“Zəngəzur dəhlizi ilə bağlı sazişdə 4 ölkənin maraqları toqquşur” – ÖZƏL

"Amerikada imzalanan sazişlə artıq bir növ Zəngəzur dəhlizinin hansı koridor olduğu bəllidir. Ancaq həmin koridorun işlənməsi, yəni tam nəzarətinin 99 illiyinə Ermənistan tərəfindən Amerika şirkətinə təhvil verilməsi nəzərdə tutulur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanla bağlanan bu sazişin Azərbaycan tərəfinə birbaşa aidiyyəti yoxdur. Lakin buna baxmayaraq, geostrateji baxımdan Azərbaycanın da burada toxunacağı məqamlar var: "Təbii ki, Azərbaycan da digər yaxın qonşular kimi istəməz ki, regionda hansısa qərb gücü məsələn, NATO əsgərləri və ya müqavilə əsasında gətirilən hərbi qüvvələr gəlib özlərinə baza yaratsınlar. Bu məsələdə Rusiya və İranın, hətta Türkiyə tam açıq ifadə etməsə də, narahatlığı mövcuddur. Narahatlığın əsas səbəbi orada Amerika hərbi bazasının yaradılması ehtimalıdır. Rusiyanın narahatlığı xüsusilə böyükdür. Bilirik ki, Ermənistanda Gümrü hərbi bazası mövcuddur. Ermənistan indi bu bazanı çıxarmaq istəsə də, son zamanlar ora xeyli sayda silah və yeni hərbi qüvvə gətirilib. Digər tərəfdən, Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur. Eyni zamanda, Zəngəzur dəhlizi Çindən Avropaya, Avropadan Çinə qədər uzanan bir yoldur və burada Rusiyanı da nəzərə almaq lazımdır".

R. Məmmədova qeyd edib ki, hazırda Çin ABŞ ilə iqtisadi mübarizə aparır. Donald Trampın tətbiq etdiyi tariflər nəticəsində Çin iqtisadiyyatı ilə soyuq müharibə mərhələsinə keçid yaşandı. Çin bu məsələdə Amerikanın bölgədə olmasından narazıdır, lakin bunu açıq şəkildə ifadə etmir. Ümumiyyətlə, Çin heç vaxt açıq bəyanatlarla deyil, iqtisadi layihələr və sərmayə vasitəsilə mövqeyini göstərir. Bu məsələdə də eyni yanaşmanı seçib. Çin Zəngəzur dəhlizindən coğrafi olaraq uzaqda yerləşir, baxmayaraq ki, yol-logistika onun ölkəsinə qədər uzanır. Burada söz sahibi olan əsas yaxın qonşular Rusiya, Türkiyə və İrandır. Türkiyə məsələyə daha loyal yanaşır, çünki NATO üzvüdür və ikinci böyük NATO hərbi gücünə sahibdir. Rusiya öz mövqeyini Zaxarovanın çıxışları və Lavrovun Ermənistana səfəri ilə ifadə edib. İran hələ açıq danışmasa da, onun da Amerikanın bölgədə mövcudluğuna müsbət baxmadığı məlumdur.

Siyasi şərhçinin fikrincə, əgər orada Amerika şirkəti fəaliyyət göstərəcəksə, lakin həmin şirkətin hərbçiləri Amerika ordusu olmayacaqsa və orada hərbi baza yaradılmayacaqsa, bu daha müsbət olar. Hətta daha məqsədəuyğun variant Türkiyə ilə saziş imzalanması olardı ki, burada erməni və türk hərbçiləri birlikdə, müqavilə əsasında fəaliyyət göstərsinlər. Bu, regiona daha çox sabitlik gətirərdi.

Siyasi şərhçi əlavə edib ki, Çinin susqun qalması isə onun mövcud iqtisadi maraqlarını qorumaq istəyi ilə bağlıdır. Çinin İranda, Türkiyədə, Ermənistanda, Azərbaycanda və Rusiyada kifayət qədər sərmayəsi var və bunları qorumağa çalışır. ABŞ da bunu yaxşı bilir. Bütün bu məsələlərdə Çin açıq dialoqla deyil, iqtisadi addımları ilə mövqeyini göstərəcək. Növbəti mərhələdə isə Putinlə Trampın iki gün sonra keçiriləcək görüşündən sonra həm Zəngəzur dəhlizi, həm saziş, həm də digər regional məsələlərdə aydınlıq yaranacaq. Orada veriləcək qərarlar və aparılacaq sövdələşmələrdən sonra ölkələrin hansı addımlar atacağı bəlli olacaq.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31