Aİ: Ukraynada atəşkəs olsa, Rusiyaya sanksiyalar yumşaldıla bilər - ÖZƏL
18:33 DünyaOlaylar "Sky News" telekanalının mənbələrinə istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasını nəzərdən keçirir, lakin bu, yalnız Ukraynada atəşkəs əldə olunacağı halda mümkün olacaq. Bu mərhələyə qədər bütün məhdudiyyətlər qüvvədə qalacaq.
Mənbələr ümid etdiklərini bildiriblər ki, əvvəlcə 15 günlük ilkin atəşkəs rejimi yaradılacaq, ardından isə daha uzunmüddətli sülh sazişi əldə olunacaq. Onların sözlərinə görə, sanksiyaların qismən ləğvi yalnız ikinci mərhələdən etibarən mümkün olacaq, lakin atəşkəs şərtləri pozularsa, məhdudiyyətlər dərhal bərpa ediləcək.
Bununla paralel olaraq, Sky News İtaliya hökumətindəki mənbənin açıqlamasını da yayıb. O, Avropanın Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşə cəlb olunacağına ümid etdiyini bildirib. Mənbənin sözlərinə görə, bu istək 13 avqusta planlaşdırılan, Avropa liderlərinin Tramp ilə keçirəcəyi telefon danışığı zamanı səsləndiriləcək.
İbrahim Məmmədli