Sənətə sponsor tapmaq problemi: Əyləncə parlayır, sənət kölgədə qalır
19:23 SosialMüasir dünyada sponsorluq siyasəti çox vaxt kommersiya maraqlarına əsaslanır. Bir reallıq ortaya çıxır ki , ən çox maliyyə dəstəyi kütləvi auditoriya toplayan, mediada gur səs salan və qısa müddətdə qazanc gətirən sahələrə yönəlir. Şirkətlər, brendlər, hətta fərdi investorlar belə reklam və tanıtım imkanlarını maksimum dərəcədə istifadə edə bilmək üçün daha çox şou-biznes, iri konsertlər, reytinqli televiziya layihələri və kommersiya xarakterli tədbirlər üzərində dayanırlar. Burada aydındır ki, auditoriya böyükdür, reklam effekti dərhal görünür, brendin adı sosial şəbəkələrdə sürətlə yayılır.
Ancaq bu parıltının arxasında qalan, diqqət mərkəzindən uzaqlaşan başqa bir dünya var - teatr, klassik musiqi, rəssamlıq, muzey işi, heykəltəraşlıq, milli irsi yaşadan layihələr... Bu sahələrə sponsor tapmaq bəzən illərlə davam edən bir mübarizəyə çevrilir. Çünki bu layihələr kütləvi auditoriya cəlb etməkdə pop səhnə ilə yarışa bilmir. Tamaşaçının, dinləyicinin və ümumən cəmiyyətin zövqü isə gördüyü və eşitdiyi ilə formalaşır. Əgər televiziyada, sosial şəbəkələrdə və kütləvi tədbirlərdə əsasən eyni tipli musiqi, eyni üslubda layihələr, oxşar formatlı əyləncələr təbliğ olunursa, ictimai zövq də bu dar çərçivədə formalaşar. Əslində, incəsənət dediyimiz anlayış yalnız pop səhnə, reytinqli teleşou və ya toy mahnıları ilə məhdudlaşmır. Bir teatr tamaşasının səhnəsindəki səssizlik, operadakı bir ariyanın yaratdığı titrətmə, rəssamın fırçasından çıxan bir tablonun qarşısında duyulan heyranlıq bəzən minlərlə insanın qatıldığı, işıqlar altında parlayan bir konsertdən qat-qat güclü təsir bağışlaya bilər.
Sponsorlar isə geniş auditoriya axtarır. Bu səbəbdən, klassik musiqi festivalı, sənət sərgisi, milli teatr layihəsi və ya mədəni irs ekspozisiyası sponsorluq siyahısında çox vaxt son yerlərdə olur. Hətta bəzən belə layihələr şəxsi təşəbbüslərlə, könüllülərin dəstəyi ilə, çox məhdud büdcə hesabına həyata keçirilir.
Sponsorlar yalnız dərhal geri dönüş verəcək layihələrə deyil, həm də uzunmüddətli mədəni inkişafı təmin edəcək təşəbbüslərə investisiya etməlidir. Məsələn, bir teatr layihəsinə sponsor olmaq təkcə səhnədə bir tamaşa təqdim etmək deyil, həm də gənc aktyorların təhsilinə, milli dramaturgiyanın inkişafına, yeni nəsil tamaşaçıların formalaşmasına töhfə verməkdir. Bir rəssamlıq sərgisinə dəstək vermək təkcə fırça ilə çəkilmiş əsərlərin divarda asılmasından ibarət deyil - bu, vizual yaddaşın, mədəni irsin və yaradıcılığın qorunması deməkdir. Sənətə sponsorluq yalnız "xeyriyyəçilik" anlayışı ilə məhdudlaşmamalıdır. Bu, həm də brendin öz imicini zənginləşdirmək, onu dəyərli və zövqlü layihələrlə assosiasiya etdirmək fürsətidir. Dünyanın böyük brendləri illərdir ki, opera evlərinə, muzeylərə, teatr festivallarına sponsorluq edir. Çünki bu, yalnız məhsul reklamı deyil, həm də brendin mədəniyyətlə bağını göstərən bir jestdir. Belə sponsorluq həm də uzunmüddətli etibar və prestij gətirir.
