Ukraynasız keçən görüşdə Trampla Putinin razılaşmaları Kiyev üçün əhəmiyyətsizdir- ÖZƏL
10:23 Siyasət"ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşünün əhəmiyyətli nəticə ehtimalı aşağıdır. Bu görüş Rusiyanın istəyilə deyil, əksinə məcburi xarakterlidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşıv deyib: "Əvvəla, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqların başlanılması üçün Rusiyaya verdiyi 10 günlük müddətin bitməsi Rusiyanı ABŞ-la formal da olsa danışıqlara vadar etdi. Trampın 10 gün ültümatum müddətində ABŞ-ın hara qədər gedəcəyini yoxlamaq məqsədi ilə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə təhdidi əks efektlə Trampın nüvə müharibəsinə hazır olduğunu və müvafiq əmr verməsi Putini Trampın şərtləri ilə görüşə məcbur etdi.
Əlbəttə ki, Putin Trampla Ukrayna ilə müharibənin real dayandırılması üçün yox, onu yumşaltmaq niyyəti ilə görüşür. Qaldı ki, görüşün mümkün nəticələrinə, heç şübhəsiz ki, Ukraynasız keçən görüşdə Trampla Putinin razılaşmaları rəsmi Kiyev üçün əhəmiyyətsizdir. Artıq Zelenski Ukraynasız bu görüşə mənfi münasibətini bildirib. Həmçinin Avropa İttifaqı da bu görüşlə bağlı faktiki Ukrayna ilə eyni mövqedən çıxış edir.
Bəllidir ki, Rusiyaya qarşı kütləvi sanksiyalar fonunda Rusiyanı Ukrayna ilə müharibədə ayaq üstündə saxlayan əsasən Çindir. Trampın Putinlə görüşündən müəyyən nəticə olarsa da belə, Rusiya qarşı Qərbin və ümumiyyətlə dünyanın münasibətinin dəyişməsi, sanksiyaların götürülməsi xeyli zaman tələb edir və bu vəziyyət Rusiyanı Çindən asılı saxlayır. Çin isə Rusiya - Ukrayna müharibəsinin davamında çox maraqlıdır. Putin isə Çinin "məsləhətlərini" nəzərə almaqdan başqa çıxışı yoxdur.
Düşünürəm ki, Putin Trampla görüşdə ABŞ-da əldə edilən Zəngəzur razılaşmasını (Tramp yolunu), Ermənistanı siyasi alver predmetinə çevirməyə çalışacaq. Hesab edirəm ki, Rusiya ABŞ - a Zəngəzura nəzarətə razılıq müqabilində Ukraynaya müdaxilə etməməyi təklif edəcək. Gümrüdə Rusiyanın 102-ci hərbi bazadan çıxacağına hazırlaşdığı barədə məlumatların yayılması məhz bu təklifə söykənə bilər. Ancaq, hər iki halda ABŞ Ukraynada mineral ehtiyatlarla, Ermənistanla isə Zəngəzura nəzarətlə bağlı 99 illik müqavilə ilə maraqlarını təmin edib".