Skott Ritter: Trampın hədələri Rusiyaya deyil, Zelenskiyə mesajdır - ÖZƏL
19:02 DünyaRusiya lideri hədələrin səslənəcəyi görüşə razı olmazdı - ABŞ Dəniz Piyadaları Korpusu kəşfiyyatının keçmiş analitiki
ABŞ Prezidenti Donald Tramp, əgər Ukraynada atəşkəsə razılıq verilməsə, Rusiya üçün nəticələri olacağını bəyan etsə də, əslində bu hədələri Vladimir Zelenskiyə ünvanlayıb.
Olaylar xəbər verir ki,bunu ABŞ Dəniz Piyadaları Korpusu kəşfiyyatının keçmiş analitiki və BMT-nin İraq üzrə xüsusi komissiyasında kütləvi qırğın silahlarına dair keçmiş inspektoru Skott Ritter bildirib.
"Əgər dünən Donald Trampın KİV-lə ünsiyyətini dinləmisinizsə, o, iki vacib cavab verdi. Birincisi - əgər [Rusiya Prezidenti Vladimir] Putin atəşkəsə razılaşmasa, ciddi nəticələr olacağı barədə hədə. Bu, sadəcə oyun, nümayiş xarakterli oyundur, - deyib. - Amma mən sizin prezidentinizə kifayət qədər hörmətlə yanaşıram ki, başa düşürəm: birincisi, o, hədələrə boyun əyməz. İkincisi, hədələrin səslənəcəyi görüşə razı olmaz".
Ritter qeyd edib ki, Donald Trampın bəyanatının vacib hissəsi - "əgər atəşkəsə razılıq verilməsə, ciddi nəticələr olacaq" fikridir. "O, bunu Vladimir Putinə ünvanladı, amma əslində bu, Vladimir Zelenskiyə müraciət idi, - deyə o davam edib. - Zelenski görüşdə iştirakdan imtina etdikdə və ya Donald Trampın artıq razılaşdığı Rusiya şərtlərinə razı olmadıqda, bu, Ukrayna üçün ciddi nəticələr doğuracaq. Mən məhz bunu Alyaskadakı görüşdən gözləyirəm. Hesab edirəm ki, ssenari artıq yazılıb".
Ritter diqqətə çatdırıb ki, 2024-cü ilin payızında ABŞ və Rusiya nüvə müharibəsinə çox yaxın idilər. "O zaman Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya ilə ABŞ arasında nüvə müharibəsi ehtimalını 50%-dən çox qiymətləndirmişdi. İndi isə iki prezident görüşüb danışır. Deməli, artıq başlanğıcdan vəziyyət 100% yaxşılaşıb.
Və yadda saxlamaq lazımdır ki, Donald Tramp seçkilərə Rusiyayla sülhü və nüvə münaqişəsinin qarşısını almağı hədəfləyən proqramla gedirdi", - deyə o bildirib.
Ritterin fikrincə, ABŞ prezidentinin niyyəti müsbət nəticə əldə etməkdir. "Düşünürəm ki, eyni sözü Rusiya prezidenti haqqında da demək olar. Belə səviyyəli liderlər təsadüfən görüşmürlər, - deyə o yekunlaşdırıb. - Onlar görüşürsə, artıq razılaşdırılmış gündəm var. Hesab edirəm ki, gündəm artıq müəyyən edilib".
İbrahim Məmmədli