Unutmaq olmaz ki, incəsənətin müxtəlif sahələri bir-birini tamamlayır. Əyləncə mədəniyyəti lazımdır, çünki o, gündəlik həyatın ritmini yüngülləşdirir. Amma əyləncə mədəniyyətini sənət mədəniyyətinin yeganə nümayəndəsinə çevirmək, onu bütün sahələrdən üstün tutmaq cəmiyyətin mədəni inkişafında boşluqlar yaradır. Sənətin dərin qatlarını yaşatmaq üçün isə həm dövlətin, həm sponsorların, həm də cəmiyyətin ortaq iradəsi lazımdır. Əks halda, parıltılı səhnələr arxasında unudulmuş, amma bir zamanlar millətin ruhunu yaşadan səslər susacaq. Əyləncə parlayır, amma əsl sənət kölgədə qalırsa, bu, təkcə incəsənətin yox, bütöv bir mədəniyyətin itkisidir. Sponsorluq siyasətində balans yaradılmadan, sənətin bütün sahələrinə bərabər yanaşılmadan bu vəziyyəti dəyişmək çətin olacaq.
Bu məsələnin mahiyyətini və səbəblərini daha dərindən anlamaq üçün mövzu ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, kulturoloq Minəxanım Əsədova Olaylar.az-a açıqlama verib:
" Bu gün konsertlərə, kommersiya tədbirlərinə, şou-biznesə sponsorlar daha çox dəstək verirlər, nəinki sənətin digər növlərinə. Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, istedadlı müğənnilərin, ifaçıların sponsor vasitəsilə inkişafı həyata keçərsə, bu, həmin insanın daha da tanınmasına, dünyada tanınmasına, keyfiyyətli musiqinin və istedadlı insanların gündəmə çıxmasına kömək edir. Bu, müsbət haldır. Mənfi tərəfi isə odur ki, bəzən istedadlı, əsl musiqi ilə məşğul olan insan kənarda qalır. Az istedadı olan, bayağı musiqi ifa edən, məsələn, açıq-saçıq geyimlər, xoşagəlməyən yumorlar, sarkazm ilə səhnəyə çıxanlar insanların zövqünü korlayır. Ümumiyyətlə, Azərbaycan mentalitetinə və milli-mənəvi dəyərlərinə uyğun olmayan tədbirlər də gündəmə çıxır və bunlar da sponsor vasitəsilə həyata keçirilir. Bu, təbii ki, bizi kədərləndirir.
Sənətin digər növlərinə sponsorların az cəlb olunması da reallıqdır. Siz düzgün vurğuladınız ki, rəssamlıq və digər sənət növləri musiqi ilə müqayisədə kölgədə qalır. Bu, onunla bağlıdır ki, bizim kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə musiqi daha çox təbliğ olunur. Dövlət kanallarında tarixi, teatr, rəssamlıqla bağlı maraqlı verilişlər olsa da, musiqi üstünlük təşkil edir. Özəl televiziya kanallarında isə daha çox bayağı musiqi və zövqə uyğun olmayan ifalar təbliğ olunur. Teatr, rəssamlıq, klassik musiqi, muzey fəaliyyəti sosial şəbəkələrdə və KİV-də lazımi qədər işıqlandırılmır. İnsanlar əsasən toy və əyləncə musiqilərini eşidir və bu da zövq formalaşmasına mane olur. Əgər opera-balet və dram teatrlarının tamaşaları, eləcə də digər incəsənət növləri daha çox nümayiş olunsa, insanlar onlara da maraq göstərər və bu sahələr inkişaf edərdi. Hazırda isə əsas zövq toy musiqisi üzərində formalaşır, sponsorlar da buraya yönəlir. Teatr mövzusuna gəldikdə isə, teatr klassik növ olmağı çox vacibdir, amma bu günkü günə də uyğunlaşmalıdır. Müasir dünya teatr tələblərinə uyğunlaşmalıdır ki, sponsorların marağını artırar və əsərlərin dünyaya çıxmasına şərait yaradardı.Təbii ki dövlət səviyyəsində bizim teatrlar səfərlərə gedir. Amma teatr həm də müasir teatr tendensiyalarına uyğun olmalıdır. Məsələn, tamaşa belədir ki, onun tərcüməçiyə ehtiyacı var ki, bu tamaşaları dünyada tanıdaq. Məsələn Pantomima Teatrı və digər müasir növlər var ki onların tərcüməçiyə ehtiyacı yoxdur. Bunlara sponsor azdır çünki xalq arasında təbliğ olunmur. Təbliğ olunsun k, insanlar onu sevsin və maraqlansınlar.
