“Putin yolu”nun açılması bölgədə nəyi dəyişəcək? - ÖZƏL
15:00 Siyasət"Rusiya-Abxaziya-Gürcüstan-Ermənistan istiqamətindəki, hazırda "Putin yolu" kimi adlandırılan marşrutun açılması məsələsi əslində uzun müddətdir gündəmdədir. Bu, Rusiyanın həyata keçirməyə çalışdığı və ciddi maraq göstərdiyi layihələrdən biridir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Uzun illər ərzində Gürcüstan-Rusiya münasibətlərinin soyuq olması və iki ölkə arasında mövcud olan qarşıdurma bu yolun fəaliyyətini faktiki olaraq dayandırmışdı. Əvvəllər mövcud olan marşrut Gürcüstan ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğalından sonra fəaliyyətini dayandırıb. Lakin son illərdə müəyyən dəyişikliklər baş verib. Xüsusilə Gürcüstan-Rusiya münasibətləri siyasi dialoq və diplomatik münasibətlər səviyyəsində olmasa da, əvvəlki kəskin qarşıdurma həddində deyil.
Gürcüstan hakimiyyəti də Rusiya ilə münasibətlərin müəyyən qədər yaxşılaşdırılmasına və normallaşdırılmasına meyillidir. Son dövrlərdə Gürcüstanın Avropa və ABŞ-la münasibətlərində yaranan problemlər və Qərblə əlaqələrdə müəyyən məhdudiyyətlərin meydana çıxması Tbilisinin Moskvaya daha çox yaxınlaşmasına şərait yaradır. Gürcüstan bu şəraitdə müəyyən mənada balanslı və neytral siyasət yürütməklə Rusiya ilə münasibətlərini tənzimləməyə və itirilmiş ərazilərlə bağlı məsələdə öz maraqlarını təmin etməyə çalışır.
Belə bir şəraitdə Gürcüstanın həmin yolun açılmasında maraqlı olması başadüşüləndir. Çünki marşrutun fəaliyyətə başlaması Rusiya ilə münasibətlərin müəyyən qədər yumşalmasına gətirib çıxara bilər.
Ermənistanın bu məsələdə marağı da aydındır. 2008-ci ildən bağlı olan bu yol Ermənistan üçün ciddi nəqliyyat və logistika məhdudiyyətləri yaradıb. Ermənistan uzun müddətdir müəyyən alternativ marşrutlardan asılı vəziyyətdədir. Buna görə də bu yolun açılması İrəvan üçün əlavə nəqliyyat və ticarət imkanları yarada bilər.
Bu məsələnin hazırkı şəraitdə yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Bunun əsas səbəblərindən biri həmin marşrutun reallaşdırılması imkanlarının əvvəlki dövrlə müqayisədə müəyyən qədər artmasıdır. Həm Gürcüstan, həm də Ermənistan yolun açılmasında maraqlıdır.
Marşrutun fəaliyyətə başlaması bölgədə müəyyən geosiyasi dəyişikliklərə səbəb ola bilər. İlk növbədə, bu, Gürcüstan-Rusiya münasibətlərinin müəyyən qədər istiləşməsinə gətirib çıxara bilər. Digər tərəfdən, Rusiyanın Cənubi Qafqazda zəifləmiş mövqelərinin müəyyən qədər güclənməsi və Ermənistan üzərində iqtisadi-siyasi təsir imkanlarının artması ehtimalı gündəmə gələ bilər.
Bununla yanaşı, həmin yolun açılması Rusiya ilə Ermənistan arasındakı ticarət marşrutlarına da təsir göstərə bilər. Yolun bağlı olması səbəbindən son dövrlərdə Rusiyadan Ermənistana göndərilən taxıl və digər məhsulların bir hissəsi Azərbaycan ərazisindən keçməklə daşınırdı. Marşrutun açılması isə bu baxımdan Azərbaycan üzərindən həyata keçirilən Rusiya-Ermənistan tranzitinin müəyyən hissəsinin alternativ istiqamətə yönəlməsinə səbəb ola bilər.
Ümumilikdə isə regionda mövcud kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin genişlənməsi bölgə ölkələri arasında iqtisadi əlaqələrin inkişafına və ticarət dövriyyəsinin artmasına şərait yarada bilər."
İbrahim Məmmədli