilə bağlı Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin rəhbəri, "Ahəng psixoloji inkişaf və dəstək" ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, müasir dövrdə "ayıb" anlayışı əvvəlki nəsillərin dərk etdiyi kimi qəbul olunmur: 
 
"Keçmişdə uşaqlar böyüyərkən onlara çox geniş çərçivədə "ayıb" öyrədilirdi. Hətta gündəlik davranışların böyük bir hissəsi bu anlayışla tənzimlənirdi. Məsələn, kiminsə əşyasını icazəsiz götürmək, böyüklərə söz qaytarmaq, yaşlıların yanında müəyyən sözləri işlətmək və ya hərəkətlər etmək, başqalarının şəxsi həyatına müdaxilə etmək - bütün bunlar "ayıb" sayılırdı. "Ayıb" sözü o dövrün tərbiyəsində həm davranış qaydalarının, həm də ictimai münasibətlərin əsas sütunlarından biri idi. Bu gün isə vəziyyət bir qədər fərqlidir. Müasir valideynlər, xüsusilə analar, övladlarını daha sərbəst və rahat böyütməyə üstünlük verirlər. Bunun üçün də "ayıb" anlayışını çox işlətməməyə çalışırlar. Onlar uşaqların daha açıqfikirli, özünü ifadə edə bilən, cəsarətli və utancaqlıqdan uzaq böyüməsini istəyirlər. "Ayıb" sözünün tez-tez işlədilməsi, onların fikrincə, uşaqlarda çəkingənlik yarada və təşəbbüskarlığı azalda bilər. Bu yanaşma bəzən müsbət nəticə verir: uşaqlar daha sərbəst danışır, öz fikirlərini rahatlıqla ifadə edir, yeni ideyalara açıq olurlar".
 
Psixoloq qeyd edib ki, "ayıb" anlayışını həddindən artıq aradan qaldırmaq müəyyən mənfi təsirlər də doğurur: 
 
"Belə olanda uşaqlar bəzən başqalarının hisslərini nəzərə almadan danışır, empatiya qabiliyyətləri zəifləyir, münasibətlərdə həssaslıq azalır. Bəzi hallarda isə bu, eqoist davranışların güclənməsinə gətirib çıxarır. Çünki "ayıb" yalnız qadağa deyil, həm də qarşı tərəfə hörmətin, məsuliyyət hissinin bir formasıdır. Müasir gənclər arasında belə bir fikir də yayılıb ki, "ayıb" anlayışı insanlarda kompleks yaradır. Onlar hesab edirlər ki, çox şeyin "ayıb" sayılması, insanın azad düşünməsinə, rahat davranmasına mane olur. Belə olanda, "ayıb" anlayışı sanki mənfi bir çərçivə kimi qəbul edilir. Halbuki, bizim milli-mənəvi dəyərlərimizdə böyüklərə hörmət, yaşlılara ehtiram, onların fikirlərinə və dəyərlərinə önəm vermək xüsusi əhəmiyyət daşıyır. Bu isə təkcə şəxsi mədəniyyətin deyil, həm də cəmiyyətin sağlam münasibətlərinin əsasını təşkil edir".
 
Psixoloqun sözlərinə görə, əgər "ayıb" tamamilə ortadan qaldırılsa, böyüklərlə-kiçiklər arasında hörmət münasibəti zəifləyə, ailə içində və cəmiyyətdə etik çərçivələr itə bilər. Ona görə də düşünürəm ki, övladlarımızı nə tam sərt qadağalarla böyütmək, nə də tamamilə sərbəst buraxmaq düzgün deyil. Ən sağlam yol orta mövqedir. "Ayıb" anlayışını uşaqlara qadağa kimi yox, izah yolu ilə öyrətmək, hansı hallarda bunun vacib olduğunu nümunələrlə göstərmək lazımdır. Belə olduqda uşaqlar həm milli-mənəvi dəyərlərə bağlı olar, həm də özünü sərbəst ifadə etmək bacarığı qazanmış olarlar.
 
Fikrimcə, "ayıb" anlayışı bir növ güzgüdür. Hər dövrün insanı özünü necə görmək istəyirsə, "ayıb"ı da o cür müəyyənləşdirir. İndi biz daha çox fərdiyyətçiliyə meyilliyik, amma yenə də hörmət, empatiya və qarşılıqlı diqqət dəyərləri qorunmalı, yeni nəsil bu anlayışı tam itirməməlidir. Bəlkə də bu günün həqiqi ayıbı bir-birimizin hisslərini anlamadan, sərhədlərə hörmət etmədən yaşamaqdır. Vaxtilə bizə "ayıb olar" deyənlər sadəcə bir qaydanı yox, həm də qarşılıqlı münasibətin incəliyini öyrədirdilər. İndi isə o incəlikləri özümüz yenidən kəşf etməliyik ki, azadlıqla hörmət bir yerdə yaşasın.
 
Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31