Kabanovun hədəfi: Bakıya təzyiq, enerji marşrutlarına təhdid – ÖZƏL

Rusiya Milli Anti-Korrupsiya Komitəsinin sədri Kirill Kabanov Azərbaycana qarşı sərt çıxış edib. O, Ukraynada Azərbaycan şirkətlərinə məxsus neft obyektlərinə zərbələr endirilməsini təklif edib və Bakını Moskvaya dost münasibətdən uzaqlaşmaqda ittiham edib.

Mövzu ilə bağlı araşdırmaçı-yazar Əkbər Qoşalı Olaylar.az-a danışıb. O bildirib ki, Kabanovun çıxışı həm Bakı-Moskva münasibətlərinə psixoloji zərbə, həm də Azərbaycanın enerji marşrutlarına dolaylı təhdid siqnalıdır:

"Kabanovun açıqlaması - təsadüfi qəzəb sayılmaz və Kreml çevrələrində Azərbaycana qarşı "nizamlı əsəbləşmə" dilidir. Bu, bir söz oyunu da olmayıb, praktikaya çevrilə biləcək bir siqnal hesab oluna bilər. Bəlli Odessa zərbələri göstərdi ki, bu ritorika, necə deyərlər, hərbi gündəliyə çevrilməkdə çətinlik çəkmir.
Burada iki əsas hədəf vardır. Birincisi,
psixoloji təzyiq və reputasiya zərbəsi: Bakı-Moskva xəttində "güvən yarığı"nı dərinləşdirmək, Azərbaycan diasporunu əslsiz kriminal damğası ilə köşəyə sıxışdırmaq; İkincisi, enerji-marşrut ismarıcı: Ukrayna ərazisində SOCAR obyektlərinə hücum, Güney Qafqazdan Avropaya uzanan alternativ enerji xəttinə dolayı zərbədir".

Ə. Qoşalı qeyd edib ki, ancaq Bakı ismarıcını verdi: enerji işbirliyi davam edəcək, vurulan obyektlər tərəfdaşlığın sonu yox, idarə olunan riskidir. Bu, həm də Güney enerji dəhlizinin siyasi çəkisini artırır, Türkiyə-Azərbaycan strateji oxunu möhkəmləndirir, Batı platformları üçün Bakını "riskli, amma əlçəkilməz" tərəfdaş statusuna qaldırır.
Geosiyasi mənzərə demək olar, belədir: kim marşrutlara toxunursa, marşrutlar onu xəritədən silir. Kreml ritorikasının sərtləşməsi onun təsir sahəsini genişləndirmir, əksinə, məhdudlaşdırır. Azərbaycanın cavabı isə aydındır: yolumuz açıqdır, yönümüz bəllidir

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31