Arzularınız çin olsun, Jalə xanım- Züleyxa NADİR YAZIR

Züleyxa NADİR

Dünyanın ən məşhur qadın liderlərindən biri  ötən əsrdə deyib ki, əgər hansısa sözün deyilməsini istəyirsinizsə kişilərə üz tutun. Yox, əgər iş görmək istəyirsinizsə qadınlara müraciət edin. Bu, fikri əsas tutaraq deyə bilərəm ki, qadın  doğrudan da istər fiziki, istərsə də zehni əməkdən yorulmur, usanmır. Çünki o, hər şedən əvvəl anadır,  sonra yaradıcıdır, ictimai xadimdir, sahibkardır, liderdir.

Bu parametrləri daşıyan qadınlardan biri ilə sizi tanış etmək istəyirəm: Jalə Əmirbəyova - Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası  (AMTA)  sədrinin mavini, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası (AQSİA) sədrinin müavini və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Qusar nümayəndəsidir.  O, Azərbaycanın öndə gedən qadın sahibkarlarındandır, aqrar sektorda çalışır. Qusar rayonunda  bir neçə yüz hektar torpaq sahəsində taxıl əkib, kartof  becərib, tərəvəzçiliklə də məşğul olub, fındıq bağları var. Hazırda sırf toxumçuluqla məşğul olur, buğda və kartof toxumu yetişdirir.

Onunla söhbət zamanı məlum oldu ki, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinin məzunudur. 20 il təhsil sahəsində çalışıb,  litseydə müəllimlik edib, məktəb direktoru olub. Bəs necə oldu ki,  şagirdlərə elm öyrədən, təhsil verən, şəxsiyyət formalaşdıran  bir öyrətmən pedoqoji  işdən ayrılaraq  kənd təsərrüfatına üz tutdu? Biznes ledi sualımı təbəssümlə cavablandırdı:

-Bu sektorda çalışmaq əlbəttə, böyük arzum olmayıb. Sadəcə illər öncə iş elə gətirdi ailəmiz rayondan torpaq sahəsi  almalı oldu, amma onu əkib-becərməyi kimsə bacarmadığı üçün bu işi mən öhdəmə götürdüm. Həyat yoldaşım və digər ailə üzvlərim etiraz etmədilər, əksinə dəstək oldular ki, bu da məni həvəsləndirdi,  böyük stiumul verdi. Məhz bu dəstək  sonrakı uğur yolumda hər zaman əlimdən tutdu. 15 ildən çoxdur ki, mehrimi torpağa salmışam, ona bağlanmışam. Torpaq elə bir bərəkətdir ki, onun qayğısına qalarsan, başına dolanarsan, nazını çəkərsən o da səni sevindirər, gözlədiyin neməti artıqlaması ilə verər. Atalar nahaqdan deməyib ki, topaq ovuclayan qızıl ovuclar.

Jalə xanımın sözlərinə qüvvət:  Dədə Qorqud deyib ki, torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib-becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da əkib-becərməyə dəyməz. Bu, gerçəkdən də belədir. Həyatda tanıdığım  və tanımadığım yüzlərlə, minlərlə insan var ki, torpaqdan ucalıb, kənd təsərrüfatında çəkdiyi zəhmət, torpağa tökdüyü alın təri, əlinin qabarı onu  hörmət-izzət sahibi edib, ömrünün uğur hekayəsinə şərəf tacı olub. Jalə xanımın da məktəbdən  başlayan uğur hekayəsi  onu aqrar sektorun sahibkarlıq dərəcəsinə  ucaltdı. Sahibkarlıqla məşğul olmaq o demək deyil ki, ev, ailə, məişət qayğıları unudulsun. Azərbaycan xanımları daha çox ailəyə - valideynlərinə, övladlarına bağlı olurlar .Təbii ki, paralel olaraq iş həyatını idarə etmək çətin olur,  fiziki və mənəvi güc tələb edir. Bu prosesdə qadınların daha diqqətli, daha məsuliyyətli olmaları köməklərinə gəlir.

-Bu işə başlayanda öncə çətinliklərim oldu,- deyə biznes ledi söhbətini davam etdirir. - İlk dəfə buğda əkdim, amma gözlənilən nəticə alınmadı. Hər hektardan 15 sentner buğda götürmək uğursuzluq idi. Halbuki beynəlxalq təcrübədə bu rəqəm 70-80-dir. Sonra kartof əkdim, arada tərəvəzçiliyə üz tutdum. Amma nə gizlədim, heç biri ürəyimcə olan nəticəni vermədi.  Bununla belə ruhdan düşmədim. Lazım olan bilgini bu sahəni ehtiva edən mənbələrdən öyrəndim, kitablar oxudum, kurslara getdim, treninqlərdə iştirak etdim. Mütəxəssilərlə görüşdüm, onların məsləhəti və təcrübəsi köməyimə gəldi. İqtisadiyyat və Kənd Təsərrüfatı Naziriyinin əməkdaşlarına müraciət etdim, gərəkli məsləhətləri aldım. Nəticədə hər iki nazirliyin sertifikatına yiyələndim. Anladım ki, yüksək məhsuldarlıq toxuma bağlıdır. Bu sahənin  peşəkarları bilirlər ki, toxumun keyfiyyəti  onun təsərrüfat yararlılığı ilə müəyyənləşir. Bundan başqa, becərilmə texnologiyası torpağın əsaslı və səpinqabağı becərilməsini, gübrələməni və aqrotexniki qulluq işlərinin yerinə yetirilməsini  özündə birləşdirir. Aqrotexniki qulluq, suvarma, alaq otları və bitki xəstəlikləri ilə mübarizə düzgün aparılmalıdır ki, məhsuldarlıq yüksək olsun. Və bütün bu sadaladıqlarımın nəticəsində  indi hər hektardan 50 sentnerdən çox məhsul götürürəm.

