Təhsildə kouçinq nə üçün lazımdır?

Müasir dövrdə təhsil sahəsi sürətlə inkişaf edir və artıq ənənəvi müəllim-şagird münasibəti dəyişir. Əgər müəllim məlumatın istiqamətini göstərir, necə öyrəniləcəyini izah edirsə, kouç isə qarşıya qoyulan məqsəddən çıxış edərək şəxsi potensialı ortaya çıxarmağa çağırır. İllərdir bizə ötürülən dəyərlər, müəllim sevgisi və müəllimlik peşəsinin şərəfi hələ də gələcək nəsillərə aşılanır. Hər bir peşənin, hər bir peşəkar mütəxəssisin ilk borclu olduğu yer müəllimlikdir.

Artıq süni intellekt həyatımızda yeni imkanlar açdığı bir mərhələyə gəlib. Təhsil alanlar yalnız passiv məlumat qəbuledicisi olmaqla kifayətlənmir, onlar akademik sahədə fəal iştirakçılar kimi qəbul edilir. Valideynlər övladlarının məktəbdə yalnız təlimatları izləmək və məlumat əldə etməklə kifayətlənməsini deyil, həm də öz inkişaflarında fəal iştirak etməsini, müstəqil öyrənməyə həvəsli olmasını istəyirlər.

Məşhur tədqiqatçı M.Dauni qeyd edirdi ki, insanlar gündəlik həyatlarında göstərdikləri qabiliyyətlərdən daha çox potensiala malikdirlər. Bunun əsasında deyə bilərik ki, kouç sizin malik olduğunuz potensialın inkişafını tətikləyən bir şəxsdir.

Təhsil kouçluğunun əhəmiyyəti

Kouç anlayışı artıq XXI əsrin tələbinə çevrilmiş peşələrdən biridir. İqtisadi baxımdan inkişaf etmiş ölkələrdə kouçinq geniş yayılıb və uğurlu nəticələr verdiyi statistik olaraq təsdiqlənmişdir. Ölkəmizdə təhsil sahəsində bu anlayışın tətbiqinə başlanılıb və müasir təhsil kouçu (EC) təhsil ictimaiyyətinə daha fəal, məsuliyyətli və maraqlı tədris mühiti yaratmağa imkan verir.

Təhsil kouçu müəllim, təhsil alan və valideyn arasında əlaqəni gücləndirərək, öyrənmə prosesini daha müstəqil və motivasiyaedici hala gətirir.

Təhsil kouçluğunun əsas prinsipləri aşağıdakılardır:

Şagirdin güclərini və istedadlarını müəyyən etmək

Özünü inkişaf etdirəcək istiqamətləri göstərmək

İnkişaf üçün psixoloji dəstəyi təmin etmək

Məqsəd və nəticələri müəyyənləşdirmək

Şagirdin özünü müdafiə etməsi və kömək istəməsini təşviq etmək

Şagirdlər üçün uyğun strategiyaları tapmaq və tətbiq etmək

Liderlik ruhunu aşılamaq

Məlumatı xoş və motivasiyaedici mühitdə təqdim etmək

Müstəqillik və əməkdaşlıq mədəniyyətini inkişaf etdirmək

Emosional cəhətdən optimal öyrənmə mühiti yaratmaq (empatiya, tərif, hörmət, sevinc və motivasiya)

Dövrün tələblərinə uyğun olaraq yaranan təhsil kouçu anlayışı müəllim, şagird və valideyn arasında effektiv əlaqə yaradır. Təhsil modeli kimi bu, pedaqoji paradiqma olaraq innovasiya yönümlü və şəxsiyyətyönümlü təhsil prosesini təmsil edir. Təhsil kouçları ilə işləyən şagirdlərin nəticələri daha uğurlu olur və bu, onların şəxsiyyətinin inkişafına, vətəndaşlıq bacarıqlarının formalaşmasına və potensiallarının reallaşmasına töhfə verir.

Leyla Quliyeva,
DİN-in Polis Akademiyasının "Dil hazırlığı" kafedrasının mülki müəllimi, beynəlxalq təhsil kouçu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31