Muzeylərimiz də bu mövzuda mühüm yer tutur. Müstəqilliyin bərpasından sonra milli muzey sənəti də inkişaf etməyə başlayır. Əsas muzeylərimiz milli status aldı. Müstəqilliyin bərpasından sonra Azərbaycan Milli Xalça muzeyi, Gəmi muzeyi, Qara Qarayevin ev muzeyi kimi dünya standartlarına uyğun muzeylər yaradılıb. Sovet dövründəki muzeylər də müasir texnologiyalarla təchiz olunub. Amma dünya təcrübəsində 3D proqramlar, holoqramlar kimi texnologiyalar daha çox tətbiq olunur. Bu isə böyük maliyyə vəsaiti tələb edir və burada sponsor dəstəyi vacibdir. Muzeylər həm keçmişimizi, həm bu günümüzü, həm də mədəniyyətimizi gələcəyə ötürür.
Ümumiyyətlə, rəssamlıq, teatr, muzey işi və incəsənətin digər sahələrinə maliyyə dəstəyi göstərilməsi mədəniyyətin inkişafına mühüm təsir edər. Əgər sponsorluq olarsa, bu sahələr dünya səviyyəsində tanına bilər. Amma burada balans olmalıdır. Sponsorluq fəaliyyəti peşəkarların zəmanəti ilə həyata keçirilməli, müəyyən qaydalarla tənzimlənməlidir. Yəni hər kəs özbaşına sponsor tapıb yaradıcılığını işıqlandıra bilməz. Digər tərəfdən, əgər sponsorluq olarsa, adı çəkilən mədəniyyət və incəsənət növləri də inkişaf edər, dünya səviyyəsində daha çox tanınar. Yəni, bütün beynəlxalq aləmdə yalnız musiqimiz yox, incəsənətimizin digər sahələri də tanınmış olar. Burada balans yaratmaq sahəsində mən belə bir təklif edərdim: balans mütləq peşəkarların zəmanəti ilə olmalıdır. Bu sponsorluğun özündə də bir ölçü, meyar və müəyyən qaydalar olmalıdır. Xaos səviyyəsində, məsələn, kimsə getdi, sponsor tapdı və öz yaradıcılığını işıqlandırdı, bu düzgün deyil. Yəni burada mütləq, istər musiqi, istər rəssamlıq, istər heykəltaraşlıq, istər muzeyşünaslıq sahəsi olsun, peşəkarlardan ibarət bir qrup, komissiya və ya qurum yaradılmalıdır. Həmin qurum bu məsələləri nizamlamalıdır ki, sponsor hansı rəssamın əsərlərini dəstəkləməlidir.
