“Gənclər ixtisas seçərkən bugünkü dəblərə deyil, sabahın tələblərinə baxmalıdır” – EKSPERT
20:13 SosialAvqust ayı ölkəmizdə hər il minlərlə gəncin həyatında ən həyəcanlı dönəmlərdən biridir. Söhbət təkcə yay tətilindən və ya istidən getmir, bu günlərdə minlərlə abituriyent üçün həyatın yeni səhifəsi açılır. Dövlət İmtahan Mərkəzinin elanına görə, artıq ali təhsil müəssisələrinə ixtisas seçimi mərhələsi start götürüb. İndi isə hər bir gənc qarşısında ciddi bir sualla üz-üzədir: Gələcəyini hansı yolla qurmaq istəyirsən?
Bu mərhələ bir imtahan nəticəsindən daha çox şey deməkdir. Burada söhbət gəncin gələcək peşəsindən, həyat tərzindən, bəzən hətta xarakterindən gedir. Doğru ixtisas seçimi - düzgün istiqamət deməkdir. Səhv seçim isə illərlə vaxt, enerji və motivasiya itkisinə səbəb ola bilər.
Niyə ixtisas seçimi bu qədər önəmlidir?
Bəzən gənclər düşünür ki, əsas məsələ universitetə daxil olmaqdır, sonra hər şey yoluna düşəcək. Amma təcrübə göstərir ki, ixtisas seçimi bir növ həyat layihəsinin eskizidir - səhv çəkilən xətt sonradan böyük dəyişikliklər tələb edə bilər. Bir vaxtlar sadəcə "prestijli" göründüyünə görə seçilən ixtisaslar illər sonra insanı peşəkar durğunluğa salır. Əksinə, maraq və bacarıq üzərində qurulan seçimlər isə həyat boyu motivasiya və uğur gətirir. Bir məqama da diqqət yetirməliyik: indi əmək bazarı 10-15 il əvvəlkindən tam fərqlidir. Bir çox ənənəvi peşələr artıq avtomatlaşdırılır, yeni texnologiyalar isə tamamilə fərqli sahələr yaradır. Bu səbəbdən ixtisas seçimi təkcə indiki maraqlara deyil, gələcək trendlərə də uyğun olmalıdır.
Mənim müşahidəmə görə, abituriyentlər ixtisas seçimində əsasən üç "məsləhət dairəsi"ndə fırlanır: valideynlər, müəllimlər və dostlar. Amma ən vacib məsləhətçi insanın özüdür.
Maraq və istedad - Hansı sahə sənə zövq verir? Hansı işlə məşğul olanda zamanın necə keçdiyini hiss etmirsən?
Əmək bazarının tələbləri - Bu sahənin gələcəyi varmı? Beş-on ildən sonra iş imkanları geniş olacaqmı?
Universitetin keyfiyyəti - Həmin ixtisas üzrə ən güclü tədris proqramı və professor heyəti haradadır?
Qlobal imkanlar - Bu peşə ilə ölkə xaricində də işləmək mümkündürmü?
Şəxsi xarakter və həyat tərzi - Məsələn, sosial insan üçün kommunikasiya tələb edən sahələr, analitik insan üçün isə araşdırma yönümlü peşələr daha uyğundur.
Valideynlər övladlarının uğurlu olmasını istəyir, amma bəzən bu istəyin forması gəncin arzularına uyğun olmur. Çox vaxt eşidirik: "Biz istəyirik ki, həkim olsun", "Mühəndis olmaq yaxşıdır, çörəyi var" və s. Halbuki, uğurlu karyera üçün əsas amil sevgi ilə görülən işdir. Ən yaxşı nəticələr maraq və peşə seçiminin üst-üstə düşdüyü məqamda ortaya çıxır. Bəzən gənclər deyir ki: "Atam istəyir ki, hüquqşünas olum, amma mən qrafik dizayn oxumaq istəyirəm. İndi çalışıram ki, ortaq bir yol tapaq."
Bu kimi hallarda açıq dialoq və qarşılıqlı hörmət əsasdır.
Bu il ixtisas seçimi tam elektron qaydada həyata keçirilir. Abituriyentlər DİM-in rəsmi saytında şəxsi kabinetlərinə daxil olaraq, ixtisas kodlarını qeyd edir və təsdiqləyirlər. Burada ən vacib nüanslardan biri seçim ardıcıllığıdır. Çünki siyahıya birinci yazdığınız ixtisas, ən çox istədiyiniz deməkdir və balınız çatarsa, dərhal həmin ixtisasa qəbul olunursunuz. DİM rəsmiləri dəfələrlə xəbərdarlıq edib: "Seçim etməzdən əvvəl qəbul planı, keçid balları və ixtisas proqramlarını diqqətlə öyrənin." Bu mərhələdə tələskənlik ciddi səhvlərə gətirib çıxara bilər.
