Ukraynanın atəşkəsi və işğalla barışma təhlükəsi: Tarixi və regional risklər – ÖZƏL

"Avropa diplomatik mənbələrinin sızdırdığı iddia - Ukraynanın döyüşləri dayandırması, amma Rusiya işğalı altında saxladığı Luqansk, Donetsk, Zaporojye, Xersonun bir hissəsi və Krımın "faktiki nəzarət" statusunda qalması - bir tərəfdən "barış" sözü ilə "bəzədilmiş", digər tərəfdən beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd bir masa planıdır".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, Ukrayna üçün bu, sadəcə atəşkəs deyil. Ukrayna üçün bu, tarix, yaddaş və suverenlikdən imtina anlamına gələ bilər. Belə bir qərar, bölgədə "kim güclüdürsə, xəritəni o çəkir" kimi yaramaz bir təcrübəsini qanuniləşdirmiş olar. Bu isə təkcə dost Ukraynanın deyil, bütün postsovet məkanının, o cümlədən Qafqazın təhlükəsizlik arxitekturasını zədələyərdi.

Ə. Qoşalı qeyd edib ki, Tramp-Putin görüşü ərəfəsində belə bir ssenarinin gündəmə gətirilməsi təsadüfi deyil. Burada üç hədəf görünür:
birincisi - Vaşinqtonun (başqa sözlə, Trampın) "barış gətirən lider" obrazını formalaşdırmaq;
ikincisi - Moskvanın "qazandığını qoruyan" statusunu rəsmiləşdirmək;
üçüncüsü - Avropanı yorğun müharibə gündəmindən çıxarıb yeni enerji və iqtisadi prioritetlərə yönəltmək. 

Bütün bunların fonunda bir sual açıq qalır: "barış" adı ilə ədalət xəritədən silinərsə, sabah kim təminat verəcək ki, eyni metod başqa sərhədlərə də tətbiq olunmayacaq?

Bu, sıradan bir sual sayılmaz və cavabı özündə olan vacib sualdır. Biz sualların çox, cavabların az və ya yetərsiz olduğu dönəmləri çox görmüşük. Və nəhayət, gərək Ukrayna heç vaxt işğalla barışmaya. "Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq" - Prezident İlham Əliyev bu sözləri 2017-ci ilin noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirmişdi. Bu il Xankəndidə keçirilən lll Qlobal Şuşa Forumunda ukraynalı ünlü jurnalist Dmitri Qordon Azərbaycan liderindən müharibə şəraitində Ukrayna xalqına nə məsləhət gördüyünü soruşunca, belə cavab aldı:  "Məsləhətim Ukrayna vətəndaşlarına - heç vaxt işğalla barışmayın! Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib"... 
Dostumuz, GUAM ortağımız Ukraynaya tarixi şans və uğurlar arzulayırıq! 

Slava Ukraini! 
Слава Україні!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31