Reklam çarxları digər sahələr üçün də hazırlanmalı, 3-5 dəqiqəlik təqdimatlar edilməlidir. Dünya təcrübəsində maraqlı nümunələr var - məşhur filmlər muzeylərdə çəkilir. Bu həm filmin, həm də muzeyin reklamıdır. İnsanlar həmin filmdə gördükləri muzeyləri ziyarət edirlər. Muzeylərin belə layihələrə cəlb olunması faydalı olar.
Burada bir məsələ də var ki, prodüserlərin həm böyük əmək var, həm yaxşı mənada əmək var, həm də bəzən işi geri çəkmələri olur. Birinci növbədə mən hesab edirəm ki, prodüser peşəkar olmalıdır. Prodüser sponsorla əlaqə yaradan əsas insandır. Və prodüser özü peşəkar sənəti bilən, savadlı insan olmalıdır ki, hansı mütəxəssisə sponsorluq etmək, hansı mütəxəssisə reklam etmək lazım olduğunu düzgün qərar verə bilsin.
Əyləncə layihələrindən söhbət gedirsə, əyləncə layihələrinin özünü də incəsənətin müxtəlif tərəflərinə şamil etmək olar. Məsələn, musiqi ilə əyləncə layihəsi qurulur, rəqslərlə əyləncə layihəsi qurulur. Rəssamlıq əsərləri ilə də müxtəlif əyləncə layihələri təşkil etmək olar, insanları kimin nə qədər bacarığı varsa rəssamlığa cəlb etmək mümkündür. Digər sahələrdə də, məsələn, öz telefonu ilə bir layihə işləmək olar, telefonla hər hansı bir qısa və ya kişi metrajlı film çəkib müsabiqə elan etmək mümkündür. Muzeylərin özlərində də əyləncəli quruluşlar təşkil etmək olar. Məsələn, dünya muzeylərində hər muzeydə, demək olar ki, hər ekspozisiya zalında uşaq şöbəsi var, uşaq otağı var; uşaqlar orada rəsm çəkir, muzeylə bağlı müxtəlif oyuncaqlarla oynayırlar. Bütün bunlardan istifadə etməklə musiqidən başqa digər sahələri də əyləncəli etmək və reklama cəlb etmək olar. Bu yolla iqtisadi və maliyyə çətinliklərini aradan qaldırmaq, sponsorların diqqətini bu sahələrə cəlb etmək mümkündür.
Sponsor resurslarının daha çox kommersiya və əyləncə layihələrinə yönəlməsi sənətin və mədəni irsin qorunmasında mənfi təsir göstərə bilər. Buna görə də mən təklif edirəm ki, mütləq mədəniyyət qanununa yenilik etməklə, digər qanunlara və qaydalara yeni maddələr əlavə etməklə həyata keçirilsin. Bu, birinci növbədə müəlliflik hüququnun qorunması, ikinci növbədə isə hər hansı bir qurumun, peşəkarlardan ibarət qurumun bunu nizamlaması ilə mümkündür. Mütləq nizamlanması, istər sponsorluq fəaliyyəti, istərsə də mədəniyyətin və incəsənətin bütün sahələrinə qoyulmuş maliyyə və resursların peşəkarlar qurumu vasitəsilə tənzimlənməsi vacibdir".
Nəticə etibarilə, sponsorluğun yalnız qısa müddətli kommersiya maraqlarına yönəlməsi mədəniyyətin dərin qatlarını kölgədə qoyur və incəsənətin əsl təsirini cəmiyyətə çatdırmaq imkanlarını azaldır. Əsl sənət görünməz olsa da, onun yaratdığı duyğular, təsirlər və estetik dəyərlər uzunmüddətli olur və gələcək nəsillərin dünyagörüşünü formalaşdırır.
Sənət yalnız parıltılı səhnələrin arxasında qalmayacaq, onun səsi və rəngi bütün cəmiyyət tərəfindən duyulacaq, milli mədəniyyətimiz həm bu gün, həm də gələcək nəsillər üçün canlı, zəngin və davamlı şəkildə qorunacaq.
Zeynəb Mustafazadə