Son illərin statistikasına əsasən, Azərbaycanda və dünyada bu sahələrə tələbat artır: İT və proqramlaşdırma, süni intellekt və məlumat analitikası, yaşıl enerji və ekotexnologiyalar, tibb və biotexnologiya, dizayn və yaradıcılıq sənayesi, beynəlxalq biznes və logistika.
Bu sahələr təkcə hazırda populyar deyil, həm də gələcək onilliklərdə möhkəm mövqeyə sahib olacaq.
"11-19 avqust tarixləri aralığında ölkəmizdə abituriyentlər üçün ali təhsil müəssisələrinin ixtisas seçimi mərhələsi keçiriləcək. Bu müddət ərzində həm 1-5-ci qruplar, həm də subbakalavrlar üzrə ixtisas seçimi aparılacaq. Bu, gənclərin gələcək həyat yollarına yön verəcək ən vacib mərhələlərdən biridir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında "ELM" ictimai birliyinin rəhbəri, elm və təhsil üzrə ekspert, fəlsəfə doktoru Səbuhi Abdullayev deyib. Ekspert bildirib ki, ixtisas seçimi zamanı yalnız bu günün populyar sahələrinə deyil, gələcəyin əmək bazarında rəqabətədavamlı və texnologiyaya dayanıqlı peşələrə yönəlmək vacibdir:
"İxtisas seçimində abituriyentlərimizin əsas diqqəti yalnız bu günün populyar ixtisaslarına və ya cəmiyyətin gündəlik təsirlərinə deyil, həm də gələcəkdə daha çox ehtiyac duyulacaq, əmək bazarında rəqabətədavamlı olacaq sahələrə yönəlməlidir. Seçim zamanı peşə yönümlü, turizm sektoruna aid, texnologiyanın təsirinə qarşı dayanıqlı ixtisaslara üstünlük vermək daha məqsədəuyğundur. Çünki bugünkü seçim sabahkı karyera imkanlarını müəyyən edir. Əmək bazarında artıq bəzi ixtisasların tələbatı azalır. Məsələn, tərcümə ixtisaslarının bir qismi bu gün süni intellekt və avtomatik tərcümə alətləri ilə əvəz olunur. Bu sahədə işləmək istəyənlər daha yüksək bilik və fərqləndirici bacarıqlara sahib olmalıdırlar ki, texnologiyadan geri qalmasınlar. Kitabxanaçılıq kimi sahələr də rəqəmsal alətlərin geniş yayılması səbəbindən əvvəlki əhəmiyyətini itirir. Bu isə həmin sahələrdə iş imkanlarının azalmasına və əməkhaqqı səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır".
Ekspertin sözlərinə görə, texnologiyanın əvəzləyə bilmədiyi turizm və xidmət sahələri gələcəkdə daha çox dəyər qazanacaq və peşəkar kadrlar üçün yüksək tələbat yaradacaq.
"Bəzi ixtisaslar var ki, texnologiya onların yerini tam əvəz edə bilmir. Xüsusən də turizm və xidmət sektoruna aid peşələr gələcəkdə daha da aktuallaşacaq. Məsələn, restoranlarda və otellərdə administrativ işləri idarə edən, müştərilərlə ünsiyyətdə yüksək mədəniyyət nümayiş etdirən, xarici dilləri mükəmməl bilən, sertifikatlı və peşəkar təlim keçmiş mütəxəssislərə böyük tələbat olacaq. Bu cür kadrların əməkhaqqı da, adətən, bazar ortalamasından daha yüksək olur. Turizm, mehmanxana işi, iaşə və digər xidmət sahələri, bir çox ənənəvi peşələrin süni intellekt tərəfindən qismən və ya tam əvəzlənməsi fonunda daha çox ön plana çıxacaq. Bu səbəbdən də ixtisas seçimi zamanı gənclər yalnız bu günün reallıqlarına deyil, həm də qarşıdakı 5-10 ilin perspektivinə nəzər salmalıdırlar".
Səbuhi Abdullayev qeyd edib ki, valideynlər də bu prosesdə övladlarına sadəcə şəxsi istəklərinə görə deyil, həm də əmək bazarının gələcək ehtiyaclarını nəzərə alaraq dəstək olmalıdırlar. Doğru seçim edən abituriyentlər gələcəkdə həm iş tapmaqda çətinlik çəkməyəcək, həm də peşəkar inkişaf üçün daha geniş imkanlara sahib olacaqlar.
Hər bir ixtisas seçimi bir ömürlük müqavilənin imzası kimidir. Bu, sənə həyat boyu istiqamət verəcək bir qərardır. Bəli, həyat dəyişir, yollar dəyişir, hətta peşələr də dəyişir. Amma indiki seçim, gələcəkdəki imkanların təməlini qoyur. Mənim tövsiyəm seçim edərkən səs-küyü bir kənara qoyun, özünüzü dinləyin. Gözünüzün parladığı sahəni seçin. Çünki həyatın ən böyük motivasiyası sevdiyin işi görməkdir.
Sevda Dəniz