Jalə xanım ötən illərdə gördüyü işlərdən, qazandığı uğurlardan danışdıqca hiss edirdim ki, doğrudan da biznes ledi kimi formalaşmağın yolları zəhmətdən keçir. Sahibkar xanım bu günkü dərəcəyə çatmaq üçün  yorulsa da geri çəkilməyib, usanmayıb. Təsərrüfatına uşaqlarına yanaşdığı kimi qayğı ilə baxıb. Həm evini, həm təsərrüfatını paralel idarə edib. Evdə ana, həyat yoldaşı, nənə, qaynana olub. İşdə isə  rəhbər kimi hər kəsin  hörmətini qazanmağa,  zəhmətini düzgün dəyərləndirməyə, haqqını  doğru verməyə çalışıb. Yeri gələndə fəhləlik də edib.  Bunları bir-birindən ayırmaq çox çətindir, amma Jalə xanım həmin işləri məharətlə bacarır. Əldə olunan uğurun kökü də məhz bu məharətə, bu bacarığa bağlıdır.

-Əslində qadınlarda sahibkarlıq  duyğusu anadangəlmədir, bəlkə də bir instinqdir, -deyir Jalə xanım. - Çünki qadın evinə, uşaqlarına sahiblənməyi, ailə təsərrüfatını düzgün idarə etməyi kişidən yaxşı  bacarır. Evin xanımı "Əlinin papağını Vəlinin, Vəlinin papağını isə Əlinin başına qoyaraq" ailə büdcəsini qoruyub saxlamaq üstünlüyünə qadirdir. Ona görə də təsərrüfatı  idarə etmək, sahibkarlığın çətinliklərinə dözmək xanımlar üçün asandır. Çətinlikləri aşandan sonra uğura gedən yolda addımlamaq da rahat olur. 

Ən böyük uğurunun nə olduğunu soruşanda söylədi  ki, həyatının hər mərhələsində həmin dövrü xarakterizə edən uğuru olub. Gənc yaşlarında bu, təhsil almaq, peşə seçmək, sonra ailə qurmaq, müvəffəqiyyətləri ilə qürur duyacağı gözəl, ləyaqətli övladlar yetişdirmək  idi. Orta yaşlarında müəllimlik peşəsində qazandığı müəyyən uğurlar isə ötən illərə öz damğasını vurub. Qadın sahibkarı uğurlu edən əzmli, zəhmətkeş olması, əməyi düzgün dəyərləndirməsi, işini sevməsi və biznesin qaydalarına doğru əməl etməsidir:

- Bu, həm də kişilərə aiddir, - deyə biznes ledi davam edir. - Biznesdə kişi-qadın söhbəti olmamalıdır. Bütün bunlardan əlavə bu gün sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi mühüm uğurların əldə edilməsinə səbəb olub. Mən demək olar ki, dövlətin fermerlərə olan bütün dəstək mexanizmlərindən istifadə edərək, öz biznesimi sıfırdan qurmuş və indiki uğurlu vəziyyətə çatdırmışam.

Məlumdur ki, Azərbaycan əhalisinin yarısı  regionlarda yaşayır. Kənd adamının çalışması üçün yaradılan kəndli fermer təsərrüfatları məşğulluğun təmin olunmasında böyük rol oynayır. Bu mənada aqrar sektoru təmsil edən sahibkarların üzərinə böyük iş düşür. Onlar nəinki torpağın dilini bilməli, insanlarla  da ünsiyyət qurmağı bacarmalıdırlar. Jalə xanım bu işin ustasıdır, balacadan tutmuş böyüyə kimi hər kəslə səmimi davranır, zəhmətlərini yüksək dəyərləndirir.  Təsərrüfatında çalışanlar onu çox sevirlər, gördükiləri işin məsuiyyətini yaxşı bilirlər. Əmirbəyovanın qazandığı  uğurun kökündə  dayanan amillərdən biri də budur - insan amili, işçi sevgisi.

Jalə xanımla söhbət etmək, sahibkarlıqla bağlı maraqlı fikirlərini dinləmək çox gözəldir. Bir iş xanımı olsa da təbii ki, onun da şəxsi qayğıları, bəzi çətinlikləri var. Amma  o bu cür problermlərin öhdəsindən təkbaşına gələ bilir. Həmin çətinliklərdən söz açmaq istəmir, işindən isə danışmağa daha çox üstünlük verir. Məhsullarını ixrac etmək ən böyük arzusudur. Düşünür ki, Azərbaycan buğdası və kartofu xarici bazarlarda yüksək qiymətə satıla bilər. İkinci bir arzusu da  odur ki, "Made in Azerbaijan" brendi altında orqanik ferma yaratsın.

Arzularınız çin olsun, Jalə xanım!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31