“Yasda ehsan vermək bir növ sosial şantajdır” – Sosioloqdan AÇIQLAMA – ÖZƏL
24 İyul 16:52 SosialBəzi bölgələrdə yas mərasimlərində illərdir davam edən ehsan vermə adətindən tədricən imtina olunur.
"Yasda ehsan vermək ənənəsi, xüsusilə də maddi imkanı olmayan ailələrin borca girərək bunu etməsi, birmənalı olaraq sosial təzyiq nümunəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev deyib. Sosioloq bildirib ki, insanlar maddi imkanları olmasa belə, cəmiyyət içində hörmət və nüfuz qazanmaq üçün bu simvolik hərəkətə - yəni ehsana pul xərcləyirlər. Əks halda xəsis damğası ilə üzləşməkdən qorxurlar. Bu, bir növ sosial şantajdır - sən istəməsən də, "camaat nə deyər?" təzyiqi sənin yerinə qərar verir.
Sosioloqun sözlərinə görə, ehsanların ləğvi təşəbbüsü əslində sosial-iqtisadi fərqləri bir az da olsa görünməz etmək üçün işə yarayır: "Əvvəllər yas mərasimləri də sanki zəngin və kasıb arasında performans yarışması kimi idi - kimin daha çox yemək verdiyi, kimin daha "layiqli", "sanballı" yas "yola verdiyi" bu təmtəraqlı mərasimlərlə ölçülürdü. O baxımdan, bu tip ehsanların ləğvi faydalı ola bilər.
Məsələnin maraqlı tərəfi isə budur ki, bu ənənə əslində yardımlaşma mədəniyyətindən doğmuş bir ənənədir. Dinimizdə ölü yiyəsi nəyinki ehsan verməzdi, tam tərsinə, gələn qonaqlar, qohumlar özləri ilə yemək gətirərdilər. Ölü yiyəsinin çətin durumda olduğunu, emosional çöküntü yaşadığını nəzərə alaraq, hər kəs ona dəstək üçün qapısına gələrdi. Yəni yas yerinə gedən insanlar əslində ölü yiyəsinin yükünü bölüşmək üçün orada idilər. İndi isə bu ənənə öz təməlindəki mənanı itirərək "görüntü" yarışmasına çevrilib. Bu tez-tez rast gəlinən bir sosial fenomendir. Cəmiyyətin kollektiv rituallarının məzmunu zamanla dəyişir və sadəcə müəyyən forma və şəkil öz varlığını qoruyur. Məşhur sosioloq Emile Durkheim öz "ritual və kollektiv şüur" nəzəriyyəsində deyirdi ki, ritual və mərasimlər cəmiyyətin birliyini möhkəmləndirmək üçün yaranır, lakin zaman keçdikcə bu mərasimlər ilkin funksiyalarını itirərək formal və simvolik xarakter alırlar. Xüsusən, Durkheimin "Dini həyatın elementar formaları" əsərində açıq şəkildə izah olunur ki, ritualların mahiyyəti dəyişsə də, cəmiyyət onları sosial nizam və nüfuzun qorunması məqsədilə yaşatmağa davam edir. Yas ehsanlarının da öz ana funksiyasını tamamilə itirməsinə baxmayaraq, bu gün də tamam ayrı formada (məclis və mərasim formasında) öz varlığını davam etdirməsi bu nəzəriyyə ilə izah edilə bilər. Əgər ehsanların ləğvi, cəmiyyətin dəyər sistemində "hörmət" və "dəyər" anlayışları ilə maddi sərfiyyat, israfçılıq, göstəriş kimi davranışları bir-birindən ayıra bilərsə, bu, sosial bərabərsizliyin bir ən azından simvolik nümayişini qismən azalda bilər. Əks təqdirdə ehsan sadəcə başqa formalarda - məsələn, daha kiçik, amma yenə də nümayişkaranə addımlarla davam edəcək".
Səidə Ramazanova